|
|
|
|
Ölkədə tütün məmulatlarının qiyməti artıb.
Milli.Az əməkdaşının Bakıda bir neçə mağazada apardığı araşdırmalar zamanı məlum olub ki, ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiyməti 10 qəpik qalxıb. Mağazalar bunu siqaretlərə aksiz vergisindəki artımla izah etdilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıyıq. Birlik sədrinin sözlərinə görə, siqaret çəkmək məişət narkomaniyasıdır: “Azərbaycanda il ərzində 10 milyard ədəd siqaret istehlak olunur. Bu sahədə həmişə mübarizə aparmışıq. Biz 7 tütün fabrikinin bağlanmasına nail olmuşuq”.
E.Hüseynov qeyd etdi ki, siqaretin qiymətinin artması tütündən istifadə edənlərin sayının minimuma endirilməsinə gətirib çıxarsa, yaxşı haldır. Əksinə, istifadəçilər azalmayıb, istehlakçıların cibinə ziyan vuracaqsa, pisdir.
Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu məsələyə araşdırıldıqdan sonra münasibət bildiriləcək.