|
|
|
|
GÖZDƏN UZAQ
Hisslərim qəlbimlə qucaq-qucağa,
Ağlım istəmirəm, düşünə nəsə.
Qaçıb ümidlərlə gözdən uzağa
Qalmaq istəyirəm nəfəs-nəfəsə.
Nə bir deyiləsi söz ola, deyəm,
Nə də bir sirr ola, susdura məni.
İndi susuramsa, ...
Yol üstündəyəm,
Qorxuram, danışam, dil yora məni.
Gərçi danışdım nə, danışmadım nə,
Guya ki səsimi eşidən var da...
Onsuz bu gedişin özü bəhanə,
Mənə “get” deyəcək kimsə yox burda.
Tozunu udmaqdan divarın, daşın
İçim daşa dönüb, kövrəlməyəcəm.
Yollar!
Barı mənlə siz vidalaşın,
Madam istəmirsiz, ta gəlməyəcəm.
İTTİHAM
Əzab çəkirsənmi, nəyin uğruna?!
Vursana başını sən daşa indi.
Sevgini yem etdin öz qüruruna,
Qaldın qürurunla baş-başa indi?!
Gör bir inad səni nə hala saldı,
On addım öndəykən yüz dala saldı.
Üstünə elə bir dərd-bəla saldı,
Məhkumsan bir acı göz yaşa indi.
Sən səni sevənin qanını içdin,
Sən səni sevəni tapdadın, keçdin.
Bir, sevgin qalmışdı, itirməmişdin,
Onu da itirdin, get yaşa indi.
ƏYAN
Onun göz yaşıdı gözlərimdəki,
Bir kərə gözümdən silsin, bəsimdi.
O, məni sevmirsə, sevməsin, təki
Mənim sevdiyimi bilsin, bəsimdi.
Onu görmədiyim gün haram mənə,
Onun olmadığı yerdə yerim yox.
Bəlkə də, o, mənsiz yaşayar, yenə,
Mən onsuz bir an da, ...
Yox bir an da çox.
Onun nəfəsidi aldığım nəfəs,
Onun gözlərində dolanır gözüm.
Onu sevməyimə ömrüm yetməz,
O, mənim
özümdü,
özümdü,
özüm...
VİDA
Ölüm yarsa sevməyə,
qoy sevdam olsun ölmək.
Səni səndə buraxıram.
Əgər ki ölümümdə
məni ağlarsansa sən,
mən silə bilmədikcə
o ahlı göz yaşını
özün siləsən deyə,
Səni səndə buraxıram.
Sevdanı cəsədimlə
gömdüyün yerə qoyub
mənsiz gedəsən deyə,
Səni səndə buraxıram.