Yanvarın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Dastan gecəsi” adlı sazlı-sözlü tədbir keçirilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu deyib ki, əvvəlcə təzəlikcə dünyasını dəyişmiş dəyərli saz-söz adamları şair Alqayıt və gənc aşıq İslam Rzaoğlunun xatirələri bir dəqiqəlik sükutla yad edilib Sonra giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Xalq şairi Zəlimxan Yaqub tədbirin keçirilməsində məqsədin dastanlarımıza yeni həyat vermək, aşıqlarımızın dastan ifaçılığını inkişaf etdirmək olduğunu vurğulayıb. Gecədə çıxış edən aşıqlardan Bəhmən Göyçəli, Dəmir Gədəbəyli, Gülarə Azaflı, Hakim Azaflı, Qələndər Zeynalov, Əməkdar Mədəniyyət işçisi Sərdar Məmmədov, Rakif Tatlı, Günel Tovuzlu, Rəfiqə Göyçəli, Firudin Göyçəli, Nazim Şınıxlı, Roman Azaflı, Nəbi Şınıxlı və digərlərinin ifasında “Alı və Bəsti xanım”, Səlim şah”, “Aşıq Ələsgər və Həcər xanım” və digər dastanlardan parçalar söyləyiblər. Tamaşaçıların gurultulu alqışları ilə keçən gecədə aşıqları balabançı Elxan Məmmədli müşayiət edib.
M.Nəbioğlu onu da bildirib ki, bundan sonra dastan gecələri müntəzəm olaraq keçiriləcək.
Günel MUSA