Almaniya Bundestaqının deputatı, Almaniyanın sabiq Federal İqtisadiyyat naziri Mixael Qlosun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı aeroportu məsələsinə dair bəyanat verib.
525.az-ın məlumatına görə, Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından millət vəkili, Beynəlxalq Münasibətlər komitəsinin üzvü, Almaniyanın sabiq Federal İqtisadiyyat naziri Mixael Qlosun Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib ki, BMT Təhlükəsizlik Şurası dörd qətnaməsi ilə Ermənistan qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətrafyanı rayonun Azərbaycan Respublikasına məxsus olduğunu bildirir. Almaniya Federativ Respublikası bu qəti mövqeni dəstəkləyir.
Ərazi bütövlüyü prinsipi şübhə altına qoyulmamalıdır. Əks halda, qaçqınlar qayıdışlarına ümidlərini itirəcəklər. Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş ərazilər o insanların vətənidir. Qüvvələr bu ərazilərdən çıxmalıdırlar.
Azərbaycanın regional əhəmiyyəti Avropa Birliyi səviyyəsində, xüsusilə qeyd olunur. 2010-cu ildən başlayaraq Avropa Birliyi bu dövlət ilə assosiasiya sazişi üzrə danışıqlar aparır. Bundan əlavə, bu region Avropa və Almaniyanın enerji təhlükəsizliyi baxımından xüsusilə vacibdir. İşğal olunmuş rayonlarla bağlı bu münaqişənin sülh yolu ilə həlli daha böyük sabitlik və təhlükəsizliyə hərtərəfli dəstək olacaqdır.
Sülh prosesi çətinliklə irəliləyir ona görə ki, münaqişə tərəfləri arasında qarşılıqlı etibar sarsıdılmışdır. Hal-hazırda yeni gərginlik Xocalı aeroportunun planlaşdırılmış açılışına görə yaranmışdır. Məqsəd, həll yolunun tapılmasındansa münaqişəni alovlandıran Ermənistanın Dağlıq Qarabağ iddialarını möhkəmləndirməkdir.