“Daş yuxular” romanına görə kütləvi qınaqla üzləşən yazıçı Əkrəm Əylislinin oğlunun işdən çıxarılmasından sonra onun həyat yoldaşı Qalina Aleksandrovna da işdən azad olunub.
Bu barədə Modern.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayev deyib. O, bildirib ki, yazıçının həyat yoldaşı ötən gün axşam öz ərizəsi ilə işdən azad olunub:
“Dünən axşam Əkrəm Əylislinin xanımı, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialında direktor işləyən Qalina Aleksandrovna öz ərizəsini yazaraq öz xahişi ilə işdən azad olunub. O, öz ərizəsini təqdim etdi. Biz də onu işdən azad etdik. Hələ ki, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialında direktor vəzifəsinə heç kim təyin olunmayıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Əylislinin oğlu da işdən azad olunmuşdu. Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsi, Aksiz şöbəsinin rəisi vəzifəsində çalışan gömrük polkovnik-leytenantı Nəcəf Əylisli də öz ərizəsi ilə işdən azad olunmuşdu.