Hörmətli İntiqam müəllim!
İlk Xalq şairimiz Səməd Vurğunun 110 illiyi münasibəti ilə yeni forma tapıb görkəmli şairimiz Ramiz Rövşənə ünvanladığınız yeddi sualınıza şairin yeddi cavabını abunəçisi olduğum “Azərbaycan” jurnalının son sayında (N 3, 2016) oxudum.
Yazınızın yığcamlığı, xüsusən də sual və cavablar məni çox-çox qane etdi. Bu yazıda da poeziyasına və şəxsiyyətinə hörmət etdiyim, heç vaxt ağa qara deməyən, həyat həqiqətini poeziyasında da, yaşamında da saxlayan, həmişə səmimi olan Ramiz Rövşənin bu dəfəki səmimiyyəti də məni həddən artıq sevindirdi. Gün kimi aydın həqiqətdir ki, ölümündən 60 il keçməsinə baxmayaraq ədəbi-ictimaiyyəti ən çox məşğul edən, şair Hüseyn Kürdoğlunun Səməd Vurğunun 90 illiyinə həsr etdiyi misralarla:
Zaman səni bulandıra bilmədi,
Büllur qaya bulağısan yenə sən.
Boz təpələr vüqarına ah çəkir,
Şeirimizin Şahdağısan yenə sən
- deyə vəsf etdiyi, xalqın iftixarı olan şairin şöhrətinə həsəd aparan “boz təpələr” çox təəssüf ki, indi də vardır. Təəccüblü cəhət odur ki, onların bəzisinin poeziya haqqında anlayışı belə yoxdur, bir misra da şeir yazmayıblar. Məhz buna görə də Ramiz Rövşən və başqa nüfuzlu söz sahiblərinin, yaradıcılığı ilə poeziyamızın inkişafına təkan verən ustadların Səməd Vurğunla bağlı yazılarına ehtiyac duyulur. Ulu öndərimiz Heydər Əliyev XX əsrin böyük şairləri Süleyman Rüstəm, Səməd Vurğun və Rəsul Rzanın yaradıcılığında müəyyən nüanslar axtarıb, onları tənqid etməyə çalışanlara cavab olaraq göstərirdi ki, bu ən azı mənəviyyatsızlıqdır.
Başqalarının dəyirmanına su tökən, “sapı özümüzdən olan baltalar” - bədxahlar indinin özündə belə bəd əməllərindən əl çəkmirlər. Belə bədxahların arzusuna xilaf çıxaraq həqiqəti gənc nəslə çatdırmaq vacibdir.
“Niyə Müşfiq, Cavid, Əhməd Cavad öldürüldü, Səməd Vurğun sağ qaldı”, - deyənlərə cavab olaraq bu yanaşmanın çox səhv, ədalətsiz yanaşma olduğunu Ramiz Rövşən tutarlı dəlil-sübutlarla bəyan edir.
Səməd Vurğun A.Səhhət, M.Hadi, H.Cavid, C.Cabbarlı kimi romantik Azərbaycan şairlərini dərindən oxuyub dəyərləndirirdi. Qanlı-qadalı günlərdə H.Cavidə “Günlər ötüşsün” adlı bir qoşma da həsr etmişdi.
Həmin şeirdə şair “Gəlin çıxaq seyrə, günlər ötüşsün” deyərək pis günlərin tez keçib getməsini arzulayır.
Bu da Cavid-Səməd münasibətlərinə ayrı bir məcradan yanaşmaq istəyənlərə cavab.
Bəziləri Səməd Vurğunu folklordan, aşıq yaradıcılığından bəhrələndiyinə, sadə dildə yazdığına görə qınayırdılar, elə indi də belələrinə rast gəlmək olur. Ramiz Rövşən bu məsələyə də aydınlıq gətirir: “Səməd Vurğun danışdığı kimi də yazırdı. Təəssüf ki, ona qədər də, ondan sonra da, lap elə bu gün də bir çox şairlərimizin, hətta istedadlılarının da bədbəxtliyi danışdığı kimi yazmamaqlarındandır”.
Onu da deyək ki, XX əsr Azərbaycan dilinin hansı poetik səviyyədə poetik gücə malik olduğunu S.Vurğun poeziyası qədər dəqiq ifadə edən örnəklər çox deyildir. Elə götürək “Azərbaycan” şeirini. Dahiyanə sadəliklə yazılmış bu şeirin cazibə və təsir gücünü hesablayacaq bir cihaz yoxdur. Dövlət himnimizin sözləri ürəkləri fəth edən, dillər əzbəri olan bu şeir olmalı idi.
Vətəni canından daha çox sevən, bədxahların arzusuna xilaf çıxaraq, ilahidən gələn, bitib-tükənməyən enerjisini Azərbaycan xalqının işıqlı gələcəyinə həsr edən Ulu öndərimiz Heydər Əliyev “Azərbaycan” şeirini əzbər deyəndə necə kövrəldiyinin şahidi olmuşuq.
Yeri gəlmişkən şair bu şeirini qanlı-qadalı 1935-ci ildə yazıb. Əhməd Cavadı “Göygöl” şeirinə görə gedər-gəlməzə göndərdikləri kimi, Səməd Vurğunu da göndərə bilərdilər. Mənə belə gəlir ki, Səməd Vurğunu Ramiz Rövşənin sadaladıqları inandırıcı faktlarla bərabər, bu şeirdə yer alan iki misra da xilas edib. Heç şübhəsiz şair bu misraları düşünərək yazmışdı:
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar.
Ramiz Rövşən şairin məşhurluğundan danışarkən bunu haqlı olaraq onun istedadında və şeirlərinin keyfiyyətində görür. 1937-ci ildə yazılmış “Vaqif” dramından “Şair, hökmdarın hüzurundasan” misralarını və “Şair, nə tez qocaldın sən” şeirlərini misal gətirir.
İntiqam müəllim, sualınıza cavab olaraq sevimli şairimiz Ramiz Rövşən Səməd Vurğunun ilk dövr yaradıcılığından söz açır, şairin özünün 1931-ci ildə yazdığı “Ölən şeirlərim” şeirindən çıxış edərək, onları ölən şeirlər adlandırır. Maraqlıdır ki, həmin şeirlər yalnız şairin ölümündən bir il sonra, 1957-ci ildə “Çiçək” adlandırılan kitabında işıq üzü görmüşdü.
Ramiz Rövşən sizin maraqlı bir sualınıza da köklü-köməcli cavab vermişdir: “Bir ocaq Azərbaycana üç xalq yazıçısı verib: iki xalq şairi və bir xalq yazıçısı. Lakin bir-birindən fərqli üç sənətkar, üç şəxsiyyət. Bu məşhur üçlüyün ən maraqlı cəhəti elə bir-biri ilə fərqliliyindədir. Arabir mətbuatda qəribə fikirlərə rast gəlirəm. Guya Səməd Vurğun gənc şairlərin inkişafına mane olur, onları təsir altında saxlayırmış.
Azərbaycan poeziyasında Səməd Vurğunla Vaqif Səmədoğlu qədər fərqlənən ikinci bir şair yoxdur. Bir şair kimi öz doğma balasına mane olmayan Səməd Vurğun başqalarına necə mane ola bilərdi?!”
Hədəfə düz dəyən cavabdır.
Sual verirsiniz ki, Səməd Vurğun daha 20 il artıq yaşasaydı, şeirlərinin çox fərqli imkanları üzə çıxa bilərdimi?!
Şair Ramiz Rövşən bu suala cavab verməkdə çətinlik çəkir: “Əgər yaşasaydı, bu onun xoşbəxtliyi olardımı, yoxsa bədbəxtliyi? Bilmirəm” - deyir.
İntiqam müəllim şair yaradıcılığının son illərində Ramiz Rövşənin xüsusi qeyd etdiyi “Şair, nə tez qocaldın sən” şeiri ilə bərabər, “Mən tələsmirəm”, “Komsomol poeması”ndan “Dünya”, “Tək məzar”, “Ölüm sevinməsin qoy” kimi yalnız ona xas, həyat və sənət eşqinin fəlsəfi-poetik ifadəsi olan şeirlər yazmışdı.
Bu şeirlər çox mətləblərdən xəbər verir:
Ölüm sevinməsin qoy,
ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Dahi Üzeyir bəyi son mənzilə yola salarkən oxuduğu bu misraları tərəddüd etmədən şairin özünə də aid etmək olar.
Səməd Vurğun da Üzeyir bəy kimi sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu.
İntiqam müəllim, XX əsr poeziyamızın Şahdağı, “şeir bağçamızın bağbanı” haqqında çox yığcam şəkildə oxuculara təqdim etdiyimiz yazıya görə vurğunsevərlər adından görkəmli şair Ramiz Rövşənə və ədəbiyyatımıza uzun illərdən bəri təmənnasız xidmət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.