|
|
|
|
Süleyman Məmmədov
Əfətlidəki Həsənxanlı kənd orta məktəbinin veteran müəllimi
O zaman-hələ iyirmi il bundan əvvəl isti bir iyul günündə Ermənistanın Ağdama hücumu zamanı ölkənin yiyəsizliyindən doğan bir həyəcan və qorxu içərisində rayonun işğal edilən kəndlərinin əhalisi hərə bir tərəfə üz tutdu. Çoxları Bakıya, Ağdamdan uzaq, ucqar yerlərə getdilər. Mən də uşaqlarımı başıma toplayıb yaşadığımız doğma Novruzlu kəndindən bir az aralıda yerləşən Əfətli kəndinə üz tutdum. Əslində Əfətli kəndi də amansız düşmənin sovet ordusundan aldığı top mərmilərinin altında idi. Amma kəndin mərd, qorxmaz camaatı top mərmilərinin altında belə kəndi tərk etmədi. Əksinə, yağı düşmənin bir az əvvəl viran qoyduğu Laçının, Şuşanın, Kəlbəcərin... köçkünləri də bu kəndə pənah gətirmişdi. O vaxtdan iyirmi il ötür. İllər ötdükcə Əfətli camaatı, kəndin ağsaqqalları, sayıb-seçilən adamları- Nəcəf Əbdürrəhmanov, Əfqan Cəfərov və başqaları bura pənah gətirənlərə təsəlli oldular, onları öz doğmalarından, qohum-əqrəbalarından ayırmadılar. İndi çox böyük sahəsi və çox böyük əhalisi olan Əfətli kəndi son vaxtlar Ağdamın sürətlə inkişaf edən yaşayış, təsərrüfat sahələrindən biridir.
Əlbəttə, müasir inkişaf heç də rəhbərsiz, başçısız baş vermir. Sürətlə inkişaf etmək üçün insanlar var gücü ilə işləməlidir. Bu qüvvəyə isə mütləq işbilən, özünün ideyaları olan və ideyaları gerçəkləşdirmək üçün içində Vətən, Azərbaycan sevgisi olan bir başçı gərəkdir. Azərbaycanın müasir sivil dünyaya qovuşmasında gecəsini-gündüzünü əsirgəməyən bir prezidenti var. Prezident İlham Əliyev “Regionların Sosial-iqtisadi İnkişaf Proqramı”nı bir dövlət başçısı kimi imzalayanda bu inkişafın perspektivlərini gün kimi aydın görürdü. Amma bu tip çoxsaylı dövlət proqramlarını, bu sahədə prezidentin ideyalarını gerçəkləşdirmək üçün yerlərə təyin olunan rəhbər kadrlardan da çox şey asılıdır. Ağdam rayon icra başçısı Nizami Sadıqov, sözün müstəqim mənasında, rayonda respublika prezidentinin tapşırıqlarına məsuliyyət daşıyan yaradıcı bir icra nümayəndəsi kimi qəbul olunur. Ağdam camaatı Prezidentin bu kadrını ideyalar daşıyıcısı kimi tanıyır. Başçı, hər şeydən əvvəl, rayonda insan amilini, əhalinin sosial qayğılarını diqqətdə saxlayır. Belə bir çətin vəzifəni uğurla yerinə yetirmək üçün rayon icra başçısının da etibar etdiyi köməkçi kadrları olmalıdır. Başçının bu sahədə seçimi çox uğurlu nəticələr verir. Bunu yenə də onun bizim Əfətli kəndinə təyin etdiyi icra nümayəndəsinin timsalında görə bilərik. Rayon İcra Hakimiyyətinin Əfətli kəndi üzrə nümayəndəsi Elmir Əliyev cavandır, enerjilidir, öz işində çevik və fəaldır. Onu günün bütün saatlarında kənddə, camaatın içində-onların sosial qayğıları ilə yaşayan bir kadr kimi görürük. Elmir Əliyev özü Əfətli sakinidir və kəndin sosial qayğılarını yaxşı bildiyinə görə icra hakimiyyəti onun təkliflərini daim nəzərə alır.
Belə bir məsələni xüsusi vurğulamaq yerinə düşər ki, Ağdam cəbhə bölgəsidir və digər rayonlardan fərqli olaraq buraya xüsusi həssaslıqla yanaşmaq tələb olunur. Mən bir müəllim və rayonun problemlərinə bələd olan bir ziyalı kimi deyərdim ki, rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov bu həssas yanaşma tələbini bütün fəaliyyəti ilə camaata hiss etdirir. Fəallar yığıncaqlarında, rayonun sosial-iqtisadi inkişafına məsuliyyət daşıyan məmurlarla söhbətində cəbhə xəttində yerləşən kəndlərin sosial qayğılarını həmişə xüsusi diqqətdə saxlamağı tapşırır. Bunu təkcə mənim məskunlaşdığım Əfətli kəndinin timsalında söyləyə bilərəm. Nizami Sadıqovun xatirində, işgüzarlığında camaata isti münasibət hər şeydən öndədir. Onun hər dəfə Əfətli kəndinə gəlişi mütləq əvvəlcə qaçqın və köçkünlərlə görüşdən başlayır. Onların qayğıları birinci planda nəzərə alınır. Məsələn, icra başçısının ayrıca göstərişi ilə qaçqın və köçkünlərin əkin sahələri üçün bir neçə yeni artezian quyuları qurulmuşdur. Prezidentin tapşırığı və başçının xüsusi səyi ilə Əfətli kəndi başdan-başa qazlaşdırılmışdır. Burada əvvəllər yanıb-sönən, köhnə xətləri ilə ümidsiz bir vəziyyətdə olan elektrik daşıyıcıları tamamilə yenidən qurulmuş və əhali indi gecə-gündüz daimi elektriklə təmin olunmaqdadır.
Azərbaycan prezidentinin “ölkənin iqtisadi inkişafı təhsildən başlayır” kimi dəqiq tövsiyyəsinin bu kənddə necə qəbul edilməsi burada məktəb tikintisinə verilən diqqətlə ölçülə bilər. Əfətlidə 4 orta məktəb var və bu məktəblərdə kəndin 700-ə yaxın şagirdi təhsil alır. Hadisələrin qızğın vaxtında-hələ 1993-cü ildə təxribatın nəticəsi olaraq partlayışa məruz qalan bir orta məktəb icra başçısının təşəbbüsü və şəxsən nəzarəti ilə tamamilə yenidən tikilmiş və sivil ölkələrin belə həsəd apara biləcəyi müasir tədris müəssisəsinə çevrilmişdir. İndi kənddə daha böyük və daha miqyaslı bir məktəbin bünövrəsi qoyulmaqdadır. Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova müasir təhsil probleminə yaxşı bələd olan və məktəblərin yeni texnologiyalarla təmin edilməsinə çalışan bir kadr kimi rayon camaatının rəğbətini qazanmışdır.
Elmira xanım özü Kəlbəcərdəndir, bütün arzu və ümidləri tərbiyəsi ilə məşğul olduğu yeni nəslin mübarizə əzminə yönəlib. Rayon məktəblərinin və o cümlədən Əfətli məktəblərinin dərsliklərlə təmin olunması onun çalışdığı və nail olduğu bir işdir.
Əlbəttə, bu məktəblər və kəndin təhsil sistemi savadlı, bacarıqlı müəllimlər olmadan vəzifələri yerinə yetirə bilməz. Əfətli kəndinin məktəblərində Şahin Nəsirov, Şakir Məhərrəmov, İlham Bayramov, qabaqcıl məktəb direktorları Kamilə Şərifova, Saday Aslanov, Sevinc Quliyeva və digərləri gənclərin tərbiyəsində, təhsilində, vətənpərvərlik ruhunda böyüməsində öz bacarıqlarını əsirgəmirlər.
Ağdam rayon İcra Hakimiyyəti milli-mənəvi dəyərlər və mənəviyyat məsələlərini daim ön planda saxlayır. Çoxlarına məlumdur ki, Ağdam rayonu Azərbaycan mədəniyyətinə qədimdən bəri öz töhfəsini verən bir məkandır. Ancaq neyləmək olar ki, indi Ağdamın əvəzolunmaz tarixi abidələri, muzeyləri, arxitektura inciləri, qədim şəhərsalma mədəniyyəti bu gün erməni vandallarının tapdağı altındadır. Rayon camaatı bununla heç cür barışmır və mümkün olduqca yenə də milli mədəniyyətimizə öz töhfəsini verir. Bunu bircə misalın timsalında görmək olar: Məlumdur ki, bir vaxtlar Ağdamın nəinki respublikada, hətta o zamankı ittifaqda məşhur olan “Şur” ansamblı vardı. Rayonun bir hissəsi işğal olunandan sonra bu milli ansambl da pərən-pərən düşdü. Çox böyük bir mədəniyyət hadisəsidir ki, rayon icra hakimiyyəti başçısının şəxsi təşəbbüsü ilə “Şur” ansamblı lap bu yaxınlarda yeni bir qüvvə ilə öz işini bərpa etmişdir. Bu fakt həm də onunla maraqlıdır ki, həmin ansamblın dörd istedadlı üzvü məhz bizim Əfətli kəndinin yetirməsidir. Onlar kənddə fəaliyyət göstərən musiqi məktəbinin yetirmələridir. Bu məktəbin müəllimi və “Şur” ansamblının üzvü Arzu Fərhadov öz muğam ifaçılığı istedadı ilə bütün respublikada tanınır.
Rayon İcra Hakimiyyəti cəbhə xəttində yerləşən kəndin sakinlərinin digər qayğılarına da diqqətlə yanaşır. Burada kəndlilərə torpaq sahəsi tamamilə təmiz əllərlə, hətta vergisiz paylanır. Kənd camaatı əkin, biçin, meyvə, tərəvəz becərməklə təmiz və təmənnasız bir həyat yaşayır. Münbit torpaq sahəsi gənc ailələrə daha diqqətlə seçilir və təqdim olunur. Yerli camaatla qaçqın və köçkünlər tamamilə qaynayıb qarışıb. Dövlət onların əkin sahələrini suvarmaq üçün su artezianlarının sayını artırıb yüzə çatdırmışdır. İndi Əfətli camaatının hamısının əkin sahələri, evləri su ilə təmin olunub. Kənddə iki bələdiyyə idarəsi var. Bu qurumlara rəhbərlik edən Elxan Səfərov və Telman Əbdürrəhmanov bütün bunları nəzarətdə saxlayır, kəndə gələn və hətta təsərrüfat sahələrinə aparan yolların abadlaşdırmasını təmin edirlər.
Əlbəttə, Əfətlinin bütün problemlərinin birdən-birə həll edildiyini də demək olmaz. Camaatın ilk növbədə arzusu budur ki, kənddəki Əfətli kənd həkim məntəqəsi yaxın vaxtlarda xəstəxanaya çevrilsin, çünki rayon mərkəzi kənddən xeyli uzaqdır və kənddə ayrıca xəstəxanaya ciddi ehtiyac var. Kənddə yeni iş yerlərinin açılması üçün bəzi tədbirlər görülməlidir.
Cəbhə xəttində yerləşən bir kəndin bəzi inkişaf məqamlarına toxunduq. Bu inkişaf öz axarında davam edir. Çünki inkişafın Azərbaycan dövləti kimi bir qarantı var. Azərbaycanın ümumi inkişafının bir faktı olan Əfətli kəndi daha işıqlı bir sabaha doğru irəliləyir.