2002-ci ilin dekabr ayında yaradılan və qeydiyyatdan keçən Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 10 illik yubileyi ilə bağlı tədbir, o cümlədən, adıçəkilən qurumun 3-cü konfransı keçirilib.
525.az-ın məlumatına görə, cəmiyyətin sədri, millət vəkili Eldar İbrahimov çıxışında qeyd edib ki, təşkilat hazırda Azərbaycanda yaşayan, lakin müxtəlif səbəblərə görə uzun müddət Özbəkistanda yaşamış və işləmiş azərbaycanlı ziyalıların və respublikamızda yaşayan, öz xalqını layiqincə təmsil edən özbəklərin təşəbbüsü ilə yaradılıb. Onun dediyinə görə, statistik məlumatlara əsasən Azərbaycanda yaşayan özbəklərin sayı 400 nəfərə yaxındır: “Bildiyiniz kimi, Azərbaycan və özbək xalqları arasındakı münasibətlərin kökü uzaq keçmişə gedib çıxır. Əsrlər boyu və hazırda da bizim xalqları bir-birinə bağlayan dostluq əlaqələri və mehriban münasibətlər dilimizin, dinimizin, adət-ənənələrimizin və mədəniyyətimizin eyni köklərə malik olmasıdır. Cəmiyyəti yaratmaqda məqsəd isə bu əlaqələri və ənənələri SSRİ dağıldıqdan sonra Azərbaycan və Özbəkistanın əldə etdikləri müstəqillik dövründə də inkişaf etdirməkdir. Bu cəmiyyətin yaranması həm də onunla əlamətdardır ki, Azərbaycan və Özbəkistan Respublikalarının başçıları – Azərbaycanın qurucusu Ulu öndərimiz Heydər Əliyev və Özbəkistanın inkişafında misilsiz xidmətləri olan hörmətli İslam Kərimov arasında həmişə dostluq və qardaşlıq münasibəti olmuşdur. Hazırda bu münasibət hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir”.
E.İbrahimov xatırladıb ki, Cəmiyyətin İdarə Heyətinə əsasən ictimai-siyasi xadimlər, ədəbiyyat və incəsənət xadimləri, Milli Məclisin deputatları olan AMEA-nın müxbir üzvləri - Yaqub Mahmudov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Kamal Abdulla, filologiya elmləri doktoru nəvaişünas alim Tərlan Quliyev, şair Akif Bağırov və başqaları daxildir: “Onların təşəbbüsü və yaxından köməyi ilə ötən illər ərzində Bakıda Özbəkistanın və Azərbaycanın görkəmli şair və mütəfəkkirlərinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Belə ki, 2003 və 2009-cu illərdə Bakıda görkəmli özbək şairi və dramaturqu əslən azərbaycanlı, Maqsud Şeyxzadənin doğum gününün 95 və 100 illiyinə həsr olunmuş tədbirlər keçirilib. İlk dəfə olaraq Bakıda cəmiyyətin təşəbbüsü, Özbəkistanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə 2004-cü ildə Nəvai və Füzuli poeziya gecəsi keçirilmişdir. Bildiyiniz kimi bu iki şair eyni dövrdə yaşamış və öz əsərləri ilə şərq renessansını zənginləşdirmişlər. Görülən işlərlə yanaşı, diqqətinizə çatdırmaq istəyirəm ki, Cəmiyyət nizamnamədə nəzərdə tutulan funksiyaların bir çoxunu yerinə yetirə bilməyib. Bu da onunla əlaqədardır ki, cəmiyyət qeyri-hökumət təşkilatı statusunda olduğuna görə ona dövlət büdcəsindən vəsait ayrılmır. Eyni zamanda üzvlük haqqı, ianə və digər mənbələrdən də vəsait daxil olmur. Keçirdiyimiz bütün tədbirləri isə demək olar ki, öz şəxsi vəsaitimiz, bəzi şəxslərin mənəvi dəstəyi və köməkliyi sayəsində həyata keçirmişik. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti mövcud dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafı yolunda bundan sonra da əlindən gələni əsirgəməyəcək”.
Cəmiyyətin İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da çıxışında bildirib ki, bu təşkilat iki qardaş və dost xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsində bir sıra uğurlara imza atıb:
“Bu baxımdan, bu Cəmiyyətin öz fəaliyyətini davam etdirməsinə ehtiyac var”.
Milli Məclisin (MM) Azərbaycan-Özbəkistan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Aydın Abbasov 10 il Özbəkistanda yaşadığını, orada orta məktəbə getdiyini xatırladıb və bildirib ki, bu iki xalqı-dövləti bir-birinə sıx , qırılmaz tellər bağlayır: “Hesab edirəm ki, bu iki qardaş-dost xalq arasında əlaqələrin, xüsusilə, mədəni güçləndirilməsində 10 illik yubileyinə və 3-cü konfransına yığışdığımız Cəmiyyətin də böyük xidmətləri var”.
Millət vəkili Əli Əhmədov isə təmsilçisi olduğu hakim Yeni Azərbaycan Partiyası (YAP) adından sözügedən Cəmiyyətə 10 illik uğurlu fəaliyyətinə görə minnətdarlığını ifadə edib.
Tədbirdə həmçinin digər millət vəkili Hüseynbala Mirələmov, elm adamları-Arif Quliyev, Tərlan Quliyev başqaları çıxış edib, Cəmiyyətə növbəti fəaliyyətində də uğurlar diləyiblər.
Sonra 10 yaşı tamam olan Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti ölkə Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. E. İbrahimovun bu haqda bildirdiyinə görə, ilk olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkə Prezidentini namizədliyini irəli sürüb: “ Biz də onların bu qərarını yüksək qiymətləndirirk. Eyni zamanda , Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti olaraq, belə hesab edir ki, Azərbaycanın inkişafında, ölkəmizin dünya səviyyəsinə çıxmasında prezident İlham Əliyevin xidmətləri misilsizdir. Azərbaycan İlham Əliyevin alternativi yoxdur. Odur ki, biz də bir Cəmiyyət olaraq, növbəti seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürür və onu dəstəkləyirik”.
Eyni zamanda, bu qərara toxunan YAP-ın sədr müavini Ə.Əhmədov öz növbəsində vurğulayıb ki, onlar Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin addımını çox yüksək qiymətləndirirlər. Ə.Əhmədovun qeyd etdiyinə görə, haqlı olaraq, Azərbaycanda belə fikir formalaşıb ki, İ. Əliyevin alternativi yoxdur: “Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti isə formalaşan fikrin daha da möhkəmlənməsinə xidmət edən bir addım atdı”.
Sonda təşkilati məsələyə baxılıb. E.İbrahimov yenidən Cəmiyyətin sədri, K.Abdulla və səfir Şerzod Fayziyev isə qurumun həmsədri seçiliblər.
Kamil Həmzəoğlu