KƏDƏRLƏNMƏ, KÖNLÜM
Kədərlənmə, könlüm,
qəm vaxtı deyil.
Sevda var, sevgi var,
aşiq var hələ.
Dünya zülmətlərin paytaxtı deyil,
İynənin ucunda işıq var hələ.
Hələ günəşlərin ruhu oyaqdı,
Yağışlar səpilib sünbül olar ki.
Bu yaz gecəsindən ömrün bu vaxtı
Bir ulduz istəsəm görən nolar ki...
Hələ qarşıdadı keçəsi yollar,
Xalça yamacların şehli çöhrəsi.
Kədərlənmə, könlüm, yəqin bu bahar
Sellərə qərq olar qəm düyünçəsi.
Dərələr boyanar dağ nəfəsinə,
Ay aman, bulağın daş yaxası var.
Sən inan Yusifin möcüzəsinə,
Hələ bu dünyanın Züleyxası var.
Kədərlənmə, canım,
açıqdı göylər.
Gücün var dənizlər, dağlar aşasan.
Bir ömrün işığı sənə bəs eylər,
Allahın adına layiq yaşasan...
İSMAYILIN GÜLLƏRİ
Şair İsmayıl Öməroğluna
Uca Yaradandan şəfalar dilərəm
Dəsmal kimi büküb
Cibimə qoydum
istini, bürkünü.
Dağlara – şair İsmayılı
görməyə yollandım
bir yay günü.
Qızılqanad bal arılarının,
süd qoxulu otların,
sürməyi buludların
Ətri bürümüşdü
yal-yamacı.
Öz-özümə deyirdim ki,
Ay Allah,
Görəsən nədir
xəstə İsmayılın əlacı...
Görəsən bilən varmı
bu ağrının adını...
Bağçasında ulduz-ulduz gülləri,
Dövrəsində – doğmaları,
qadını.
Dedim bəlkə bu güllərdi
İsmayılın əlacı.
Dedim bəlkə güllərə
yalvarım, ağız açım.
Aman güllər, aman güllər,
Şair halı yaman güllər.
Bir ömür-gün düyün düşüb
Açılar nə zaman, güllər...
İsmayılın eli hanı?
Dağ-dərəsi, çölü hanı?
Dili batsın fələklərin
Dinə bilmir, dili hanı?
İsmayıla nicat verin,
Uça bilər, qanad verin.
Nicat verin, həyat verin,
Cana gəlsin bu can, güllər!
Burda qarşı yamaclara
çiçək yağıb,
Dağlar durub yönü bəri.
Bir ümid parçasını
çəkib ayağım altına
Ha baxıram, gözə dəymir
Bu bir ömrün
üfüqləri...
QORXULU ADAM
Heç şübhəsiz
onun anası olmayıb.
Nə bələk görüb,
nə beşik.
Şeytanın dimdiyindən düşüb
deyiblər, eşitmişik.
Sənin gücün çatsa əgər
Özünü ondan qoru.
Sir-sifəti, qaş-qabağı –
hörümçək toru.
Çoxlarını asmaq istər
xəyalında qurduğu
dar ağacından.
Qara ilan balası
sivişib çıxa bilər
Barmaqları ucundan...
Üfunətdən, pis niyyətdən,
xəyanətdən
Damla-damla zəhər çəkər
nəfəsinə...
Qudurqandır, tolazlayar
doğmasını
Ac pələngin qəfəsinə.
Amma qorxar,
Tabutunun içində
Kəndirə dönüb boğazlayar
Bir kəfənlik ağ onu.
Qorxar,
palçıq kimi
püskürüb atar
torpaq onu!
İçində qıvrılan
qorxu daşları
Zəncirdəki küçük kimi
zingildəyər hərdən,
Piyadan, hikkədən,
zəhərdən!
Amma qorxar,
qorxar ki, beş barmağımı
güllələrə döndərib
Onu düz kəlləsindən atam.
Məndən, səndən,
hamıdan qorxar
Hamının qorxduğu adam!..
VƏSSALAM
Biri vardı, biri yoxdu,
yox, o, var.
Sifət-bülöv, baş-sığallı,
əl-hamar.
Şüşəbəndli gözlərindən kin damar
O hikkəli bir bəladı, vəssalam.
Lovğalıqdan duyğuları-qapqara
Ağız büzər Cabbarlıya, Səttara
Qələm hara, sənət hara, o hara
Mamır basmış küt qayadı, vəssalam.
Bir nəfər yox tanıyası mərd onu,
Kim ucalsa, tutar elə dərd onu.
Doğma bilməz doğulduğu yurd onu,
Yeddi hərfdir ad-soyadı, vəssəlam.
İndi onun salamını alan – yox,
Dövrəsində dost-tanışdan qalan – yox.
Sözlərimdə, vallah, zərrə yalan-yox
Mən fikrimi tamamladım, vəssalam!
TELEFON SÖHBƏTİ
– Alo! Qardaş, mənəm,
Salam – əleyhküm
– Baho, bu sənmisən
əleyhkə – salam!
Əşi, nə var, nə yox,
heç görünmürsən.
Çoxdan aya – günə dönmüsən, balam...
– Bilirsən, nə vaxtdır anam xəstədi,
Həkim qızınıza bəlkə söz deyək...
– Yox, o, baş həkimdi, o, iş üstədi,
Başqa bir həkimdən çarə gözləyək.
– Yaxşı dayın oğlu filankəsova
Zəng elə, uşağı götürsün işə.
– Əşi, nə deyirsən,
hanı iş, peşə?
Onunla salamı çoxdan kəsmişəm...
– Bəlkə qoşa gedək dostun toyuna
– Xəstəyəm, sən məni salma oyuna
– Sənin baldızından bir xahişim var
– Ta sən ağ eləmə,
bəsdir, işim var,
Onun da yanına özün get, qaqaş
Daha nə qulluğun,
“privet”, qaqaş,
Danışıq kəsildi,
telefon: “du”, “du”...
“Xalq” – deyə ekrandan bağıran budu?..
SƏN TAMAM BİR BAŞQASAN
Hər sevənin bəxti var,
Sən sevən kəs bəxtəvər!
Sevdin, yaraşıq oldun
Bu sevdaya, eşqə sən,
Sən tamam bir başqasan!
Güllər, çiçəklər indi
Səni gördü, sevindi.
Çiçəklər arasında
Birinci – sən,
başda – sən,
Sən tamam bir başqasan!
Sən məni dinlə, gözəl!
Həyat səninlə gözəl!
Sən varsan ki, dünya var
Yerdə, Göydə, havada,
Torpada – sən
daşda – sən,
Sən tamam bir başqasan!
Yaz şehi tək incə kim?
Cilvəli bir qönçə kim?
Qəşəngsən hər yaşda – sən.
Sənə bənzər kimsə – yox,
Sən tamam bir başqasan!
PENCƏYİ QOLUNDA
GƏZDİRƏN KİŞİ
Pencəyi qolunda gəzdirən kişi
Görmürsən, yay gəlib,
dünya istidi.
Bəlkə bu pencəyin səndən ayrılıb
Elə asılqanda qalmaq istədi.
Görmürən, bu Günəş cavandı hələ
Aləmi yandırıb-yaxmağındadı.
Sübh tezdən evindən çıxaraq çölə,
Bizə sevgilərlə baxmağındadı.
Axı kimə gərək bu köhnə pencək,
Əynində əriyib yox olar birdən
Yorulub, soluxub,
Sən ondan əl çək.
Bəlkə təzələnər,
şux olar birdən.
Yaydı, saz kişilər, o kefiköklər,
Çəkilib dağlara, meşəliklərə.
İndi yal-yamacı, bulağı səslər,
Açar yağışlara ovcunu hərə.
Ərindən nəvaziş görməz qadınlar,
Odur ha, dənizlə məzələnməkdə.
Gecəsi sevdalı keçən bəxtəvər
Bilər nə qalacaq əldə-ətəkdə...
Pencəyi qolunda gəzdirən kişi,
Üzünün astarda gözü var bəlkə.
Sən Allah, toxunma,
qoy evdə qalsın
Sənin xanımına sözü var bəlkə...
Pencəyi qolunda gəzdirən kişi
Pencək səndən küsüb,
xəbərin yoxdu?..
MƏN BU GECƏ
Mən bu gecə qoy tək olum,
Duman kimi kövrək olum.
Yox, bəlkə də şimşək olum,
Göy üzündə çaxım gedim.
Min yolu var xəyanətin,
Xəyanətə nifrət-qəti!
Xəyanəti yıxmaq – çətin,
Yıxa bilsəm, yıxım gedim.
Bilən varmı dünyada nədi –
Yerdi, Göydü, dağ, dərədi?
Dedilər ki, “pəncərədi”,
Dedim: – mən də baxım gedim...
TANRIM MƏNƏ BİR EV TİKDİN
Tanrım mənə bir ev tikdin,
Necə oldu, heç görmədim.
Küçə-küçə köçüb getdik,
Belə ağır köç görmədim.
Top dəyəydi gərək mənə,
Şeytan gəldi kələk mənə.
“İki” verdi fələk mənə,
Bir ömürdə “üç” görmədim.
Qəbri hanı quduranın,
Dar ağacları quranın?
Mənim boynumu vuranın,
Qılıncında güc görmədim...
RÜŞVƏT
Tamam bir başqaydı
onun azarı, dərdi.
Oğlan uşaqlarından
lap zəhləsi gedərdi.
Qadını hamilə olanda,
Nə abır-həya gözlədi,
nə utanıb-qızardı.
Doğum evinə getdi,
Rüşvət verib
qız aldı...
RUHU ÜFÜQLƏRDƏ
ÇIRPINAN QADIN
Sən nədən baxarsan yollara sarı,
Ruhu üfüqlərdə çırpınan qadın.
Sən nəyi gəzirsən, hansı rüzgarı,
İndi hara çatar ahın, fəryadın...
Günəş çıxa bilər qara buluddan,
Sən könlüm tarını seçib ayırsan.
Əlləri qoynunda Tanrıdan, Haqdan
Sən kimi soruşub haraylayırsan?
Mən sənə bir ömür bağışlamışdım,
Sən mənə ömründən bir pay qıymadın.
Sən hansı duyğuyla yandın, alışdın
Kövrək taleyini itirən qadın...
Bəxti var baharın, qışın, qarın da
Sən belə qismətdən nə küs, nə inci.
Sevda tufanımın dalğalarında,
Nə mən sonuncuyam,
Nə sən – birinci...
MƏN OLAN DÜNYADA
Bu sevda, məhəbbət oyunu-qədim,
Oynatdın ruhumu durduğum yerdə.
Hardasan, mən səni görə bilmədim,
Şimşəklər dağıtmış xatirələrdə...
Bizləri nə gözlər Yaradan bilər,
Bəxtlə cəngə çıxıb tutaşmaq olmur.
Dumduru bulağın gözləri gülər,
Bulanıq sulardan baş açmaq olmur.
Yəqin tanımaram qarşıma çıxsan,
Qaldın yollarında uzaq keçmişin.
Mən olan dünyada hanı ki, yoxsan,
Sən olan dünyada mənim nə işim...
SƏN AYRI, MƏN AYRI
Mən səni bir qucaq çiçək bilmişdim,
Gün kimi, Ay kimi göyçək bilmişdim.
Dilinin, andının, təbəssümünün,
Duyğunun rəngini gerçək bilmişdim.
Elə bilirdim ki, bulaq kimisən,
Əlçatmaz, yelçatmaz budaq kimisən.
Sən demə, qamaşan gözlərim imiş
Kənardan baxanda dümağ kimisən.
İndi mən – Yer ilə Göy arasında,
Sənsə xəyalların sırsırasında...