|
|
|
|
Ötən gün Muzey Mərkəzində paytaxtın Əhmədli qəsəbəsindəki Rəssamlar evində fəaliyyət göstərən fırça ustalarının əsərlərindən ibarət “Rənglərin dialoqu” mövzusunda sərginin açılışı olub.
525.az-ın məlumatına görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birgə Bakının müxtəlif qəsəbə və rayonlarında fəaliyyət göstərən və əsərləri heç vaxt sərgi salonlarına çıxarılmayan rəssamlarla bağlı müxtəlif layihələr həyata keçirir: “Ötən il Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi “7-ci mərtəbə”, “6-cı mikrorayon” mövzularında iki sərgi hamı tərəfindən maraqla qarşılanıb. Bu təcrübə artıq ənənəyə çevrilib. Keçən il biz Əhmədli qəsəbəsində fəaliyyət göstərən emalatxanalarda olarkən rəssamları düşündürən yaradıcılıq məsələləri, bədii axtarışlar və son dövrlərdə yeni sənət əsərləri ilə tanış olaraq belə bir sərginin açılması qənaətinə gəldik”.
Qeyd edilib ki, sərgi ilə bərabər, Əhmədli qəsəbəsində fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət kataloq da çap edilib.
Tədbirdə vurğulanıb ki, sərginin təşkilinin əsas məqsədi rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək, Azərbaycan rəssamlarının yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini, uzun illər emalatxanada qalaraq heç vaxt sərgi salonlarına çıxarılmayan sənət incilərinin nümayiş etdirmək, rəssamlarımızın yaradıcılığının dəstəkləmək və təbliğ etməkdən ibarətdir.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov fırça ustalarını təbrik edərək, sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. O, bu cür sərgilərin davamlı olmasının əhəmiyyətini vurğulayan rəssam sərgidə nümayiş olunan əsərlər biri-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqəti cəlb etdiyini, eyni zamanda, ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verdiyini diqqətə çatdırıb. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra sərgiyə baxış olub. Sərgidə 50-yə yaxın rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ, tətbiqi sənət üzrə 120 əsəri nümayiş etdirilir.
“Rəngli dodaqlar”, “Buzovna”, “Nar yağışı”, “Ana və uşaqlar”, “Xalçaçı qızlar”, “Qara Qarayev”, “İki fiqurun kompozisiyası”, “Şəhər mənzərəsi”, “Güllər”, “Natürmort” və s. əsərləri maraqla qarşılanıb. Tədbirdə iştirakçılara və rəssamlara “Rənglərin dialoqu” adlı kataloq paylanılıb.
Qeyd edək ki sərgi fevralın 16-dək davam edəcək.
GÜNEL