|
|
|
|
Tanınmış yazıçı Novruz Nəcəfoğlunun bugünlərdə yeni kitabı işıq üzü görüb.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəyilə hazırlanan, eyni zamanda, “ATV-Yaddaş” silsiləsindən ilk nəşr olan bu kitabda müəllifin ilk romanı - “Nağıl adam” adlı bədii-bioqrafik əsəri yer alıb.
N.Nəcəfoğlunun indiyədək bədii əsərlərdən ibarət “Bir qış gününün xatirəsi”, “Yollar uzanan gün”, “Çarəsiz yolçu”, “Keçən cavan çağım ola...”, “Atüstü bir nağıl”, “Bir mən oyaqdım...” və digər kitabları çıxıb. “Dünya duracaq yer deyil...”, “Sinqapur - böyük dünya şəhəri, iddialı ölkə”, “Eşitdiyim və gördüyüm Yaponiya” kitabları isə onun İsveçrəyə, Almaniyaya, Malayziyaya, Yaponiyaya səfərlərinin təəssüratlarını, publisistik qeydlərini əks etdirir. Ədibin bir sıra əsərləri ingiliscəyə, ruscaya və digər dillərə çevrilərək çap edilib, Türkiyədə ayrıca kitab halında nəşr olunub.
Bəzi hissələri ötən ilin payızında “525-ci qəzet”də dərc edilən “Nağıl adam” romanının yazılma səbəbindən söz açan müəllifin belə bir fikri diqqət çəkir: “Müdriklərdən tövsiyədir: “Dostlarının olması üçün gərək özün dost olmağı bacarasan...” Mən bunu bacardımmı?! Sevdiyim insanlara – dost bildiklərimə və məni özünə dost bilənlərə ithaf etdiyim bu romanla həmin suala cavab tapmağa çalışmışam”.
Kitabda “Redaktordan” başlığı ilə verilən yazıda qeyd edilir ki, romanın ana teması, leytmotivi dostluqdur: “Əsərin yaranmasına da dostluq anlayışına ehtiram, dostluğa, dostlara məhəbbət təkan verib. Müəllif dostluğun fərqli zamanlardakı, müxtəlif mühitlərdəki, romanın obrazlarına çevrilmiş ayrı-ayrı insanlar arasındakı parlaq təzahürlərini qələmə almaqla, əslində, bu ali insani duyğuya sözdən abidə ucaldıb, çağdaş bir dostluq dastanı yaradıb...”
Həmin yazıda da vurğulandığı kimi, N.Nəcəfoğlunun bu əsəri, ümumən, bədii planda təqdim olunmuş bioqrafiyalar toplusudur. Burada, əsasən, romanın irili-xırdalı obrazlarına çevrilmiş gerçək simaların tərcümeyi-hal ştrixləri, onların ömür yolunun bir çox mühüm, maraqlı məqamları bədii dil və üslubla təqdim edilib... Üstəlik, bütün bunlara münasibətdə, onların fonunda müəllifin də tərcümeyi-halı, dünyagörüşü, mənəvi aləmi sərgilənir.
Naşiri Səlim Babullaoğlu, redaktoru Seyfəddin Hüseynli, dizayneri Emil Camalov, korrektoru Lətafət Səmədova olan “Nağıl adam” kitabı “Tuna” mətbəəsində çap edilib.