|
|
|
|
Beynəlxalq Mətbuat Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (İB) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən birlikdə hazırlanmış “Azərbaycan həqiqətləri” filmlər toplusunun təqdimatı keçirilib.
525.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva “Azərbaycan həqiqətləri” filmlər toplusu haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi Azərbaycan həqiqətlərinin dünyada daha da geniş şəkildə yayılması işinə dəstək göstərməkdir.
Q.Paşayeva onu da vurğulayıb ki, topluya erməni terror təşkilatlarının Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımı aktlarından bəhs edən “Soyqırımı: Bakı”, “Soyqırımı: Quba”, “Soyqırımı: Şamaxı”, “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” filmləri daxildir. Topluda, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Şuşa və Ağdam şəhərlərində törətdikləri vandalizm aktlarını özündə əks etdirən “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” və “Ağdam; Qafqazın Xirosiması” filmləri də yer alıb.
Qeyd edilib ki, Azərbaycan və ingilis dillərində hazırlanmış topluların hər biri 1000 nüsxə çap olunmuşdur. Azərbaycan dilində olan toplu Azərbaycanın xaricdəki diaspor təşkilatlarına veriləcəkdir. “Azərbaycan həqiqətləri”nin ingilis dili variantı isə xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizə təqdim olunacaq.
Topluda digər qurumlar tərəfindən hazırlanmış 3 film də öz əksini tapıb. Toplunun bir sıra ölkələrdə də təqdimatının keçiriləcəyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi toplunun hazırlanmasına dəstək veriblər.
AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov “Azərbaycan həqiqətləri” filmlər toplusunun orta məktəblərdə və ali təhsil müəssisələrində yayılmasının zəruriliyini bildirmişdir. Onu da diqqətə çatdırıb ki, toplu müxtəlif xarici dillərə tərcümə olunacaq.
Tədbirdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və Milli Məclisin deputatı Flora Qasımova çıxış edərək beynəlxalq arenada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğatın daha da gücləndirilməsinin vacibliyini vurğulyıb və bu işdə “Azərbaycan həqiqətləri” filmlər toplusunun böyük əhəmiyyəti olacağını bildiriblər.
GÜNEL