Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.
Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.
Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.
Papa Fransiskin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa dair səylərini dəstəklədiyini bildirən şeyxülislam A.Paşazadə Müqəddəs taxt-tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O bildirib ki, bu səfər dünyada və regiondasülh, ədalət və əmniyyətin, uca Yaradanın vacib buyurduğu mənəvi-əxlaqi dəyərlərin bərqərarına böyük töhfə olacaq.
Nunsi Marek Solçinski Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.