|
|
|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə tələbələrin görüşü keçirilib.
Tədbiri Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov açıb:
"Bu tədbir tələbələrin arzusu ilə keçirilir. Burda hamı sərbəstdir. Yaxşı sual və cavablar, oxunan şeirlər haqqında maraqlı fikirlər şair və oxucu dialoqunda üzə çıxacaq. Ona görə ki, dəvət etdiyimiz şair “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir, müasir ədəbi prosesin içindədir”.
Sonra tədbirin gedişi tələbələrin ixtiyarına buraxılıb. Tələbələr əvvəlcə şairin şeirlərini əzbər söyləyiblər, sonra suallarını ünvanlayıblar. Onların arasında öz şeirlərini oxuyanlar da olub. Şair həmin şeirlər haqqında fikirlərini söyləyib.
Heca və sərbəst şeirin bugünkü vəziyyəti, “qafiyə sindromu”, modernizm və postmodernizm məsələləri tələbələri ən çox düşündürən suallar kimi diqqəti çəkib.
Bununla bağlı şairin fikri tələbələrin ürəyincə olub: “Nədən yazırsansa yaz, amma gözəl yaz”.
Tədbirin sonunda Q.Nəcəfzadə yeni şeirlərini oxuyub və “Adı Qəşəm” şeirlər kitabını tələbələrə hədiyyə edib.
M.ŞÜKÜRLÜ