"2003-cü ildə prezident seçkiləri dövründə İlham Əliyev xalqa müraciətində dedi ki, "mən bütün Azərbaycan xalqının prezidenti olacam". Ölkə rəhbəri eyni ildə inaqurasiya mərasimində də bu sözləri səsləndirdi. Son 13 il ərzində isə hər gün dövlət başçısı öz fəaliyyətində bu sözlərin həqiqət olduğunu sübut edib".
Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev prezident İlham Əliyevin cəbhə bölgələrinə etdiyi səfərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dövlət başçısının özünün 50 illik yubileyini məhz cəbhə bölgəsində məcburi köçkünlərlə bir yerdə keçirməsi bütün bu deyimlərə sübutdur: "Hətta iki il bundan öncə də cəbhədə bugünkü kimi gərginlik yaşanmışdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbəri cəbhə bölgələrinə gedərək orada əhali, əsgərlərlə görüşür və bir yerdə olduğunu sübut edir. Bununla da dövlət başçısı sözün həqiqi mənasında Azərbaycan xalqının layiqli bir lider olduğunu göstərir. Prezidentin həm də Ali Baş Komandan kimi cəbhədə olması əsgərlərimizə, zabitlərimizə böyük ruh yüksəkliyi verir və torpaqlarımızın işğaldan azad olunmasına inamı artırır".
M.Quliyev əlavə edib ki, dövlət başçısının xalqın, cəbhəyanı ərazilərdə məskunlaşan sakinlərin yanında olması həmin insanların da əhval-ruhiyyəsini daha da yüksəldir və onlarda qorxu hissini azaldır: "Bütövlükdə bütün bunlar Azərbaycan xalqında birlik, mübarizlik əhval-ruhiyyəsi yaradır. Hesab edirəm ki, elə əsl rəhbər dar gündə xalqı ilə bir yerdə olmalıdır. Cənab prezidentin də rəhbərlik təcrübəsi bunu bir daha sübut edir".
Politoloq Əlabbas Məhərrəmov isə bildirib ki, dövlət başçısının birbaşa döyüş zonasında düşmənlə üz-üzə dayanmış hərbçilərimiz və əhali ilə görüşü dövlətin xalqla birgəliyinin təsdiqidir:
"Qarabağ cəbhəsində aprelin 1-5-i tarixlərində baş vermiş hərbi əməliyyatlar zamanı Ordumuzun düşmənə ağır zərbə vurması Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan dövləti və Ordusu bütün dünyaya göstərdi ki, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək üçün siyasi iradəsi və hərbi qüdrəti var. Prezidentin belə bir şəraitdə cəbhə bölgəsinə səfər etməsi, atəş altında olan vətəndaşlarımızla çiyin-çiyinə dayanması dövlətin və cəmiyyətin bütövlüyünün göstəricisidir. Bu səfər həm də aprel zərbəsindən sonra hələ də özünə gələ bilməyən işğalçı Ermənistan üzərində psixoloji üstünlüyün nümayişidir. Dövlət başçısının cəbhə zonasına səfəri bölgə əhalisinin dövləin tam güvənliyi altında olduğunu da təsdiqlədi və onsuz da düşmən qarşısında mərdliklə dayanan Ordumuza, əhaliyə əlavə ruh yüksəkliyi gətirdi".
"Türkiyə universitetləri məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov isə qeyd edib ki, prezidentin mövcud vəziyyətdə atəş altında olan vətəndaşlarımızla çiyin-çiyinə dayanması dövlətin və cəmiyyətin dayanıqlı birliyinin təsdiqidir. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin təmas xəttinə səfəri xalqımızın son bir ayda yüksəlmiş qələbə əhval-ruhiyyəsini daha da artırıb:
"Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttinə yaxın məsafədə yaşayan dinc insanların şəhid edilməsi, yaralanması və evlərinin dağıdılması sözsüz ki, hər bir azərbaycanlının hiddətinə səbəb olub. Erməni barbarlığının bütün dünyanın gözü qarşısında baş verməsi və ikili standartların hökm sürdüyü dünyanın bu vəhşiliklərə səssis qaldığı bir zamanda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə getməsi Azərbaycan dövləti üçün hər bir vətəndaşının nə qədər qiymətli və dəyərli olduğunun nümunəsidir.
Prezidentin cəbhə xəttində ağır şərtlər altında yaşayan, təhlükələrdən çəkinməyən cəsur insanlarla görüşü zamanı onlara dövlət dəstəyinin ifadəsi, dağıdılmış evlərin tez bir zamanda Azərbaycan dövləti tərəfindən bərpa olunacağına dair ölkə başçısının təminatı hər bir vətəndaşımızı qürurlandırıb. Dövlət başçısının mövcud vəziyyətdə atəş altında olan vətəndaşlarımızla çiyin-çiyinə dayanması dövlətin və cəmiyyətin dayanıqlı birliyinin təsdiqidir. Prezidentin indiki təhlükəli şəraitdə ön xəttə səfər etməsi təbii ki, həm də düşmən ölkəyə, işğalçı Ermənistana verilmiş açıq mesajdır.
PƏRVANƏ