|
|
|
|
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 2-5 aprel tarixlərində gedən döyüşlərdən sonra Moskvada imzalanan atəşkəs razılaşması işğalçı ölkənin yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirərək təmas xəttində təxribatlara əl atması nəticəsində pozulub.
Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən Tərtər, Ağdam rayonu ərazisində yerləşən yaşayış məntəqələri və digər mövqelərimiz atəşə tutulub. Düşmən təxribatlarının qarşısı qətiyyətlə alınsa da, erməni vandalizmi özünü növbəti dəfə göstərib. Silahlı Qüvvələrimizin müqavimətini qıra bilməyən, əksinə sarsıdıcı zərbələr alaraq əzilən, məhv olan düşmən ordusu müharibə qanunlarını kobud şəkildə pozmağa davam edir, yaşayış evlərini, məktəb binalarını hədəfə alır.
Cəbhədə nisbi-gərginliyin davam etdiyi, düşmən qüvvələrinin təxribatlara başlamaq ehtimalının mövcud olduğu bir zamanda - mayın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər ediblər. Ölkə başçısı "N" saylı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.
Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Daha sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüb, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə də baş çəkiblər.
Azərbaycan Prezidentinin səfəri bir daha göstərib ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir.
Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.
Dövlət başçısının cəbhə bölgəsinə səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhval ruhiyyəsini daha da yüksəldib, orduda və insanlarda ruh yüksəkliyinə səbəb olub. Onlar Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər.
Prezident cəbhə bölgəsinə səfəri ilə bir daha göstərib ki, o hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə cəbhə bölgəsinə gəlməsi, Tərtərin ön xətdən cəmisi 200 metrlik bir məsafədə yerləşən Qapanlı kəndinə baş çəkməsinin arxasında təkcə qayğı yox, həm də intensiv mərmi yağışı altında mərdliklə duruş gətirən, evlərinin dağılmasına, itkilər olmasına, xeyli adamın yaralanmasına baxmayaraq, təşviş keçirməyən, əksinə orduya qoşulub vuruşmaq istəyən rayon camaatına sayğı dayanırdı: "Belə bir vaxtda ermənilər isə ön xətdən xeyli uzaqda yerləşən qəsəbələri belə boşaldaraq qaçıblar və hazırda Ağdərə ölü şəhəri xatırladır".
S.Alıyev qeyd edib ki, ölkə başçısının cəbhə bölgəsinə növbəti səfəri tərtərlilərə, ağdamlılara, cəbhə bölgəsində yaşayan digər vətəndaşlarımıza "mən sizinləyəm, dövlət sizinlədir" deməklə yanaşı, həm də düşmənin saya alınmadığını, onun sındırıldığını, əzildiyini, daha baş qaldıracaq gücdə olmadığını göz önünə sərmək üçün idi: "Hesab edirəm ki, Prezident və onun xanımının Qarabağımızın işğal altındakı bölgələrinə birgə səfərlərinə də çox az vaxt qalıb. Biz o günü mütləq görəcəyik".
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli də Prezident və onun xanımının cəbhə bölgəsinə səfərini yüksək qiymətləndirir. Ekspert bildirib ki, ölkə başçısı hər zaman ordu quruculuğu, hərbçilərin peşəkarlığının artırılması, onların maddi-texniki təminatının yüksəldilməsi məsələlərinə xüsusi diqqət ayırıb: "Prezident həmişə Dağlıq Qarabağ problemini ən vacib məsələ kimi gündəmdə saxlayır. Dövlət başçısının öz xanımı Mehriban Əliyeva ilə birlikdə cəbhə bölgəsinə səfəri bunu bir daha təsdiq edir. Ölkə rəhbəri təmas xəttinin 200 metrliyində yerləşən kəndlərin sakinləri ilə görüşərək onların problemləri ilə yaxından maraqlanıb. Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir".
Prezidentin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadıxovun iştirakı ilə hərbi müşavirə keçirməsini Ali Baş Komandanın orduya, təmas bölgəsində yaşayan əhaliyə və Qarabağ məsələsinə xüsusi diqqət ayırdığının göstəricisi olduğunu deyən E.Həsənli bildirib ki, aprelin 2-dən 5-nə kimi Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində baş verən döyüşlərdə düşmən təxribatının qarşısının alındığı, erməni hərbçiləri böyük itki verərək geri çəkilməyə məcbur olunduğu üçün onlar yenidən təxribatlar törədərək öz vəhşiliklərini davam etdirməyə çalışırlar: "Azərbaycan ordusu ilə başa - baş mübarizədə davam gətirə bilməyən işğalçı ölkə qoşunları silahlarını cəbhə bölgəsində yaşayan azərbaycanlı əhaliyə çevirirlər. Lakin unutmaq olmaz ki, Azərbaycan artıq 1990-cı illərdəki kimi vahid komandanlıq əsasında formalaşmayan, pərakəndə şəkildə düşmənlə üz-üzə mübarizə aparan dövlət deyil. Hazırda ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində ordu quruculuğu xeyli inkişaf etdirilib, Silahlı Qüvvələrimizin arsenalı kifayət qədər silah-sursat, hərbi texnika ilə zənginləşdirilib. Ermənistanın hərbi-cinayətkar rejimi bunu yaxşı bilir. Ona görə də, cəbhə bölgəsində gərginik yaradıb, yaşayış evlərini atəşə tutaraq əhalidə təşviş yaratmaq, onları öz yurd-yuvalarını tərk etməyə məcbur etmək istəyirlər. Bu cür təxribatlar 90-cı illərdə özünü ona görə doğrultmuşdu ki, o zamanlar yenicə müstəqillik əldə edən Azərbaycan dövlətinin rəhbərliyində mövcud problemlər xalqla ordu arasında münasibətlərə mənfi təsir edib, əhalidə inamsızlıq yaratmışdı. Bu gün isə cəbhə bölgəsində yaşayan əhali əsgərimizə inandığı, ölkə başçısının diqqət və qayğısını gördüyü üçün bu cür təxribatlar öz nəticəsini vermir. Xalq ordunun yanındadır".
Hərbi ekspert qeyd edib ki, aprelin əvvəllərində həyata keçirilən əməliyyatlar onu göstərib ki, bu gün Azərbaycanın çox güclü ordusu var: "Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır".
Ali Baş Komandanın Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralılara baş çəkdiyini xatırladan E.Həsənli bildirib ki, Prezident həmişə döyüşdə yaralanan hərbçilər, düşmən təxribatları nəticəsində xəsarət alan dinc sakinlər, eləcə də məcburi köçkünlər, şəhid ailələri ilə görüşəndə bəyan edir ki, ölkə rəhbərliyi bu kateqoriyadan olan insanlara xüsusi dəstəyini daim davam etdirəcək: "Biz bunun əyani şəkildə şahidi oluruq".
Bu yaxınlarda Ağdam, Tərtər və Füzulidə səfərdə olduğunu deyən E.Həsənli bildirib ki, həmin rayonlarda erməni hərbi birləşmələrinin törətdiyi dağıntıların aradan qaldırılması məqsədilə bərpa-abadlıq işləri həyata keçirilir: "Əhali dövlətin dəstəyini hiss edir. Ölkə rəhbəri bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün öz tapşırıqlarını verir. Bütün bunlar onu göstərir ki, ölkə Prezidenti Azərbaycanın milli maraqlarının qorunmasını ən vacib məsələ hesab edir, xalqla həmrəylik nümayiş etdirir. Ona görə də əhali Prezidenti dəstəkləyir və ona arxalanır. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim edib. İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq. Əminəm ki, mövcud ordu-xalq-dövlət birliyi öz məntiqi nəticəsini verəcək və torpaqlarımız erməni işğalından azad olunacaq".
Ceyhun ABASOV