Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Səfər çərçivəsində qonaq həmçinin "Naxçıvan Universiteti"nə baş çəkib.
Universitetin rektoru, professor İsmayıl Əliyev universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığı barədə məlumat verib.
Bildirilib ki, universitetdə 4 fakültə, 9 kafedra, 5 şöbə fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınmışdır. Rektor "Naxçıvan" Universitetinin indi dünyanın 51 universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərin kitabxanaları ilə sıx əlaqə saxlanıldığını ifadə edib.
Qeyd olunub ki, "Naxçıvan" Universitetinin beynəlxalq əlaqələri bu ali təhsil ocağında təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, tədris proqramlarının məzmununun, texniki təchizatının və təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəldilib.
Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu Koreya Respublikası ilə "Naxçıvan" Universiteti arasında təhsil sahəsindəki əlaqələrin möhkəmləndirilməsinin, eləcə də, tələbə mobilliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra qonaqlar universitet şəhərciyi ilə tanış olubar.