|
|
|
|
"2-5 aprel tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hadisələr ilk növbədə Ermənistanın ordu quruculuğunda çox ciddi problemlərin olduğunu üzə çıxarıb. Hərbi əməliyyatlardakı məğlubiyyətini və hərbi sahədə çatışmazlıqlarını ilk günlərdə Ermənistan əks-təbliğatla ört-basdır etməyə çalışıb. Ancaq əhalidən real vəziyyəti gizlətməyin mümkün olmayacağını sonradan dərk edən Ermənistan rəhbərliyi bir sıra etiraflar etməyə və cəza tədbirləri görməyə məcbur olub".
Bu sözləri Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Serj Sarkisyan məğlubiyyət üçün özündən başqa hər bir kəsi ittiham etməyə başlayıb: "Müdafiə Nazirliyinin üç generalı, Ermənistan parlamentinin deputatları, mətbuat, hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun qəzəbinə tuş gəlib. Bu mərhələni də birtəhər başa vurduqdan sonra o ordu ilə bağlı reklam xatirinə bir sıra addımlar atmağa başlayıb. Bunların içində ən təbliğ edilənlər isə Ermənistanın təcili surətdə cəbhə xəttində qulluq etmək üçün ordusuna 60 yaşlı veteran döyüşçülərin, bar qızlarının və Əsgəran çobanlarının yığılmasıdır. Bu reklamlar vətənpərvərlik addımı kimi qələmə verilməyə çalışılsa da, bunun Ermənistanı düşdüyü ağır vəziyyətdən xilas etməyəcəyi hər kəsə, o cümlədən, Ermənistan rəhbərliyinə tamamilə aydındır".
Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana tək dörd günlük müharibədə deyil, real situasiyada uduzduğunu adi hesablamalar da sübut edir: "Ötən əsrin 90-cı illərində Azərbaycanın zəif vəziyyətindən və ona verilən dəstəkdən istifadə edərək Ermənistan ölkəmizin 20 faiz torpağını işğal edib və indi də bu situasiyanı qoruyub saxlamağa cəhd edir. Ancaq işğalçı ölkə o dövrdən 20 il keçdiyini və artıq bütün göstəricilər üzrə Azərbaycana uduzduğunu yada salmamağa çalışır.
Hal-hazırda Ermənistanın rəsmi olaraq 2.8 milyon, Azərbaycanın isə 9.7 milyon əhalisi var, bu isə müvafiq olaraq ordunun ehtiyat canlı qüvvəsi deməkdir.
Ermənistanın 2016-cı il üçün büdcəsi 2.8 milyard, Azərbaycanınkı isə 12 milyard ABŞ dolları, Ermənistanın ümumi daxili məhsulu 2015-ci il üçün 10.6 milyard, Azərbaycanınkı isə 54 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 73 faizini təşkil edir.
Ermənistanın 2016-cı il üçün hərbi büdcəsi 430 milyon ABŞ dolları, Azərbaycanınkı isə 4 milyard dollar təşkil edir. Müvafiq olaraq Azərbaycan ordusu ən müasir silahlarla təchiz edilib, Ermənistan ordusu isə Sarkisyanın özü etiraf etdiyi kimi həm köhnə silahlarla təchiz edilib, həm də ciddi silah-sursat çatışmazlığı ilə üzləşib".
A.Mirzəzadə bildirib ki, Ermənistanın indiyə qədər yeganə üstünlüyü cəbhə xəttində relyefə görə strateji yüksəkliklərin onun əlində olması idi: "Ancaq 2-5 aprel hərbi əməliyyatları zamanı Azərbaycan işğalçı ölkəni bu üstünlükdən də əsasən məhrum edib: "Hazırda Ermənistan ağır durumdadır və vəziyyətdən çıxış yolu tapa bilmir. Əhalisini isə vətənpərvərlik çıxışları ilə sakitləşdirməyə çalışır. Ancaq artıq sadə erməni bu populizmə inanmır, canını da Sarkisyanların hakimiyyəti üçün qurban vermək istəmir. Ona görə də erməni generalları bardan yığılmış qızları və çənəsi əsən qocaları könüllü adı ilə teleekranlara çıxarmağa çalışır".
Ceyhun ABASOV