Azərbaycan Tibb Universitetində (ATU) 9 may Qələbə Günü ilə bağlı II Dünya müharibəsi və arxa cəbhə veteranları ilə görüş keçirilib.
ATU-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ATU-nun rektoru Gəray Gəraybəyli Böyük Vətən müharibəsi veteranlarını və tədbir iştirakçılarını Faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib. “Müharibə illərində göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacağıq” – deyən rektor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar edib: “Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. 700 minə yaxın azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub”.
Görüşdə həmçinin ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, ATU-nun Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov da iştirak ediblər.
Tədbirdə universitetdə çalışan müharibə veteranları və “1941-1945-ci illərdə vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə mükafatlandırılıblar.
ATU-nun veteran təmsilçiləri - terapevtik stomatologiya kafedrasının dosenti, müharibə veteranı Mirzəyev Rüstəm, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti, arxa cəbhə veteranları Orucov Rəhim, kommunal və qidalanma gigiyenası kafedrasının professoru Qasımov Maqsud 500 AZN məbləğində pul mükafatı və hədiyyələr təqdim olunub.
Müharibə veteranları da rektor Gəray Gəraybəyliyə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər, müharibə illəri ilə bağlı xatirələrini danışıblar.
Tədbirdə qeyd edilib ki, təqribən 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.
Vəfa MƏMMƏDLİ