|
|
|
|
Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndə heyəti mayın 11-14 tarixlərində Türkiyənin Kastamonu şəhərində “1-ci Türkiyə - Azərbaycan beynəxalq münasibətlər” simpoziumunun iştirak ediblər.
Universitetdən “525”-ə verilən məlumata görə, ATMU nümayəndə heyətinə universitetin rektoru Cəfər Cəfərov başçılıq edib.
Simpoziumun açılışında Kastamonu Universitetinin rektoru Seyit Aydın və Turizm Universitetinin rektoru Cəfər Cəfərov çıxış ediblər
C.Cəfərov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
C.Cəfərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Turizm Universiteti 2013 – cü ildən həm Mevlana Mübadilə proqramı çərçivəsində, həm də iki universitetlə əməkdaşlıq edir. Mevlana Mübadilə proqramı çərçivəsində Kastamonu Universitetinin müəllimi Müharrem Avcı ATMU-da müvafiq ixtisaslar üzrə bir sıra fənləri tədris edib. Bu ilin1-ci tədris semestrində ATMU-nun daha 5 nəfər tələbəsinin Mevlana Mübadilə proqramından kənar, 2 nəfərin isə Mübadilə proqramı çərçivəsində Kastamonu Universitetində təhsil alması nəzərdə tutulub.
Rektor “1-ci Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər” mövzusuna həsr olunan simpoziumu iki ölkə arasında əlaqələrin faydalı davamı kimi dəyərləndirib.
“2-ci Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər” mövzusuna həsr olunan simpoziumun ölkəmizdə 2016-cı ilin payızında keçirilməsi qərara alınıb.
Vəfa MƏMMƏDLİ