|
|
|
|
Prezidentlərin Vyana görüşündən sonra Ermənistan Azərbaycana qarşı yenidən təxribatlara əl atmağa başlayıb.
Vaxtaşırı olaraq cəbhədə atəşkəsi pozan düşmən, həm də verdiyi sərsəm bəyanatlar, qeyri-ciddi davranışları ilə Vyana danışıqlarının davamı kimi prezidentlərin gözlənilən iyun görüşünü indidən sual altında qoyur. Əlbəttə ki, Ermənistan bu cür davranışlarını davam etdirəcəyi təqdirdə təmas xətti boyu hərbi toqquşmalar qaçılmaz hala gələ bilər. Belə görünür ki, düşmən məhz bunun arxasındadır. Aprel uğursuzluğundan sonra danışıqlar masasına oturmağa məcbur edilən Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv dialoqdan öz yaxasını çəkmək, xarici dairələrin təzyiqlərindən azad olmaq üçün cəbhədə gərginliyi artırıb Azərbaycanı hərbi toqquşmalara təhrik edərək dünya birliyi qarşısında ölkəmizi təqsirkar, özlərini isə əzabkeş kimi göstərməyə çalışırlar. Azərbaycan isə Vyana görüşündə əldə olunan razılaşmaya uyğun olaraq Ermənistanın təxribatlarına uymur, iyunda prezidentlərin növbəti görüşünü gözləyir.
Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu "525"ə bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün istənilən varianta hazır olmalıyıq: "Hazırda Ermənistanda vəziyyət nəzarətdən çıxdığı üçün münaqişənin daha da alovlanması istinsa edilmir. Lakin fakt budur ki, Ermənistan prezidenti Serj Sarkisyana göstəriş verilib. Ona görə də, işğal rejim rəhbəri verilən tapşırıqları yerinə yetirməklə məşğul olur. Bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti artıq Manvel Qriqoryanın dəstəsini Qarabağdan çıxardıb. İşğalçı rejim tədricən digər dəstələri də işğal zonasından çıxardacaq. Yəni, Serj Sarkisyana bu gün çox güclü təzyiqlər var. O bu işləri görmək məcburiyyətindədir. Lakin şübhə yoxdur ki, Sarkisyana qarşı edilən təzyiqlər bir az azalan kimi o prosesi əks istiqamətə çevirməyə çalışacaq. Ona görə də, ermənilərin vədinə inanmaq lazım deyil. Ermənistan tərəfindən ola biləcək təxribatlara həmişə hazır olmaq lazımdır".
Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra ermənilər atəşkəslə bağlı öhdəliklərinə əməl etmirlər. O "milli.az"a bildirib ki, Azərbaycan Vyana görüşünə diqtə edən tərəf kimi getmişdi: "Bu görüş ermənilərə ona görə sərf edirdi ki, artıq Ermənistanda sabitlik pozulub, iqtisadi vəziyyət daha da ağırlaşıb və onlar bu görüşdən müəyyən bir vaxt udmağa çalışırdılar. Lakin bütün gedişat göstərir ki, ermənilər bu vaxtdan heç də atəşkəsə əməl etmək üçün istifadə etmirlər".
Politoloq qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ ərazisinə səfəri, orada qoşunların təmas xəttində və Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilərə yaxın məsafələrdə hərbi təlimlərin keçirilməsi, Serj Sarkisyan tərəfindən baş qərargah rəisi müavininin və digər hərbçilərin işdən azad edilməsi göstərir ki, onlar atəşkəsi pozmağa meyllidirlər: "Bu isə çox acınacaqlı fəsadlara gətirib çıxara bilər. Ermənilər beynəlxalq ictimaiyyətə söz vermişdi ki, iyun ayı ərəfəsində atəşkəs pozulmayacaq, ancaq verdikləri sözü tutmurlar. Yenə də çalışırlar ki, status-kvo saxlanılsın və danışıqlar prosesi pozulsun. Əgər proseslər belə getsə, düşünmürəm ki, iyun ayında danışıqlar uğurla baş tutsun".
A.Nağıyev vurğulayıb ki, Türkiyədə keçirilən Dünya Humanitar Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi, Ermənistanın son vaxtlar verdiyi məsuliyyətsiz bəyanatları diqqətə çatdırdı və onları bir daha sülhə dəvət etdi: "Düşünürəm ki, ermənilər bundan da bir nəticə çıxarmalı, məhz beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almalıdırlar".
Politoloq əlavə edib ki, istər siyasi, istər iqtisadi cəhətdən Ermənistan Azərbaycanla üz-üzə dayana bilməz.
Əgər Ermənistan buna qədər danışıqlarda iştirak edib qeyri-konstruktiv mövqeyini davam etdirirdisə, aprel ayının əvvəllərində təmas xətti boyu ermənilərin törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması və işğal altında olan ərazilərin kiçik bir qisminin geri qaytarılması səbəbilə hərbi xunta beynəlxalq birliyi və o cümlədən, Azərbaycanı danışıqlara son qoyacağı ilə hədələməyə başladı. Bundan əlavə, düşmən ölkə növbəti dəfə Dağlıq Qarabağda yaradılan qondarma rejimin "müstəqilliyi"ni tanıyacağını, eləcə də nüvə silahı əldə edəcəklərini bildirərək vəziyyətini daha da qəlizləşdirdi. Nəticədə, vasitəçi dövlətlərin qəzəbinə tuş gələn Ermənistan danışıqlar masasına oturduldu. Bu, işğalçı ölkə rəhbəri Serj Sarkisyanın zəif iradəli olmasıyla bərabər siyasi səbatsızlığının da göstəricisi sayıla bilər. Sarkisyandan fərqli olaraq dünya siyasi arenasında xüsusi nüfuza malik Prezident İlham Əliyevin dəfələrlə danışıqlar xatirinə danışıqlar masasına əyləşməyəcəyini bəyan etdiyini nəzərə alsaq, ölkə başçısının Vyana danışıqlarına razılıq verməsi görüşün gündəmində olan mövzuların münaqişənin həllində müsbət irəliləyişlərə yol açacağına işarə edirdi. Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü bir sıra pozitiv məqamlarla yadda qaldı. Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə danışıqlarda ABŞ dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Endryu, eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak etdilər. Bu, aprel döyüşlərindən sonra vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivləşdiklərini, məsələyə daha ciddi yanaşdıqlarını göstərir.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun 2-5 aprel tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışırdı, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Buna cavab olaraq ATƏT-in Minsk Qrupu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün təzyiq göstərməyə başladı. Artıq Ermənistan və ATƏT-in Minsk Qrupuna üzv dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, danışıqları uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün olmayacaq.
Azərbaycan atəşkəsin müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana işğalçı Ermənistanla danışıqları davam etdirməklə regionda sülhün tərəfdarı olduğunu nümayiş etdirdi. Buna görə də, danışıqlar heç bir nəticə verməsə, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməsə və Azərbaycan beynəlxalq hüquqa dayanaraq torpaqlarını müharibə yolu ilə işğaldan azad etsə, heç bir xarici qüvvə rəsmi Bakının sülh tərəfdarı olduğunu inkar edə bilməyəcək. Bu reallığı dərk edən vasitəçi dövlətlər Ermənistanı danışıqlar masasına oturmağa məcbur etdilər.
Cəbhədə son döyüşlərdə Ermənistan ordusunun yaşayış məntəqələrini, mülki əhalini hədəfə alması, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman etməsi, eləcə də dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən, kimyəvi silahdan istifadə etməsi bilavasitə işğalçı ölkənin gücünü deyil, acizliyini göstərməklə bərabər onların əleyhinə işləyən addımlar oldu. Çünki bu faktlar vaxtında təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırıldı. Təkcə vasitəçi dövlətlərin deyil, ümumilikdə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri işıqlandırmaq üçün bölgəyə səfər edən xarici media mənsublarının gözü ilə bütün dünya ictimaiyyəti şahid oldu ki, Ermənistanın təxribatlarına qarşı Azərbaycan düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verir. Son aprel hadisələri zamanı da ordumuzun qarşısına qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alınmaması ilə bağlı idi.
Ona görə də ekspertlərin gəldiyi qənaət belədir ki, Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır. Bu baxımdan diqqətlər iyun ayında baş tutacaq görüşə yönəlib. Bu dəfəki danışıqlarda əldə olunacaq nəticələr münaqişə ilə bağlı prosesdə növbəti mərhələnin anonsu olacaq. Ona görə də, iyuna qədər olan müddəti Ermənistana düşünüb konstruktiv yola gəlmək üçün verilən vaxt kimi başa düşmək lazımdır. Bundan sonra prosesin siyasi və ya hərbi müstəvidə davam etdiriləcəyinə qərar veriləcək.
Ceyhun ABASOV