AMEA Naxçıvan Bölməsində "Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika" mövzusunda elmi-praktik konfrans keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibəti ilə keçirilən konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə böyük hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndən də göründüyü kimi, bu möhtəşəm tarixi hadisə xalqımızın müstəqillik amalını daha da gücləndirib. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub.
Bildirilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı "Respublika Günü" kimi qeyd edir.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun milli dövlət quruculuğu sahəsində fəaliyyəti mövzusunda elmi məruzə edib. Məruzədə vurğulanıb ki, yarandığı gündən bəri demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqin, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi düşüb. Naxçıvanlıların, zəngəzurluların erməni təcavüzünə qarşı əzmkar mübarizəsi dəfələrlə parlamentdə təqdir edilib və bu bölgələrlə bağlı qızğın müzakirələr aparılıb. Bütün bu müzakirələrlə, qəbul edilən qanunlarla tanış olduqca bir daha qürur duyursan ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti o dövrün ən demokratik quruluşlarından biri olub. Tariximizin birinci respublikasının dövründə əsası qoyulan ənənələrin varisliyi müasir müstəqil Azərbaycan Respublikasının fəaliyyəti ilə tam təmin olunur.
Nərgiz İSMAYILOVA