Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzi nəinki adıçəkilən regionda, bütövlükdə, respublikamızda qabaqcıl mədəniyyət mərkəzlərindən sayılır.
2008-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan sözügedən müəssisə ötən illər ərzində gənc ifaçıların üzə çıxarılmasında, muğam musiqisinin tədrisi və təbliğində, region əhalisinin asudə vaxtının səmərəli təşkilində müstəsna xidmətlər göstərib.
Mərkəzin direktoru Tofiq Cəfərovun dediklərinə görə, sözügedən mədəniyyət müəssisəsinin müəllim və şagird kollektivi ilboyu bütün bayram tədbirlərində, mərasimlərdə, eləcə də cəbhə bölgələrində geniş konsert proqramları ilə müntəzəm çıxışlar edir, müxtəlif müsabiqələrdə, musiqi festivallarında uğurlu nəticələrə imza atır.
Sözün həqiqi mənasında, bu gün Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ölkəmizdə nümunəvi bir mədəniyyət kollektivinə çevrilib. Təsadüfü deyil ki, kollektivin son illər əldə etdiyi təcrübə Qarabağda və ətraf bölgələrdə fəaliyyət göstərən incəsənət və uşaq musiqi məktəblərində geniş yayılır. Respublika Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq kollektivin iştirakı ilə həmin musiqi müəsisələrində təcrübə mübadiləsi aparılıb, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə konsert proqramları təşkil olunub. Zərdab, İmişli və Yevlax rayonlarında sərgilənən belə konsert tamaşaları rəğbətlə qarşılanıb. Direktorun sözlərinə görə, yubiley konsertləri Beyləqan, Laçın, Bərdə, Tərtər və digər bölgələrdə də davam etdiriləcək.
Konsert tamaşalarında təcrübəli müəllimlər Əhəd Təhməzov və İsa Məmmədovun yetirmələri Ceyhunə Tofiqqızı, Nərmin Soltanova, Zəhra Məmmədova, Sübhan Qasımov və Nəcibə Məmmədovanın çıxışları uğurlu alınıb. Onların ifasında səsləndirilən “Şahnaz”, “Qatar” muğamları, “Mənsuriyyə”, “Heyratı”, “Arazbarı”, “Osmani”, “Avşarı” zərb-muğamları, xalq və bəstəkar mahnıları alqışlarla qarşılanıb.
Kollektivin üzvləri respublikanın televiziya kanallarında da öz qabiliyyətlərini məharətlə nümayiş etdirirlər. Onların “El” TV-nin “Xəzinə” və “Səhər” proqramlarında çıxışları bu baxımdan xüsusi önəm daşıyır.
Muğam Mərkəzinin şagirdi Nəcibə Məmmədovanın kanalda canlı yayımla ifa etdiyi “Şahnaz” muğamı münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib.
Mərkəzin digər nümayəndəsi Ceyhunə Tofiqqızı Xan Şuşinski adına üçüncü respublika muğam festivalının seçim mərhələsində uğurla çıxış edərək, finala qatılmaq hüququ qazanıb.
Muğam mərkəzinin yetirmələri, istedadlı ifaçılar,Nəcibə Məmmədova, Ceyhunə Tofiqqızı və Zəhra Məmmədova növbəti respublika televiziya muğam müsabiqəsinə ciddi hazırlaşırlar. Bunlardan əlavə, Qarabağ Muğam Mərkəzinin kollektivi digər musiqi məktəbləri kollektivləri ilə birgə yay mövsümündə əhalinin istirahətinin səmərəli təşkili məqsədi ilə iyun ayından başlayaraq, həftənin şənbə günləri Ağcabədi rayonundakı Heydər Əliyev mədəniyyət və istirahət parkında təşkil olunacaq konsert proqramlarında da fəal iştirak edəcək.
T.Cəfərov vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Qarabağ Muğam Mərkəzinə daim diqqət və qayğı göstərir. Fond tərəfindən son vaxtlar Mərkəzə xeyli sayda müxtəlif musiqi alətləri, muğamlarımızdan ibarət kaset və disklər təqdim edilib. Bu yüksək diqqət və qayğı minnətdarlıqla qarşılanıb və kollektiv üzvlərinin hər birini daha böyük nailiyyətlər əldə etməyə ruhlandırıb .
Direktor Muğam Mərkəzinin fəaliyyətinə, bölgələrdə nümayiş etdirdiyi konsertlərin təşkilinə Mədəniyyət və Turizm Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm dəstək göstərildiyini də qeyd edib.
Yəhya PAŞAZADƏ