|
|
|
|
Dünən “Mirzə Ələkbər Sabir” Fondu dahi Azərbaycan şairi M.Ə.Sabirin 154 illiyi münasibətilə jurnalistlərlə ənənəvi səhər yeməyi toplantısı keçirib.
Görüşdə M.Ə.Sabirin həyat və yaradıcılığı ilə bağlı bəzi məqamlara dəqiqlik gətirilib, bu zamana qədər bəlli olmayan faktlar barədə məlumat verilib, eləcə də şairin adını daşıyan Fondun ötən bir il ərzində gördüyü işlərdən danışılıb.
Fondun prezidenti, görkəmli şairin nəvəsi Sevda Tahirlinin dediklərinə görə bu ilki tədbir Fondun yaradıldığı gündə təşkil olunub: “Beləcə, həm dahi Sabir anılır, həm də Fondun jurnalistlərlə əlaqələri genişləndirlir. Tədbirin keçirilməsində məqsəd Sabiri anmaq, onun ədəbi dəyərlərini vurğulamaq, təbliğ etməkdir”.
S.Tahirli qeyd edib ki, bu il şairin anadan olmasının 154 illiyi ərəfəsində onun Şamaxıdakı məzarı üzərindəki məqbərə yenidən qurulub: “Buna səbəb əvvəlki abidənin inşası zamanı bir çox səhvlərə yol verilməsidir. Əvvəlki abidənin inşası zamanı ərazinin relyefi nəzərə alınmadığından yağış suları məqbərənin içərisinə dolurdu. Restavrasiya zamanı bu problem artıq aradan qaldırılıb. Həmçinin yeni abidə müasirliyi ilə də diqqəti cəlb edir”.
Sevda Tahirli “Mirzə Ələkbər Sabir” Fondunun fəaliyyət dairəsinə aid olan “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” mərhələlərinin nəticələri, gənclərin maarifləndirilməsi, mədəni irsə və milli geyimə rəğbət sahəsində reallaşdırdığı konkret tədbirlər barədə də məlumat verib. Sonda tədbir iştirakçılarına Mirzə Ələkbər Sabir haqqında “Xatirələr” kitabı hədiyyə edilib.
Qeyd edək ki, görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. 1911-ci il iyulun 12-də isə 49 yaşında, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında doğulduğu Şamaxı şəhərində vəfat edib.
Ceyhun ABASOV