|
|
|
|
Azərbaycan olduqca zəngin tarixə malikdir. Bu zənginliklər arasında özünün məxsusi yeri və rolu olan yaşayış məskənlərindən biri də Muğandır.
Qədim memarlıq, sənətkarlıq və mədəniyyət nümunələrinin geniş təşəkkül tapdığı məkanlardan biri sayılan Muğan özünün füsunkar gözəlliyi, təbiəti ilə deyil, həm də mislisiz sənət əsərləri ilə yerli sakinlərlə yanaşı əcnəbiləri də daim ovsunlayıb.
Bunu tarix boyu ölkəmizdə olmuş xarici qonaqlar, səyyahlar da etiraf ediblər.
Şübhəsiz ki, Səməd Vurğunun "Muğan" poeması və Muğanla bağlı digər əsərlər, əcnəbilərin müsbət fikirləri heç də təsadüfi meydana gəlməyib.
Muğan tarixi mənbələrdə
Muğan düzü (Muğan Çölü) - Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir.
Muğan haqqında 3500-4000 il bundan əvvəl tarixi mənbələrdə, bütöv, bəzən isə ayrı-ayrı dövlətlərin tərkibində olması barədə məlumatlar var. Alman səyyah Adam Oleari yazırdı: "Türklər bu səhraya "mindünlük", yəni "1000 - bacalı yer" adını veriblər. Qədim iranlılar isə onu "Mokan", yaxud "Muğan" adlandırıb".
Mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyektdən bəhs olunur. Orta əsrlərdə Qəbələ ilə həmsərhəd olub, Girdiman və Göyçay çaylarının aşağı axarı boyu ərazi Muğaniyyə adlanırdı. Bəzi tədqiqatçılara görə, Muğan vilayəti və düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində (IX-X əsrlər) Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunub. İbn Xordadbeh (IX əsr) Muğan hakimi Şəklə haqqında, Müqəddəsi (X əsr) başdan-başa bağ-bağatla əhatə olunmuş bu şəhərin gözəlliyi, əhalisinin hörmətcil və səxavətli olması barədə məlumat verib.Qərnati, Zəkəriyyə Qəzvini və başqaları ümumiyyətlə, Muğan ölkəsi, onun geniş ərazidə yerləşməsi, iqliminin Azərbaycanın başqa yerlərinə nisbətən isti, heyvandarlıq üçün yararlı otlaqlara malik olması haqqında məlumat verir, yerli əhalini türkmənlər adlandırırlar. Antik müəlliflər (Hekatey, Herodot və başqaları) də tarixi Mukan ərazisində (indiki Muğan düzü) mik/muk tayfası haqqında məlumat veriblər.
Azərbaycanda Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Tədqiqatçılar bu toponimləri muq etonimi ilə əlaqələndirirlər. Heredot öz əsərlərində muqların yaşadığı ərazi, onların atəşpərəstliyin kahinləri olmaları barədə məlumatlar yazıb. Tarixçi-alim Birunu isə öz əsərlərində qeyd edib ki, Zərdüşt hər il Muğanda yığıncaqlar keçirib, orada müxtəlif məsələlərdən danışılıb. Bu ərazidə yerləşən Quru dərədə tunc dövrünə aid bir çox əşyalar tapılıb. Şərqin heç bir yerində rast gəlinməyən çay daşı üzərindəki üç ocaq, altı atəş möhürü də Quru dərə ərazisində tapılıb. Azərbaycan nağıllarının, miflərinin əsasında duran 7 qardaş qəbirlər də bu ərazidədir. Muğan ərazisində aşkarlanmış və Azərbaycan tarixinə "Sabirabad dəfinəsi" kimi daxil olan sikkələr 1-ci Axistana (XII əsrin sonu), 2-ci Toğrula (1177-1194), 2-ci Fərubuza məxsus olub. Muğan ərazisində həmçinin Eldəgiz və Şirvanşahlara məxsus pullar da tapılıb.
Tarixi faktlara əsasən, Muğan mədəniyyəti son tunc - erkən dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin ikinci yarısı - eramızdan əvvəl I minilliyin əvvəllərinə aid edilən mədəniyyət olub. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və balıqçılıqla məşğul olublar. Muğanda sənətkarlıq geniş inkişaf edib. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplərdən ən çox təsərrüfat məqsədilə istifadə olunub. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilib.
Tarixi mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar var. Hətta Xəsrin "Hüdud-ul-aləm" əsərində Muğanda toxunan xovlu, ya xovsuz xalçaların qiymətsiz əşya olmasına yer verilir.
Muğanın iqtisadiyyatı
Muğanın iqtisadiyyatında heyvandarlıq, maldarlıq və qoyunçuluq xüsusi yer tutur. Həm Muğan düzünün torpağının məhsuldarlığı, həm də bölgədən Azərbaycanın nəhəng çayları olan Araz və Kürün keçməsi əkinçiliyin inkişafı üçün böyük imkan yaradıb. Hazırda Baş Mil-Muğan kollektoru burada kənd təsərrüfatının inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Uzunluğu 141 kilometr olan və tikintisinə 1985-ci ildən başlanılıb, 1992-ci ilin əvvəlində istifadəyə verilən Baş Mil-Muğan kollektoru ilə Muğan zonasında meliorasiya işi genişlənərək, ərazidə qrunt sularının səviyyəsinin norma daxilində saxlanılması təmin edilib. 280 min hektar əraziyə xidmət edən bu kollektoru Azərbaycanda dünya standartlarına cavab verən ən böyük meliorasiya obyekti kimi fəaliyyət göstərir. Gələcəkdə kollektorun xidmət etdiyi ərazi Dövlət Fondu torpaqlarının əkin dövriyyəsinə daxil edilməsi hesabına 750 min hektara çatacaq.
Muğanın iqtisadiyyatında balıqçılıq da mühüm rol oynayır.
Saatlı - Muğanın siması
Muğandan danışarkən Araz çayının hər iki sahilində yerləşən Saatlıdan bəhs etməmək mümkün deyil. 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilib. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu alıb. Saatlı Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1180,5 km2, əhalisi100 min nəfərdir.
"Saatlı" etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçüb. Saatlıların bir qismi Qazax zonasında, 1795-1798-ci illərdə isə saatlıların bir hissəsi Qarabağda məskunlaşıb. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin - Saadlı tayfasının etnik adıdır.
Ulu öndərin gəlişi Saatlıya yeni nəfəs gətirdi
Azərbaycanın digər bölgələri kimi Saatlı rayonunun da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə - 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycan Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olaraq, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.
XX əsrin 70-80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılıb. Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 Mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion,
idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilib.
2004-cü ildə ulu öndərin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılıb.
Sürətli tərəqqi siyasətinin mərkəzində dayanan Saatlı
Azərbaycan Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, bu rayon da son illər sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb. Hazırda düzgün müəyyənləşdirilmiş səmərəli idarəetmə təcrübəsi və yerli sakinlərin özlərinin zəhmətsevərliyi nəticəsində rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb, aqrar sahə və infrastruktur dinamik inkişaf etməkdədir.Son illər Saatlı rayonunda görülmüş işlərin təhlili və statistik məlumatlar da göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlu nəticələr əldə olunub. 2015-ci ildəki sosial-iqtisadi göstəricilər də bunu təsdiqləyir. Rayonun ümumi məhsul istehsalının həcmi 2,8 faiz artıb, ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84 faiz təşkil edib. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı 6 faiz, rabitə üzrə 7 faiz, ticarət üzrə 9,2 faiz, nəqliyyat üzrə 4,3 faiz artım qeydə alınıb.
Son illər rayonda aparılan abadlıq və quruculuq işləri, sosial infrastruktur sahəsində həyata keçirilən tikintilər dövlət başçısının sərəncam və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına yerinə yetirilib, eyni zamanda, daxili imkanlardan, yerli resurslardan maksimum istifadə edilməsinə diqqət artırılıb. Təkcə 2008-ci ildən ötən dövr ərzində 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 yerlik olmaqla 3 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa edilib, 6114 yerlik 8 məktəb, 112 yerlik və 75 yerlik olan 2 bağça əsaslı təmir olunub.
Prezident İlham Əliyev son 7 ildə 6 dəfə Saatlıya səfər edərək, görülən işlərlə yaxından tanış olub. Dövlət başçısının rayona səfəri hər dəfə yeni obyektlərin, yenidən qurulmuş yol infrastrukturlarının açılışı ilə yaddaşlara həkk olunub.
Qeyd edək ki, Saatlı respublikada yeganə rayondur ki, bütün kəndlərin yolu müasir tələblər səviyyəsində qurulub və asfaltlanıb.
Vətənin müdafiəsinə böyük töhfə
Rayon əhalisi Vətənin müdafiəsində, ərazi bütövlüyümüzün, dövlətçiliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində, Qarabağ döyüşlərində həmişə öndə getmiş, bu yolda canlarından da keçməyə hazır olduqlarını sübut ediblər. Böyük Vətən müharibəsi dövrünə bu rayondan 1600 nəfər cəbhəyə getmiş və 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyaların tərkibində şərəflə döyüşüblər. Onlardan 533 nəfəri həlak olub.
Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə sinələrini düşmən gülləsinə sipər etmiş və Vətən torpağı uğrunda mərdliklə vuruşublar. Bu şərəfli yolda 116 nəfər gənc şəhid olub. 1995-ci ilin mart hadisələrində isə dövlət çevrilişinə cəhd etmək istəyən qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizədə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəman Elşən Hüseynovun rayon Mərkəzi Xəstəxanasının həyətində qoyulmuş büstü gənc nəsil üçün vətənpərvərlik, mərdlik simvoluna çevrilib.
İsgəndər HƏSƏNOV
Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur