|
|
|
|
DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən “Gənclərin sosial-iqtisadi faydaların yaradılmasında rolu” mövzusunda oktyabr 2012 – aprel 2013-cü illəri əhatə edən “Respublika Gənclər Debat Forumu – 2012/13” davam edir.
525.az-a daxil olan məlumatda bildirilir ki, 2012-ci ilin oktyabr-dekabr aylarını əhatə edən layihənin birinci mərhələsində gənclər “Gənclərin sosial-iqtisadi faydaların yaradılmasında rolu” mövzusu ətrafında fikir mübadiləsi apardılar və öz təkliflərini irəli sürdülər. Layihənin birinci mərhələsi ərzində gənclər öz maraq dairələri üzrə toplanaraq təlimləndirildilər, fəallaşdırıldılar və öz təşəbbüsləri ilə çıxış etmək imkanı əldə etdilər. Layihənin birinci mərhələsində Abşeron, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran, Gəncə-Qazax, Dağlıq Şirvan, Aran iqtisadi rayonları daxil olmaqla 17 şəhər və rayonu təmsil edən (Bakı, Sumqayıt, Qax, Zaqatala, Balakən, Qəbələ, Şabran, Quba, Siyəzən, Şamaxı, Yevlax, Qusar, İsamyıllı, Gəncə, Lənkəran, Sabirabad, Şəki) 5011 nəfər gənc iştirak edib.
Yanvar-mart 2013-cü il müddətini əhatə edəcək layihənin ikinci mərhələsi çərçivəsində 17-18 fevral tarixlərində Quba-Xaçmaz iqtisadi rayonunun gənclərinin iştirakı ilə Qusar Gənclər və İdman İdarəsi ilə birgə Qusar Regional Debat Mərkəzi tərəfindən “Qusar Regional Gənclər Debat Forumu – 2012/13” həyata keçirildi. Bununla yanaşı, Gəncə Regional Debat Mərkəzi Bərdə Şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənnlər təmayüllü lisey-məktəbi ilə birgə “Regionların sosial inkişafında gənclərin fəaliyyəti özünü doğruldur ” mövzusunda Bərdə Məktəblilər Forumu həyata keçirdi. 8-11 fevral tarixlərində 46 şagirdə debat metadologiyası və natiqlik bacarıqları üzrə təlimlər keçirildi. Forumun yekun mərhələsi isə 17 fevral 2013-cü il tarixində baş tutdu. Hər iki forumun yekun mərhələsində bütün iştirakçılar şəhadətnamələr, qaliblər isə kubok və medallarla təltif olundular. Növbəti həftələrdə digər şəhər və rayonlarda tədbirlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan olunması ilə bağlı imzaladığı sərəncama əsasən, xüsusi proqram təminatı vasitəsi ilə virtual olaraq keçiriləcək “Respublika Gənclər Debat Forumu – 2012/13” yekun mərhələsində 7 iqtisadi rayonun qalib komandaları iştirak edəcəkdir. Forumun qalibləri “Respublika Gənclər Debat Forumu”-nun keçici kubokunun sahibi olacaq.
“Azərbaycanda 2013-cü ilin İKT ili elan olunması bir daha sübut etdi ki, bu sektor ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biridir. İKT sektorunun inkişafını gənc mütəxəssislər olmadan təsəvvür etmək olmaz. İT Universitetinin yaradılması, xaricdə təhsil almağa göndərilən tələbələrimizin qarşısında İT ixtisaslarının prioritet olaraq nəzərə alınması bizlər üçün müsbət göstəricidir. Gənclərin bu sahəyə marağının artırılması çox vacibdir. Tərəfimizdən keçirilən ilk geniş miqyaslı virtual debatlarda 7 iqtisadi rayonun iştirakı görülən işlərin bir parçasıdır” – DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Sədri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov layihənin təşkilat komitəsinin iclasında qeyd etmişdir.
DVC hal-hazırda 28000 üzv, 45 region, 8 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurmuşdur və bu gün bu lahiyənin icrasında da öz profesionallığını göstərir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilatmız 2005, 2007-ci illər ərzində “İlin Ən Yaxşı Gənclər Təşkilatı” seçilib. 2007 və 2011-ci illərdə AR Prezidenti Cənab İlham Əliyevin fəal gənclərlə görüşündə iştirak edib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi İDEA (Beynəlxalq Debat Təhsil Asosiassiyasının, www.idebate.org) səsvermə hüquqlu üzvüdür. ABŞ-da yerləşən Milli Biznes İnkubatorlar Asosiassiyasının (NBIA,www.nbia.org) “Qızıl Tərəfdaşı”, Amerika Azərbaycan Ticarət Palatasının (AmCham) tam hüquqlu üzvü və bir neçə milli şəbəkənin həmtəsisçisi/üzvüdür.