|
|
|
|
Türkiyə ilə Rusiya və İsrail arasında buzlar əriyir.
Tərəflər artıq münasibətləri normallaşdırmaq üçün üzərlərinə düşən ilk addımları atıblar. Su-24 qırıcısının vurulmasına görə Türkiyə Rusiyadan, Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinin 9 heyət üzvünün ölümü ilə nəticələnən hadisəyə görə İsrail Türkiyədən üzr istəyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda qeyd edib ki, Rusiya Türkiyənin dostu və strateji tərəfdaşıdır: "Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rusiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq".
Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün əlindən gələni etməyə hazırdır.
Türkiyə-İsrail ikitərəfli münasibətlərinin normallaşdırılması haqqında razılaşma isə Romada imzalanıb. Məlumata görə, razılıq sazişində rəsmi Ankaranın irəli sürdüyü bütün tələblər tam və ya qismən qəbul edilib. Sənəddə İsrailin 2013-cü ilin mart ayında Türkiyənin birinci tələbini yerinə yetirdiyini və tarixində ilk dəfə "xarici bir dövlətdən üzr istədiyi" vurğulanıb. Əldə olunan razılaşma çərçivəsində Türkiyənin təzminat şərti də İsrail tərəfindən qəbul edilib. Rəsmən təsdiqlənməyən məlumatlara görə, İsrail hadisə zamanı öldürülən heyət üzvlərinin ailələrinə təzminat üçün 20 milyon dollar pul ayırıb.
Türkiyənin əvvəldən bəri ən əhəmiyyətli şərt olaraq irəli sürdüyü embarqonun ləğvi barədə isə dəqiq heç bir məlumat olmasa da, İsrailin Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul etdiyi bildirilir.
Əldə olunan razılaşmaya əsasən, Türkiyə Qəzzaya humanitar yardım daxil, mülki məqsədli vəsaitlər göndərə, bölgənin infrastrukturunun qurulmasına və bərpasına investisiya qoya biləcək. Bu istiqamətdə Qəzza xalqının istifadəsi üçün yaşayış məskənlərinin inşa ediləcəyi və 200 yataqlı Türkiyə-Fələstin Dostluq xəstəxanasının ən qısa zamanda xidmətə açılacağı gözlənilir. Qəzza xalqının ən təcili ehtiyacları olan elektrik və içməli su probleminin həlli üçün yeni stansiyaların tilkiləcəyi də sazişin şərtlərindən biridir.
Bütün bunlar Türkiyədə Əhməd Davudoğlunun baş nazirlik və "Ədalət və İnkişaf" Partiyasından istefa verdikdən sonra seçilən yeni baş nazir Binali Yıldırımın rəhbərlik etdiyi 65-ci hökumətin fəaliyyətinin ilk aylarında reallaşıb. Bu o deməkdir ki, yeni hökumətin fəaliyyəti öz müsbət nəticələrini verməkdədir.
Türkiyənin problem yaşadığı dövlətlərlə münasibətlərini qaydaya salması Azərbaycanın da ictimai-siyasi mühitində müsbət qarşılanır.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Türkiyənin dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq onun hava sərhəddini pozmağa davam edən Rusiya qırıcısını vurması doğru addım idi: Türkiyə bununla bütün dünyaya başa salıb ki, kimin hansı gücü olmasından asılı olmayaraq mənim sərhədlərimi keçmək olmaz və belə olduqda ən sərt addımlara hazıram".
Hazırda münasibətlərin normallaşdırılması istiqamətində Türkiyənin Rusiyadan üzr istəməsini də düzgün qərar hesab edən F.Mustafa qeyd edib ki, Ankara atdığı addıma görə, Qərbdən lazımi dəstəyi ala bilməyib: "Əksinə ABŞ-a görə Suriyada Rusiya ilə münasibətlərini gərginləşdirən Türkiyəyə ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə cavab verib. Avropa Birliyi miqrant məsələsində verdiyi vədi yerinə yetirməyib və bütün yükü Türkiyənin üzərinə qoyub. Almaniya da daha irəli gedərək saxta erməni soyqırımını tanıyıb".
Deputat deyib ki, "mən demişdim axı üzr istəyəcək", "mən demişdim axı rusun təyyarəsini vurmaq olmaz" ifadələrini indi tez-tez bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə bunun qısa bir izahı var: "Xarakterimi göstərdim, gücüm çatana qədər dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim. Situasiyanın tələbi budur ki, Türk ordusunun küncə sığışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır. Açığı söyləyim ki, rus təyyarəsi ilə bağlı epizodda ölkə prezidentinin addımı bədəli nə olursa olsun, əsaslandırılmış idi. Bu həm də Rusiya ilə sanksiya dili ilə danışan Qərb dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi".
Partiya sədri hesab edir ki, Ərdoğanın əsl problemi İsraillə münasibətlərin mənasız yerə pozulmasından başlayıb: "Qəzza məsələsinə görə bu qədər dərinə gedilməsinin izahını vermək mümkün deyil. Məsələn, Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır. Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcək. Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İsraillə münasibətləri pozmaq bahasına etmək doğru deyil. Sırf iqtisadi baxımdan isə bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə vurulmuş oldu".
F.Mustafanın fikrincə, İsrail və Rusiya həmlələrinin ardından Ərdoğan özündə güc tapıb rəsmi Misirlə münasibətlərin normallaşmasına çalışmalıdır: "İranla bağlı siyasətin də müsbət məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir problemi qarşıya çıxara bilər. Azərbaycan üçün isə bu addımların müsbət sonluğa varması hava-su kimi lazımdır".
Bu arada Böyük Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil olmasına ölçdüyü üç min illik müddətə də toxunan deputat qeyd edib ki, Birləşmiş Krallıq Avropa İttifaqında qalmaqla bağlı keçirilən referendumun nəticəsinə heç üç saat da qatlana bilmədi: "Deməli, siyasətin konturları texnoloji inqilab sürəcində daha çevik dəyişəndir. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək, dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra istənilən üzr, qəbahətdən betər olur".
Milli Məclisin deputatı Adil Əliyev isə bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması istiqamətində xəbərlərin yayılması yaxşı haldır: "Türkiyənin dünyəvi dövlət olması o deməkdir ki, Türkiyə və türk milləti vurmağı, bağışlamağı və lazım olanda üzr istəməyi bacarır. Əvvəllər də iki dövlət arasında əlaqələrin müsbət inkişafı, yalnız rus və türk xalqlarının qazanmasına səbəb olurdu. Nəzərdən qaçırmaq olmaz ki, siyasətdə əbədi düşmənçilik heç bir tərəfə sərf etmir. Bunu iki ölkənin liderləri görür və artıq ilkin mesajlarını verirlər.
Şübhəsiz ki, münasibətlər yaxşılaşarsa, bunu ilk alqışlayan rəsmi Bakı olacaq. Hiss olunan odur ki, münasibətlərin normallaşmasında Azərbaycan prezidentinin və diplomatiyasının böyük rolu olub".
Deputat hesab edir ki, iki dövlət arasında əlaqələrin əvvəlki kimi olması, rəsmi Bakının maraqlarına cavab verir.
Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin dondurulmasına gətirib çıxaran SU-24 qırıcısının vurulması hadisəsi keçən ilin noyabrın 24-də baş verib. O vaxtdan etibarən tərəflər arasında münasibətlər bütün sahələrdə dayandırılmışdı.
Türkiyə ilə İsrail arasında isə gərginliyin təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən tədbirdə qoyulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail dövlətinin prezidenti Şimon Peresi fələstinlilərə münasibətdə obyektiv olmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək sözünü kəşmişdi.
Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşandı. Münasibətlərdə ziddiyyətin zirvəsi 2010-cu il mayın 31-də oldu. İsrailin Fələstinə qarşı tətbiq etdiyi embarqonu yarmaq üçün türk gəmisi "Mavi Maramara" Qəzza zolağına humanitar yardım apararkən, İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalmışdı. Hücum beynəlxalq sularda baş vermiş və gəmidəki 9 heyət üzvü öldürülmüşdü. O zamandan etibarən, Türkiyə İsrail münasibətləri kəskin şəkildə pisləşmiş, Ankara Təl-Əviv qarşısında 3 tələb qoymuşdu: hadisəyə görə üzr istənilsin, Qəzzaya qarşı tətbiq olunan embarqo ləğv olunsun və gəmiyə hücum zamanı zərər çəkmişlərə təzminat ödənilsin.
Ceyhun ABASOV