"İctimai iştirakçılıq inkişaf etməkdə olan demokratik cəmiyyətlər üçün yeni bir ənənənin formalaşmasıdır. Bu, ilk növbədə demokratik cəmiyyətdə vətəndaşın konstitusion hüquqlarının gerçəkləşməsinə xidmət edən bir vasitədir”.
525.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova jurnalistlərə açıqlamasında “İctimai iştirakçılıq haqqında” yeni qanun layihəsini şərh edərkən bildirib.
Onun dediyinə görə, bu, həm vətəndaş üçün, həm də hakimiyyət üçün yeni münasibətlər sisteminin bərqərar olmasıdır:
“Vətəndaşın ictimai problemlərin bütün səviyyələrdə həllində iştirakına nail olunmadan demokratiyadan danışmaq olmaz. Vətəndaşlar da, hakimiyyət də partnyorluq prinsipinə əsaslanaraq problemlərin həllinə yanaşmalıdır. Insanlar inanmalıdır ki, onların sosial fəallığı, təşəbbüskarlığı proseslərə təsir gücünə malikdir. Bu, məsuliyyətin bərabər bölünməsi deməkdir.
Bəzən vətəndaşa elə gəlir ki, o, hər hansı bir təklif irəli sürürsə-sürsün, onun təşəbbüsü eşidilməyəcək, icra strukturları bu təklifə laqeyd qalacaq. Hakimiyyət strukturlarının nümayəndələrinə isə elə gəlir ki, onlar vətəndaşlarla məsləhətləşmədən yerli-lokal problemləri həll etmək iqtidarındadırlar. Bu gün inkişafımızın keyfiyyət baxımından yeni mərhələsinə qədəm qoyduğumuz zamanda bir həqiqət də təkzibolunmazdır ki, vətəndaş iştirakçılığı, ictimai iştirakçılıq böyük resursdur və bu resursdan istifadə çox önəmlidir”.
Komitə sədri qeyd edib ki, iqtisadi, sosial, mədəni proqramların, proyektlərin müzakirəsində iştirak, yeni təkliflər, yeni ideyalar, qərar qəbulunda iştirak, qərarların gerçəkləşməsinə nəzarət aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət edir:
R.Aslanovanın eyni zamanda bildirdiyinə görə, ictimai iştirakçılığın pozitiv tərəfləri çoxdur:
“Birincisi, informasitya məkanının formalaşması mexanizmidir, indikasiya funksiyasını yerinə yetirir. İstər cəmiyyət, istərsə hakimiyyət üçün vacib olan problemlərin üzə çıxmasına, diqqəti bu vacib məsələlərə cəlb etməsinə imkan yaradır. Bununla yanaşı, generasiya funksiyasını yerinə yetirir, yəni, cəmiyyət daxilində yeni ideyaların yaranması, təşəbbüslərin artması, alternativ həll yollarının axtarışını sürətləndirir. Vətəndaş marginallıqdan uzaqlaşır, özünü böyük bir prosesin laqeyd, passiv deyil, aktiv üzvü hiss edir.
Həmçinin, kataliz funksiyasını yerinə yetirir ki, bu da müvafiq strukturlarda qərar qəbul edilməsi prosesini sürətləndirir, məsuliyyət hissini artırır, problemin həlli yolunda yarana biləcək maneələri aradan qaldırmış olur. Bunu əslində yaxşı mənada təzyiq kimi də qiymətləndirmək olar. Bunu nəzarət də, monitorinq də adlandırmaq olar. Bir sözlə, vətəndaş prosesin şəffaflığına əmin olduqdan sonra onun özünə və hakimiyyətə inamı artır”. Bununla yanaşı, komitə sədri onu da bildirib ki, ictimai iştirakçılığın uğurunu təmin etmək üçün bəzi məqamları nəzərə almaq lazımdır: “ Belə ki, çoxsaylı təşəbbüslər, ideyalar bəzən qarışıqlıq yaradır və hakimiyyət orqanlarının həddən artıq yüklənməsinə səbəb olur. Odur ki, oroses üzvlərinin ekspert hazırlığı vacibdir, qeyri-professionallıq səhv nəticələrə gətirib çıxarır. Sosial təcrübənin reallıqları da onu göstərir ki, ictimai iştirakçılığın gerçək səviyyəsi dəqiq müəyyən olunmadan nailiyyətlər əldə etmək olmaz. Bu baxımdan, ictimai iştirakçılığın təşkili çox önəmlidir. Ümumiyyətlə, real iştirakçılıq, simvolik iştirakçılıq və ya proseslərdə iştiraketmə vətəndaşın hadisələrə münasibətinin, inamının göstəricisidir”.
R.Aslanovanın daha sonra qeyd etdiyinə görə, ictimai müzakirələr, dinləmələr, disputlar, ictimai yoxlamalar və ekspertizalar ictimai iştirakçılığın vacib formalarıdır: “Bu formalarının hər birinin təşkili və həyata keçirilməsi qaydaları qanunvericiliklə tənzimlənməlidir. Məhz belə bir qanun layihəsinin də indiki dövrdə gündəmə gəlməsi təsadüfi deyil və vacibdir. Ictimai iştirakçılığı təmin edən institusional qurumlar, onların statusu, səlahiyyəti, tərkibi, fəaliyyət qaydası dəqiq tənzimlənməlidir. Bu qurum Şura, Palata da adlana bilər. Ən əsası odur ki, onlar müvafiq icra hakimiyyəti orqanı-rayon, şəhər icra hakimiyyəti orqanı yanında yaradılır...”
Kamil Həmzəoğlu