|
|
|
|
Günün şeiri
Dağlardan, meşələrdən,
Xəzərdən keçəndə,
Bir qürur dalğası
oynayır içimdə.
Şad oluram
Uca-uca imarətləri görüncə.
Hamısı yaraşıqlı, al-əlvan,
ürəyimcə...
Dəxli yoxdur hansı pula tikilib,
necə tikilib.
Açıq-aşkar tikilib,
ya gizlicə tikilib...
Onu bilirəm ki,
Bu saraylar
Quş olub uçası deyil.
Bu torpaqdan heç hara
qaçası deyil.
Hamısı baxılmalı,
görməlidi.
Sevinirəm,
Sevinməyən ermənidi!
... Fəqət, telekanallar
“la-la - deyib bağıranda”
Bizi köhnə paltarları
Satmağa çağıranda,
Mat-məəttəl qalıram
Dünyanın gərdişlərinə,
Adamların işlərinə...
Görmüşük axı,
bilirik axı
Geyilmiş paltarları,
Filan, filan şeyləri,
lap elə papağı
Məscidə yollayarlar,
Kasıblara paylayarlar.
Adət var, qayda var axı...
Ölmədik, bu günü də
gördük, İlahi!
Bəlkə də düz demirəm,
günahım varsa,
Günahımdan keç...
Bəlkə bu şeiri də
yazmayaydın heç!..
... Əcəb, yazmışam!..
Pəncərəmizdən Günəşə
Telefonda
Oğlan qıza pıçıldadı:
- Vaxtdır, evlənək, Birdənəm!
Toy çaldıraq,
qol qaldıraq, oynayaq.
Bir otaqdı
Sən məni axtarasan,
Mən də səni
axşam, səhər...
Fərəhlənsin bizi qəlbən sevənlər.
Süd qoxusu gələn
körpəmiz olsun.
Dəxli yoxdur,
oğlan olsun, qız olsun...
Üz-gözündən sənə bənzəsin,
boy-buxundan mənə.
Heç bilirsən nə deyiblər
bu yaxında mənə?..
Sən demə, ən qəşəng,
şirin-şəkər balalar
Ən dərin məhəbbətin meyvəsidir...
Göz yaşları - yaz yağışı,
Qığıltısı -
Ulduzların səsidir...
Gəl, bir olaq,
Öz ocağımız yansın.
Pəncərəmizdən Günəşə
Öz balamız boylansın...
Telefonda oğlan
Az qala qıza yalvardı...
Onda səninlə mənim
Belə vaxtımız vardı...
... Telefonun o başında
Sən deyildinmi onda,
Birdənəm?!..
O axşam olmasaydı
Sən Allahına şükr elə,
o axşam
Qarşına mən çıxmışam.
Bu adamları
qarışqadan çox şəhərdə
(maşallah, göz dəyməsin...)
Sən-şipşirin qadın məlahətində,
mən - at üstə yəhərdə...
Heç bilmədim üzüm-gözüm,
boyum, qamətim
Xoşuna gəldi-gəlmədi...
Tamam yadımdan çıxıb
İlk sözüm nə oldu,
hansı kəlməydi?..
Yoldan gəlmişdim -
saqqal, filan,
Pencəyim də köhnəydi...
Amma o axşamın sirri
bilmədim nəydi...
Deyəsən, bir balaca
dolaşıq da saldım sözümü.
Amma gözlərinin giləsində
gördüm özümü...
Allaha şükr eylə ki,
o axşam
Qarşına mən çıxmışam...
Amma heç indi də bilmirəm
O axşamkı görüşdə
Kim uddu, kim apardı...
Bəlkə də
o axşam olmasaydı,
Xəyallarım yollarda
Hələ də at çapırdı...
Yaza bilmədiyim şeir
Mürgü tutub onu,
Xəyallar huşunu alıb aparıb...
Ülgüc kimi kəsən şaxta
Elə bil
Köynəyinin düyməsini
bir-bir qoparıb
Taxıb yaxasına
Bumbuz küləklərin,
Yellənir belədən-belə...
Gecənin yuxusu
yol gəlir hələ...
Yuxusunda görmək istəyir
yumyumuşaq, imisti
yorğan-döşəyi...
Stolüstü lampası var,
Şəfəqləri - bənövşəyi...
Ətrinə bürünmək istəyir
Onu gözləyən qadının...
Üfüqlərdən-üfüqlərə
Gücü çatar qanadının...
Amma indi iş başında,
iş üstədi.
Çörəkpulu çıxardır
gecənin cibindən,
çörəkpulu...
Hələ qarşıdadır
baharın yolu...
Qışın gücü çatmaz
Günəşə.
Bahar şaxtadan irəli!
Onun mürgüsü qaçacaq
Tumurcuğa dönəcək,
gül açacaq
Köynəyinin düymələri...
Şər
Kişiyə şər atdılar...
Dağ çeşməsi kimi
bu işıqlı kişinin
“Ləkəli” sürətini
“yaratdılar”...
Şərin nəfəsi sönsün!
Dili ölsün!
Şər elə şərdi.
Quyusu, kahası
Elə bəşərdi...
Şəri daşqalaq etsən də
Donquldanar, kiriməz.
Yalan sözdür deyirlər:
“Şər ayaq tutar, yeriməz...”
Şər ayaq açar, yeriyər,
yüyürər də!
İldırıma dönüb
Təpəndən vurar
Elə durduğun yerdə...
Kişinin boyu, yerişi
kiminsə xoşuna gəlmədi,
Başqa birisi
doğulduğu kəndə
ağız büzdü,
Lap o birisi buyurdu:
“Xeyli yaşı olsa da
qabağa çəkmək olmaz,
hələ tezdi...”
Kişi iş-gücünü
atıb getdi...
Özünün işığını
götürüb getdi...
Şərə lənət!
Adam ol
Səni oğlundan soruşdum,
Dedi: “Dəqiq xəbərim yox”.
Xanımın da mizıldandı:
“Onsuz gecəm, səhərim yox”.
Bir tanışın gülümsündü:
“Əşi, dərtd etməyə dəyməz.
O, öyrəşib “içəriyə”,
Çətin qəm çəkə, “əriyə...”
Sənsə peşəndən qalmadın
Onu-bunu aldatmaqda
çıxdı adın.
Aydınlığı, təmizliyi
dərk etmədin.
Əyri yolu tutub getdin,
tərk etmədin,
Yalanları tərgitmədin,
oğlan,
Tərgitmədin...
And içdin də gah Allaha,
gah vicdana.
Çoxlarına kələk gəlib
Qoymusan da yana-yana...
Sən qılıqlı, təbəssümlü
təhlükəsən!
Sən - ləkəsən!
Od yandırmaz,
su axıtmaz,
Külək tutmaz bu ləkəni...
Yazıq sənə,
Bilirsənmi, dağıtdılar,
Uçurdular, sökdülər eyy,
Sən dırmaşan pilləkəni...
Adam ol!
Kövrək bir ovqat
Bu gecə yamanca sənsizləmişəm
Əllərim səninçün göynəyir indi.
Mənim tez küsənim,
körpə bənövşəm,
Hardasan,
gündüzüm, gecəm sənindi...
Bu gecə kimsəsiz bir uşaq kimi
Bəxtimə qısılıb doluxsunmuşam.
Bu gecə ürəyim bir yarpaq kimi...
Bu gecə göylərdə çırpınan quşam.
Solacaq bu gecə bağda güllərim,
Uzaqsan,
nəfəsin solana çatmaz.
Dünya qəribədir,
bəzən əllərin
Səndən beş addımda olana çatmaz...
Bu, bəxtin əmridir,
tale işidir,
Hardasa, nəyisə gözləmək - peşəm...
Bu gecə səsimi Tanrı eşidir,
Axı, sən hardasan,
sənsizləmişəm...
Bu şəhərdə
Mən səndən xəbər tutmuşam,
Sənin məndən xəbərin var?
Həyatımsan - dedin mənə
Mənsiz açan səhərin var?
Sən - şah, mən fağır vəzirəm,
Səndən ayrı nə gəzirəm?
Hər əmrinə müntəzirəm.
Mənim kimi əsgərin var?!
Sən göyçək bir türk balası,
Sən sevən xoşbəxt olası...
Dünyaya paytaxt olası
Bakı boyda şəhərin var!
Bu şəhərdə bir yerdəyik,
Sənin məndən xəbərin var?!
Qorxma
Sən nədən qorxursan,
ay bəxti yeyin.
Bir az nazlı-duzlu,
bir az ərköyün.
Üstündə torpağın,
altında Göyün
Şükr olsun, sənin tək
gülüm var hələ.
Qarabağ deyilən
Diyar - mənimki!
Orda qış - mənimki
Bahar - mənimki!
Yerində, Göyündə
nə var - mənimki
Dağım var, dərəm var,
çölüm var hələ.
Gedənlər yolları tapıb getdilər...
Getdilər,
atları çapıb getdilər...
Su olub
torpağa hopub getdilər...
Qorxma!
qarşımızda ölüm var hələ...
Gəlirəm, yoldayam
Səsləyək məclisə ulduzu, Ayı.
Qaldı yadımızda bu aprel ayı...
Qızıl badələrdə Günəşin payı
İndi hünər-bizim,
söz - bu dünyanın.
Yolumuz Ağdamdan Laçına sarı.
Uçular, qəhr olar həsrət hasarı!
Tutub boğazlarıq qara rüzgarı
Dünya bizim olar,
biz - bu dünyanın.
Qarabağ!
Dərdindən dəli olmuşam.
Sevdası qəfəsdə çırpınan quşam.
Qovuşa bilməsəm mən sənə, Şuşam
Ağzından ataram
düz bu dünyanın!..
Gəlirəm, yoldayam,
gözlə, Qarabağ!..
Şüvəlan, 2016-cı ilin yayı