|
|
|
|
“Biz qanunun ali olduğu bir ölkədə, cəmiyyətdə yaşayırıq. İnanıram ki, haqq-ədalət tezliklə öz yerini tutacaq”
“Bu video çəkiliş həm səs, həm də görüntüsü tamamilə montaj olunub və bunun kimlər tərəfindən hazırlandığı barədə də məndə məlumatlar var. 7 ildir ki, mən millət vəkili olaraq artıq fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Unuversitetinin rektoru Elşad Abdullayevin cinayət əməllərinə qarşı mübarizə aparıram”. 525.az-ın məlumatına görə, bunu SİA-ya açıqlamasında millət vəkili Gülər Əhmədova deyib. O, bildirib ki, E. Abdullayevin universitetə qəbul zamanı yol verdiyi saxtakarlıq, cinayət əməlləri çoxlu sayda vətəndaşımıza külli miqdarda ziyan vurması ilə müşayiət olunub: “Məndə vətəndaşların çoxlu sayda ərizələri var. Mən həmişə onun əməllərinə qarşı radikal mövqedə olmuşam. Bu gün də bütün gücümlə çalışıram ki, Elşad Abdullayev vətəndaşlarımıza vurduğu ziyanı ödəsin. Bunun üçün o Azərbaycana gətirilməli və qanun qarşısında cavab verməlidir”.
Videomontaj məsələsinə gəlincə G.Əhmədova: “Onlar məni şantaj, hədələmə yolu ilə susdurmaq istəyirlər. Amma onu da bilsinlər ki, mən bu montajın saxta olduğunu mütəxəssislər vasitəsilə sübut edəcəyəm. Şükür Allaha elm-texnika o qədər inkişaf edib ki, bunu sübut etmək bir o qədər də çətin olmayacaq. Elşad Abdullayev vaxtını bu videomontajlara yox, tələbə valideynlərindən aldığı pulları necə ödəyəcəyi yollarını düşünməyə sərf etsə yaxşı olar. Elşad Abdullayev bildirir ki, filankəsə bir milyon, başqa birisinə iki milyon vermişəm. Təəccüblü görünmür ki, o rektor kimi bu pulları haradan alıb? Əgər o bizneslə məşğul olursa vergi ödəyicisi kimi ortaya sənədlər qoysun. Elşad Abdullayev özünün rəhbərlik etdiyi və orqan mafiyasında adı hallanan ABU-klinikada baş verən kriminal hadisələri niyə sosial şəbəkələrə buraxmır? Sonda onu bildirmək istəyirəm ki, biz qanunun ali olduğu bir ölkədə, cəmiyyətdə yaşayırıq. İnanıram ki, haqq-ədalət tezliklə öz yerini tutacaq”.