Azərbaycanda səfərdə olan, Anqolanın “Sonangol Hidrocarbonetos Internacional” şirkətinin prezidenti, baş icraçı direktoru Frederiko Ferraz Dominqos və onun müavini xanım Filomena Santos Oliveira ilə Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib.
BANM-dan 525.az-a verilən məlumata görə, ali məktəbin tarixi, fəaliyyət istiqaməti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən rektor Elmar Qasımovla ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən söz açıb.
Vurğulanıb ki, BANM-in tələbələri həm Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində, həm də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçirlər.
Rektor BANM-in əcnəbi tələbələrin qəbuluna başladığını, onların bu ali məktəbdə təhsil almaları üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. BANM-in beynəlxalq əlaqələrinin daim genişləndiyini və beynəlxalq işgüzar münasibətlərin qurulmasında maraqlı olduğu bildirilib.
Vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edən Frederiko Ferraz Dominqos yenidən Bakıda olmağından məmnunluq duyduğunu söyləyib.
O deyib ki, aradan keçən 20 ildən artıq müddətdə Bakı dəyişərək gözəlləşib və əsl Avropa şəhərinə çevrilib.
Rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verən qonaq şirkətin Anqola daxilində, habelə digər ölkələrdə həyata keçirdiyi layihələrdən, həmçinin şirkətin nəzdində fəaliyyət göstərən “Sonangol Academy” ilə BANM arasında əlaqələrin qurulması imkanlarından söz açıb.
Qonaqlar BANM ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildirib, tələbələrin suallarını cavablandırıblar.
Sonda Frederiko Ferraz Dominqosa BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.