https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
search
28 Mart 2024

Azərbaycan Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıb

AZAD RƏHİMOV: "İDMANÇILARIMIZ 18 İDMAN NÖVÜNDƏ ÖZ QÜVVƏLƏRİNİ SINAYACAQLAR"

Azərbaycan Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıb

Dünən gənclər və idman naziri Azad Rəhimov Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunları öncəsi media nümayəndələri üçün hesabat xarakterli mətbuat konfransı keçirib.

Nazir bildirib ki, avqustun 1-i olimpiya yığmamız Braziliyanın Rio de Janeyro şəhərinə yola düşəcək: "Biz Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yolasalınma mərasiminin hazırlanması istiqamətində işlər aparırıq. Həmin tədbirdə həm nazirlik, həm Azərbaycan Olimpiya Komitəsi, həm də ayrı-ayrı federasiyaların nümayəndələri, eləcə də idmançıların valideynləri, yaxınları iştirak edəcək. Ümid edirik ki, bu mərasimə media nümayəndələri də qatılacaq və idmançılarımızı yüksək səviyyədə yola salıb onların uğur qazanıb çoxlu sayda medallarla dönmələrini gözləcəyik".

A.Rəhimov qeyd edib ki, Braziliya Azərbaycandan uzaq məsafədə olduğu və idmançılarımızın 8 saatlıq fərqə uyğunlaşmaları üçün avqustun ilk günü olimpiya komandamızı yola salmağı qərara alıblar: "Biz təyyarə ilə Rioya 14 saata çatacağıq. Avqustun 3-də Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılacaq.  İdmançılarımız bu müddət ərzində iqlim dəyişikliyinə də uyğunlaşmalıdırlar. Çünki Braziliyada hazırda qış mövsümüdür. Bütün bunların öz təsirləri var. Cudoçularımız yarışlara daha tez başlayacaqları üçün artıq Rioya yola salınıblar. Digərlərinə isə biz təcrübəyə əsaslanaraq izah etdik ki, uzun müddət aklimiditasiya keçmək olmaz. Çünki bunun əks təsirləri də özünü göstərə bilər".

XXXI Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində kifayət qədər işlərin görüldüyünü deyən nazir bildirib ki, burada həm nazirlik, həm Olimpiya Komitəsi, həm də idman federasiyaların böyük əməyi var. Hamımız bir yerdə fəaliyyət göstərmişik: "6 ay ərzində ölkədə 94 respublika səviyyəli, 24 beynəlxalq səviyyəli yarışlar təşkil olunub, 102 beynəlxalq yarışlarda isə bizim idmançılarımız öz qüvvələrini sınayıblar. Bu yarışlar idmançılarımız üçün çox vacibdir. Yarış zamanı əldə olunan təcrübə onların böyük oyunlara hazırlıq prosesində böyük əhəmiyyət kəsb edir. Biz düşünür ki, ölkədə təşkil etdiyimiz, eləcə də xarici ölkələrdə keçirilən yarışların idmançılarımıza böyük köməyi olub. Bu aylar ərzində idmançılarımız tərəfindən 313 medal qazanılıb. Bunlardan 171-i olimpiya idmanı növlərindədir. Bu çox yüksək göstəricidir".

A.Rəhimov qeyd edib ki, hazırlıq prosesi çərçivəsində idmançılaırmız üçün təlim-məşq toplanışları təşkil olunub: "100-dən artıq belə toplanışlarımız olub. Məşqlərin hər biri 12 gündən az olmayıb".

Azərbaycanın təkcə olimpiya deyil, eyni zamanda paralimpiya oyunlarına hazırlaşdığını deyən nazir söyləyib ki, paralimpiyaçılarımız sentyabr ayında Braziliyaya yola düşəcəklər: "Biz çox şadıq ki, bir neçə ay bundan öncə ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Paralimpiya Komitəsinin üzvləri yüksək səviyyədə qiymətləndirilib, onlara müxtəlif dövlət mükafatları təqdim olunub. İnanırıq ki, bizim paralimpiyaçılar da çox yüksək nailiyyətlərlə yarışları başa vurub ölkəmizə qayıdacaqlar".

Nazir vurğulayıb ki, bizim olimpiya komandamız böyük tərkibdə yarışlara yollanır: "51 nəfər idmançıdan artıq olan komandalar böyük komandalar hesab olunur. 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında 53 idmançıdan ibarət olan komandamız Rioda keçirilən yarışlara 56 nəfərlik idmançı heyəti ilə gedir. Ona görə də bizim komandamız Rioda Olimpiya Kəndində xüsusi binada yerləşdiriləcək. Həmin binada Azərbaycan olimpiyaçılarından savayı Portuqaliya və Slovakiya idmançıları da yerləşdiriləcəklər. Biz təşkilatçılara bildirmişik ki, həmin binada bizim bayrağımız, şüarlarımız öz əksini tapmalıdır. Azərbaycanın adı və rəmzlərinin göz qabağında olmasına biz həmişə üstünlük veririk".

Nazirlik olaraq olimpiya oyunlarına hazırlıqla bağlı milli konsepsiya hazırladıqlarını deyən A.Rəhimovun sözlərinə görə, bu komsepsiya 3 qrupa bölünmüşdü: "Qruplar Azərbaycanda əsas, inkişafda olan və nisbətən zəif idman növlərinə bölünüb. Sevindirici haldır ki, bizim təhlillərimiz demək olar ki, özünü doğruldub. Birinci qrupa aid edilən bütün idman növləri üzrə idmançılarımız yarışlara vəsiqə qazanıb. İkinci qrupdan isə biz voleybolçu qızlarımız yarışlara lisenziya qazanacağını düşünsək də, təəssüflər olsun ki, bu baş tutmadı. Nəhayət üçüncü qrupda qərarlaşan kamanda oxatma, triatlon, üzgüçülük, qılıncoynatma və atıcılıq idman növləri üzrə biz yarışlara vəsiqə qazandıq. Halbuki, bu idman növlərində bizim böyük ümidlərimiz yox idi. Amma idmançılarımız öz federasiyaları ilə birgə çəkilən zəhmət bahasına bu oyunlara lisenziya qazanmağı bacarıblar. Çox şadıq ki, bu il Azərbaycan idmançıları Rioda keçirilən Olimpiya Oyunlarında 18 idman növündə öz qüvvələrini sınayacaqlar. Bu diman növlərindən 4-də Azərbaycan idmançıları ilk dəfə iştirak edəcək".

Nazir qeyd edib ki, Olimpiya Oyunlarına hazırlıq prosesinə 400-ə yaxın idmançımız dəvət olunmuşdu: "2013-2016-cı illər arasında keçirilən mindən artıq yarışlardan Azərbaycan idmançıları iştirak edib, 3 minə yaxın medal qazanıblar. Bu medallardan 1042-si olimpiya idman növləri üzrədir".

Nazir əlavə edib ki, idmançılarımız üçün xüsusi tibb çantaları hazır ediblər.

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran A.Rəhimov idmançılarımızın yarışlar ərəfəsində mövcud əhval-ruhiyyəsindən danışaraq qeyd edib ki, olimpiya komandamız yarışlara yüksək səviyyədə hazırlaşıb: "Biz həmişə qeyd etmişik ki, ölkəmizi dünyaya tanıtdırmaq üçün ən gözəl vasitə idman və mədəniyyətdir: "Keçən il ölkəmizdə keçirilən Birinci Avropa Oyunları Olimpiyada səviyyəsində bir idman tədbiri idi. İdmançılarımız keçən il bu hissi yaşayıblar. Bu onlar üçün böyük təcrübə idi. Bunun əyani əksi Rio Olimpiya Oyunlarında özünü göstərməlidir. Hədəfimiz keçən olimpiya oyunlarından yüksək nəticə əldə etməkdir. Bunun üçün dövlət səviyyəsində idmançılarımıza hər cür qayğı göstərilir".

Dopinqlə bağlı idmançılara psixoloji təzyiq göstərilməsindən danışan nazir bildirib ki, bu hal yolverilməzdir: "İdmançıları yoxlayan idman qurumlarını, nazirliyi, olimpiya komitəsini yoxlamaq lazımdır. Dopinqdən gələcəkdə siyasi alət kimi istifadəyə yol vermək olmaz".

A.Rəhimov vurğulayıb ki, Rioda keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarına gedəcək bütün idmançılar dopinqdən keçib: "Bütün analizlər WADA-nın dopinq testindən keçib. Ən sonda boksçuların qan analizləri Köln laboratoriyasında yoxlanılıb və qəbul edilib".

Nazir qeyd edib ki, idmançıların təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur: "Onlar yarışlara avtobuslarla aparılıb-gətiriləcəklər. Bircə turistlərlə bağlı narahatlıq var. Onlara da bildiriləcək ki, polislər tərəfindən tam qorunmayan yerlərə getməsinlər".

A.Rəhimov deyib ki, komandamızın bir hissəsi yarışları başa vurduqdan sonra avqustun 12-15-də Bakıya qayıdacaqlar.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi Antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisə təkliflər göndərib.

Xatırladaq ki, Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunları avqustun 5-də start götürəcək. Mötəbər tədbirin bağlanış mərasimi isə avqustun 21-nə planlaşdırılıb.

Ceyhun ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.