|
|
|
|
Əbədi çölün düzündə görünənlərə və
görünməzlərə əbədi Qadınlar haqqında
Qadınlar həm də bu dünyaya,
hətta Allaha da
kişilərin axıradək anlamadığı
bir İtaətlə də təsir edərlər,
həm də kişilərin heç zaman duymadığı
Allahdan gələn hansısa gizli bir qüvvəni
hiss edər, duyarlar,
eləcə də o anlar, həm də çox anlar
Allaha kişilərdən daha yaxın olar onlar.
... Qadınlarda İlahidən nəsə
zəriflikdən doğan
insanüstü bir qüvvə də var,
elə ona görə də
hətta dünyanı sarsıdan,
dünyanı qorxudan ən qəddar imperatorlar da
çox zaman öz qadınlarından çəkiniblər,
o qadınlar həmişə hökmdarlar haqda
tarixin bildiyindən daha çox şey biliblər.
Qadınlarda kişilərdən fərqli
başqa bir qüvvə də var,
kişilər çox zaman dünyanı,
qüvvəylə, güclə, qolla, qıçla,
daha çox günahla, suçla alarlar,
qadınlarsa əbədiyyəti öz zəif, zərif canlarıyla,
çiçəklərin açmasıtək səssiz yerişləriylə,
Allaha doğma əzablarıyla,
Allah yanında bir an çəkən
əzablı min illəriylə,
min illər çəkən
əzablı anlarıyla qazanarlar.
lll
Tək bir dərəsiz, dağsız da
Vətən yarım Vətən demək
İllərdi Qarabağ sözünə, həm də
dopdoğmaca Vətənimizi qoruyan
dopdoğmaca əsgərlərimizə hamımızdan çox baş çəkən Aqil Abbasa
Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra
Şuşanı qorumağa qalxan onlarla tar
hamısı orada döyüşüb həlak olublar,
düşmən hələ də qorxuyla yollara baxır,
həm də onlar bizim qayıtmağımızdan çox,
Tarın qayıtmağından qorxur,
Sən də, sən də hələ sağsan, sevgililər sevgilisi,
aşiqlər aşiqi, dəlilər dəlisi a saz?
Mən elə bilirdim, sən də Şuşada şəhid olmusan,
səni döyüşlərdə neçə yerdə şəhid olan,
bütün şəhid ruhlarımıztək elə vurulan an
yenidən qalxıb döyüşə atılan görüblər,
ancaq qardaşım saz, incimə,
ağılsız sinələrdə çox ağılsız görünürsən zaman-zaman,
düş o sinələrdən, yenidən qılınctək sıyrıl, eşqtək şahlan.
Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
Vətən yarım Vətən demək,
əsgərləri yarım əsgər,
generalları yarım general demək,
ey əlli milyonun göy, qırmızı, yaşıl qanı bayraq,
hər an göyünə, qırmızına, yaşılına yaraşan
bayraqlar bayrağı əsgər doğ bizə,
qanadlan, tək göydə yox, həm də qanımızda uç,
uç, uç, damarlarımızda bütöv Azərbaycan doğ,
elə o tay, bu tay, Xəzər qarışıq Azərbaycan –
Xəzərbəycan doğ.
lll
Qoyunun ağı da, qarası da
dövlətlərimizin adı
Qoyun üzlərə, qoyun gözlərə
Min illərdi düz demirlər:
yaxşılar gedir, pislər qalır,
pis həmişə çox görükür,
nə qədər yaxşı getsə də,
yenə minlər, yüzlər qalır.
Yenə, yenə min illərlə
eşq gözləyən dağlar, düzlər,
üzlər, gözlər, nazlar qalır,
öpülməmiş dodaqlarda
öpülməmiş səslər, sözlər,
öpülməmiş közlər qalır.
Hər nə gəldi diləyirik,
hər cür qələt eləyirik,
adama qoyun deyirik,
deyirik, son anda amma,
yenə bizə hamıdan doğma
qoyun üzlər, gözlər qalır.