Çoxdan, gənclik illərində bir nazənin xanıma şeir ithaf etmişdim, amma bu şeiri ona təqdim etməyə nədənsə cəsarətim çatmırdı. Nə düşündümsə, yazdığımı o vaxtlar bir neçə bədii-publisistik layihə üzərində birgə çalışdığımız rəhmətlik Xəlil Rza Ulutürkə göstərdim. Bilənlər bilir, Xəlil bəyin yaradıcılığının xüsusilə ilk dövrləri üçün səciyyəvi olan çox nəfis aşiqanə – məhəbbət lirikası var. Xəlil bəy bu beş bəndlik ithafı oxuyub, yəqin mənim heysiyyatıma toxunmamaq üçün, yazı haqqında rəy bildirmədən, onun adı ilə maraqlandı, soruşdu :
– Madriqal nədir?
Mən orta əsrlər Avropa poeziyasının bu janrı haqqında bildiklərimi tələm-tələsik şair dostuma danışdım. Xəlil bəyin dodaqları xoş bir təbəssümlə gərildi, azca pauza verib dedi ki, gözəldi! Amma dərhal anlamadım bu xoş epitet yazdığıma aiddir, yoxsa onun sərlövhəsinə...
Ardıyca şair dedi ki, madriqaldansa, “ Nazəninlər türküsü” yaz!
İllər ötdü, indi o uzaq çağların madriqalından hafizəmdə qırıq-qopuq ifadələr qalıb yalnız...
Oxuculara, təqdim etdiyim bu nümunələr sonradan müxtəlif illərdə müəyyən əlamətdar tarixlər-ad günləri, Yeni il, Novruz bayramı, özəlliklə Qadınlar günü münasibəti ilə, bəzən də nazəninlərin özünün xahişi ilə yaranıb. İlk dəfə mətbuata təqdim etdiyim bu ithaflarla bütün nazənin xanımları beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edirəm!
Səni unutmaqmı olar,
Anıram, Züzü, anıram.
Od olub, düşdün canıma,
Yanıram, Züzü, yanıram.
Son eşq, son ümid, son röya,
Sonrası – qaldı sonraya.
Tapındım ulu Tanrıya
Tanıram, Züzü, tanıram.
Bir çiçəklə bahar olmaz,
Durğun sular axar olmaz.
Səndən də mənə yar olmaz,
Qanıram, Züzü, qanıram...
Naznaz
Kaş birdə görəydim o gül üzünü,
Ürəyim təskinlik tapardı, Naznaz!
İlıq qumlar üstə düşən izini
De, hansı küləklər apardı, Naznaz?
Çıxsam da yoluna mən dönə-dönə,
Bir də qovuşmadı kölgəm kölgənə,
Hardasan, üz-üzə dayanaq yenə
Ömür çox iti bir axardı, Naznaz!
Qalsın xatirələr başlı-başına,
Bir bax yuva quran qumru quşuna.
Mən qədəm qoysam da ömrüm qışına,
Yenə yer üzündə bahardı, Naznaz...
Lamiyə
Bir kərə telini saldın çiyninə,
Amandı, bir daha salma, Lamiyə!
Ən zalım gözəl də bir yol can alar,
Rəhm elə, yüz dəfə alma, Lamiyə!
Yaz gəlsin yurduma, gəlsin, nə gəlsin,
Süsənlər, sünbüllər çəmənə gəlsin.
Nə ki dərd- qəmin var, qoy mənə gəlsin,
Bir də qəm- qüssəyə dalma, Lamiyə!
Tanrıdanmı gəlib pay c
amalına,
Çox gəzdim, tapmadım tay camalına.
Ağ duvağ yaraşar ay camalına
Gəl toyu təxirə salma, Lamiyə...
Tünzaləyə
Yaz gəldi, günəş güldü, düzən laləlik oldu,
Dan parladı, şeh düşdü, çəmən jaləlik oldu.
Biçarə könül inlədi hicran ələmindən,
Yandıqca onun çarəsi Tünzaləlik oldu!
Yenə Tünzalə üçün
Yaman ümidliyəm vüsal anına,
Sən canın, gəl vurma üstünü, Tünü!
Ruhum can atmada daim yanına
Duy göylərdən gələn istini, Tünü!
Nazlı-qəmzəlisən, məyər danıram,
Bir “şirin” sözündən alovlanıram
Elə alışıram, elə yanıram
Gör başımdan çıxan tüstünü, Tünü!
Bu eşq müqəddəsdi, bu eşq tanrısal,
Səni görəcəyəm, hara qanrılsam.
Mənim həm dinimsən, həm də tanrımsan,
Neynirəm Buddanın büstünü, Tünü!!
Bənövşə gözlüm
Sənin gözlərində gördüm baharı,
Bahar elə sənsən, bənövşə gözlüm!
Tufan geri dönər sevda yolundan
Mənə sarı dönsən, bənövşə gözlüm!
Baxıram üfüqə qızaranda dan,
Bəlkə dan yeliylə gələ səs, sədan...
Ruhumu oxşayan, qəlbimə yatan,
Könlümdən keçənsən, bənövşə gözlüm!
Uymayıb baharın xoş növrağına,
Mələk tək çəkildin səma tağına
Yer üzü çevrilər cənnət bağına
Göydən yerə ensən, bənövşə gözlüm!
İlahə
İstedadlı müğənni İlahə İbadovaya
Vallah bu gözəllik ilahidəndi,
Gör harda qurmusan taxtı, İlahə!
Demə bu sevdaya düşdüm nədəndi,
Bu da bir qismətdi, baxtdı, İlahə!
Bu nalə çox qədim çağdanmı gəlir,
Çoxdanmı ucalıb, çoxdanmı gəlir,
Saf nəfəs, xoş avaz haqdanmı gəlir
Yalnız haqdan gələn haqdı, İlahə!
Kimi qəhr edirsən, fələk, sən kimi,
Məzlum tapammadın deyən mən kimi.
Ceyran gözlərini süzdürən kimi
Nur olub, qəlbimə axdı İlahə!
Heç məhəl qoymadım ulduz falına,
Xoş ümidlə çıxdım sevda yoluna.
Bəlkə rəhm elədi rəbbim quluna,
Bəlkə bəndəsinə baxdı İlahə?
Duydum bir hikməti, anladım, aha!...
Duyan tək tapındım ulu Allaha.
Hicrində taqətim qalmadı daha
Durma, al canımı, vaxtdı, İlahə!...
N.S.
Gülüm gül üzümü məndən çevirib,
Xara meyl elədi, xar oldum, oldum.
Rindü rusvalığım tutdu aləmi
Günbəgün cahana car oldum, oldum.
Neylədim yaxına, yada, bilmədim,
Nədən ömrüm getdi bada, bilmədim.
Vüsal şərbətindən dada bilmədim
Hicran ağusundan zar oldum, oldum.
Yoxmuş etibarın, a güvəndiyim,
Yetər qara geyib, göy bələndiyim.
Məni bəyənmədi mən bəyəndiyim,
Neynim, özgəsinə yar oldum, oldum...
Alagöz gözəl
Qəlbimi sındırıb, əzməksə qəsdin,
Bu qəlbim, bu da sən ala, əz, gözəl!
Sənə olmaz deyən məsud olmasın,
Sənə hər şey olar, alagöz gözəl!
Hicran can üzəndi, könül qırandı,
Demirəm tab elə, ya da döz, gözəl.
Nədən sevda yolu alatorandı,
Bəlkə sən biləsən, alagöz gözəl?
Yaz gəlib, nur saçır od çərşənbəsi,
Mənimsə qəlbimi sarıb buz, gözəl
Hərdən iş başına yubansan nə qəm,
Görüşə yubanma, alagöz gözəl!