BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə BAMF-ın Tərtər rayonunda yerləşən Regional Peşə və Təlim Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “Məişət zorakılığına “Yox” deyək!” adlı tədbir keçirilib.
525.az-ın məlumatına görə, iştirakçılarının əksəriyyətinin qadın olduğu tədbirə Tərtər rayonunun kənd və qəsəbələrindən olan vətəndaşlar, təhsil işçiləri, həkimlər, rayon polis şöbəsinin əməkdaşı, evdar qadınlar, icma fəalları və s. şəxslər qatılıblar.
Tədbirdə çıxış edən BAMF-ın proqramlar departamentinin əməkdaşı Elvin İbrahimov təmsil etdiyi təşkilatın erkən evlilik, məişət zorakılığı kimi həssas məsələlərlə bağlı hər zaman maarifləndirmə işləri apardığını diqqətə çatdırıb və hamını məişət zorakılığına qarşı təşəbbüsləri dəstəkləməyə və bu istiqamətdə birgə mübarizəyə səsləyib.
BMT-nin İctimai İnformasiya Departamentinin (BMT İİD) Bakı ofisinin rəhbəri Envera Selimoviç dünyada və Azərbaycanda bu yöndə gördüyü işlər barədə məlumat verib. Azərbaycanda son dövrlərdə sözügedən istiqamətdə fəal iş aparıldığını, amma hələ görüləcək işlərin çox olduğunu diqqətə çatdıran xanım E.Selimoviç hər kəsi məişət zorakılığı faktlarına biganə qalmamağa çağırmışdır.
Tərtər rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin inspektoru Ruslan Allahverdiyev rayonda məişət zorakılığı vəziyyətinin ürk açan olmadığını və bundan təəssüfləndiyini dilə gətirib. Öz xidməti vəzifə borclarını yerinə yetirərkən qarşılaşdıqları bu kimi hallarla kəskin mübarizə apardığını vurğulayan R.Allahverdiyev rayonda əsasən azyaşlı qız uşaqlarının hüquqlarının pozulması ilə müşayiət olunan erkən evliliklərin də qarşısının alınması istiqamətində əməli addımlar atıldığını bildirib.
Tədbir iştirakçısı Səhliyalı İsgəndərov qeyd edib ki, valideynlər qız övladlarının təhsilinə daha ciddi yanaşmalıdırlar, çünki təhsilli qadınlar daha yetkin təfəkkürlü övladlar yetişdirə bilər.
Digər tədbir iştirakçısı Zülfiyyə Abdullayeva isə ailədə ər-arvad münasibətlərinin qarşılıqlı anlaşma və hörmət müstəvisində qurulmasının vacibliyindən söz açıb.
Davam edən müzakirələrdə məişət zorakılığının çox vaxt maddi çətinliklərdən, ailə-məişət zəminindəki anlaşılmazlıqlardan, təhsil səviyyəsinin aşağı olmasından qaynaqlandığı fikirləri də səsləndirilib.
Sonda qadınlara qızıl güllər təqdim olunub, onlarla xatirə şəkilləri çəkdirilib.