Vaqif BƏHMƏNLİ
Ana itirmək
İçim bir məbəddi... Anam içdədi –
Yatıram, qalxıram anama görə.
Ölməyə nə var ki? Ölüm heç nədi –
Ölməyə qorxuram anama görə.
Anasız düz qəddim dönər kələfə,
bal ömrüm çevrilər acı soğana.
Mən ölsəm öləcək ikinci dəfə,
qatil olacağam məni doğana!
24.06.12
Alo
Əl atıram telefona
qurtulum deyə təlaşdan...
– Alo, hardasan, oğlum?
Qığıltı gəlir o başdan:
– Beşikdəyəm, ata, beşikdə!
... Boynumu qısıb
at yalmanına yatan kimi
yatıram telefona:
– Layla əmirsənmi, bala,
anan durubmu keşikdə?
Qığıltı kiridir uşağı,
Genəlir içimin göy qurşağı...
– Alo, hardasan, oğlum?
– Məktəbdəyəm, ata, məktəbdə...
– Hamıya ifallı ol, bala,
məktəb böyük məktəbdi,
şagirdi var hər təbdə...
– Alo, hardasan, oğul?
– Bulvardayam, ata, bulvarda...
– Bulvar açıq talvardı,
tez qayıt evə, oğlum,
nə itin azıb orda?!
– Alo, hardasan, oğlum?
– Kiyevdəyəm, ata, Kiyevdə
– Unutma, qurban olum,
Atan darıxır evdə,
Anan darıxır evdə...
– Alo, hardasan, oğlum?
– Londonda...
Moskvada...
Dünyanı qapı-qapı
gəzib dolaşır oğlum.
dünya çəməndi sanki
hər otdan bir dad alır,
yamaclar aşır toğlum...
– Hardasan, oğlum, harda?
– İstanbulda, Dubayda...
Bir gün xəbər tutaram
ya Marsdadı, ya Ayda!
Bir səs gələr o başdan –
ya baharda, ya qışda:
– Alo, hardasan, Ata?..
Əl atar telefona
həsrət əyən baş daşım:
– Köhnə bazardayam, bala...
Təzə məzardayam, bala!
25.10.12
Ana yurd
Sətin köynəyimi yumşaq bağlayıb
öpmürdü üzümdən dəqiqəbaşı.
Qoymurdu ac qalaq,
yaşmaq bağlayıb
müdam qızdırırdı dolmanı, aşı.
Anam Günəş idi,
gəzirdi Ay tək
ehtiyat tikəydi sevgi sinədə.
Çox idi balası,
çəkdiyi pay tək
israfla bölürdü sevgisini də.
Demirəm övladı doğdu, unutdu;
Ana –Ayrılıqdı, ayrılıq Ana.
O bizi özündən aralı tutdu,
qorxdu ki, dözmərik ayrılığına.
24.06.12
Barışıq aşı
Çalışdım qəlbinə toxunmasın qəm –
yumru ürəyində bir tikiş yoxdu...
çünki
mən hamıdan yaxşı bilirəm
könül sındırmaqdan sarsaq iş yoxdu...
Ömrə dad verirsə mehribançılıq
nədən aşımıza su qatmalıyıq.
Ömrün uzununu o verir; xaliq –
Biz xoşbəxt anları uzatmalıyıq.
Gərək can saxlayaq candan sonraya –
Unut incikliyi,
bəri ver əli –
ya sən qalacaqsan məndən sonraya,
ya mən öləcəyəm səndən irəli...
04.11.12
Qocafəndi
Qanı qaçmış qafil təni
qaşıyıram qocafəndi.
Köhnə-kürüş qafiyəni
döşəyirəm qocafəndi.
Şəllənibən qış yükünü,
tullayıban daş yükünü,
bərk dünyanın boş yükünü
daşıyıram qocafəndi.
Yol bitdi taa...
qalan yeri
yaradanım dalan verib.
Köks basıb, salam verib
baş əyirəm qocafəndi.
24.06.12
Sözlə nə işim?
Nahaqdan verilməyib Vaqifə şair adı –
Çünki qoymuram qaça qələmdən bircə sözü.
Tanrım göydən kişləyir, mənəm yerdə cəlladı –
Başını bircə-bircə üzürəm sərçə sözün.
Bilmirəm nə möcüzə, bilmirəm bu necə iş,
nə təhər uşaq qaçar ana, ataya tərəf –
bir sözün qıl boynuna baltanı endirməmiş
min söz göndərir hakim qanlı kötüyə tərəf.
Düzdü, bütün hallarda qatil olmaq günahdı,
Amma neynim, təkəm, tək...
Söz gəlir qoşun-qoşun
Cəlladda nə günah var, hökmü verən Allahdı,
O sözü göndərməsə mənim sözlə nə işim?!
08.11.12
Üçbucaq
Qucağa doğulur insan anadan,
bütün qucaqların
üç bucağı var.
Bucaqlı qucağı bizə tanıdan
uşaqlıq, qocalıq, gənclik çağı var!
O kimdi...
şamdanı yollarda yanır;
Gəmidən,
qatardan,
uçaqdan düşmür.
Adam var,
toğlu tək bəsləyir canı –
saçına dən düşür, qucaqdan düşmür.
Tarçının sinəsi tara qucaqdı,
Ana qucağı var,
yar qucağı var.
Dibi dar dərələr qara bucaqdı,
qara torpaqların kor bucağı var.
Bucaq yoxa çıxar;
səddini aşıb
azalsa doxsandan sıfıra kimi.
Azadlıq çevrədi – lap uzaq başı
pərgarı fırladır fırfıra kimi.
Dörd yan qan-qan deyir...
budur dəhşəti –
bir yan itkin düşüb,
üçü qanlıdı.
Üçbucaq yaylarda qatil şəhvəti,
Üçbucaq oxların ucu qanlıdı.
Bir canda dörd cəhət birləşən deyil –
bir yanı yel çəkir taxtalı ömrün.
Yaz, payız, bir də yay –
üçbucaqdı il
Qış fəsli özüməm şaxtalı ömrün.
Cin fələk cismimi çarmıxa dartır,
Son mismar ruhumdu,
haqq bəndəsiyəm.
Kamança,
saç yolur,
tar yaxa yırtır...
Mənsə qoca dərdin xanəndəsiyəm!
Durnanın üçbucaq qatarı firqət –
qürbətdi burnunun ucuna kimi.
Dördbucaq dünyanın zatına lənət,
Adamı çürüdür üçünə kimi,
Çürüdür çölündən içinə kimi...
Tabutu kim yondu? Qəbri kim qazd
ı? –
Dördyolda ayrılıq, dərd bucaq olur.
Ha əlləş,
ha vuruş,artımı azdı –
üçbucaq uzağı dörd bucaq olur.
04.07.12
Fərq etməz
Vaqif Səmədoğlu üslubunda
Dalandan-dalana keçib
yorulmaq harda yaxşıdı –
internetdə,
yoxsa küçədə?
Doğrudan yalana keçib
Vurulmaq harda yaxşıdı –
Internetdə, yoxsa küçədə?
Harda yer tapıb durasan
canını salmayıb çətinə?
Harda şapalaq vurasan
namərd kəsin sifətinə –
internetdə,
yoxsa küçədə?
Qara başım qalacaq darda
dalımca hər söz deyirlər.
Nə fərqi var atamı harda,
Anamı harda söyürlər –
internetdə,
yoxsa küçədə?
Qurbandı doğruya can,
qardaş,
Satılmaz haqqın tək üzü!
Harda
doğrayasan,
qardaş,
buynuz, baş atan öküzü? –
internetdə,
yoxsa küçədə?
Yapışma candan beşəlli
Can piyada,
vaxt atlıdı...
Doğulmaq harda düşərli,
ölmək harda urvatlıdı –
internetdə,
yoxsa küçədə?
17.06.12
Sərçə
Baxma gəzir damında
boğur səsini divar.
Hər sərçənin canında
yüz bülbülün eşqi var!
24.06.12
Can evi
Qəlbində yuva tap, sığın;
bu dünya evcikdi, evcik...
yetər saraylar yapdığın,
Bu səfər içində ev tik!
30.06.12
Nə yazardı Füzuli?
Aşsaydı beş yüz ili
heyrətli kəlməsi tək,
bürünsəydi deyirəm,
möcüzəli xalata,
Dövranların yaşıdı
bir Bayat nəfəsi tək
gəlib çıxsaydı bizim
qatqarışıq həyata
nə yazardı Füzuli?
necə yazardı görən?
İlahi eşqin adı
yoxdu it dəftərində,
Leyli şərab düşkünü...
görsəydi Məcnun susur,
Həm də ki, iş düzəlmir
ah çəkməklə dərindən,
görsəydi yeddi cama
yeddi milyard qan qusur –
nə yazardı Füzuli?
necə yazardı görən?
Əkinlər heç, səhra da
tutulmuş xana-xana
Məcnun qaçmağa bir yer
bulmazdı, ölməsəydi,
Yersiz salama görə
bassaydılar zindana,
rüşvətlə də canını
qurtara bilməsəydi
nə yazardı Füzuli,
necə yazardı görən?
Amerkan siqarına
bir dərin qullab vurub
minsəydi təyyarəyə,
ya “Mersedes” sürsəydi,
Fərqinə varmadan heç
konyak, ya gülab vurub,
üstünə alabaş yox,
“buldoq-muldoq” hürsəydi–
nə yazardı Füzuli,
necə yazardı görən?
Sonuncu diləyini
yerinə yetirir Qərb
Kəsir Şərqin başını
üzü qibləyə tərəf.
Tən hardadı, can harda...
görsəydi çürüyüb qəlb,
kimsənin qolu qalxmır
müqəddəs neyə tərəf –
nə yazardı Füzuli,
necə yazardı görən?
Görsəydi hər ağızda
hikmətinin dadı var,
Amma bununla belə
ortalıqda şər gəzir,
Füzuli rayonunun
özü yoxdu, adı var;
görsəydi ki, adının
üstündə kafər gəzir –
nə yazardı Füzuli,
necə yazardı görən?
12.01.13
Qadın səsi
Üzeyir bəy,
Bethoven,
Bax,
Şubert,
Sostakoviç,
Qarayev Qara!
İstəyirsiniz
məni
dirəyin divara,
yığışsın bağırtıma
ərəb, əcəm...
Yenə də
kainatda
ən zəngin musiqi
qadın səsidi deyəcəyəm!
24.06.11
Həyat
Doymuş qadın –
köhnəlmiş
döşək kimidi...
tulla, getsin!
Doymuş kişi
qocalmış
eşşək kimidi...
çulla, getsin!
11.11.12
Müəllim
Deyir –
özü bilər,
nəyi kim deyir;
hər fikir tam deyil, bir az yarımdı.
Bir çoxu həyata müəllim deyir,
mənim müəllimim...
b a l a l a r ı m d ı!
Balamdan öyrəndim tərsə getməyi –
qır oldu damarda rəngi qanın da,
öyrəndim təkrarən dərsə getməyi,
təkrarən öyrəndim əlifbanı da.
Məsəl var, həmişə təzədən təzə:
hərə bir kişidi özünə görə...
Ayağın öpdüyüm qadını bəzən
Danladım bir uşaq sözünə görə.
Qovluqlar genəltdi dar qoltuğumu,
Getməkdən dabanım cadar bağladı.
Anladım zəhmətin nə olduğunu –
yazmaqdan barmağım qabar bağladı.
Anladım atasız canda qan olmur;
əyilir, əzilir, boğulur uşaq,
Bətnlər boşluqdu, anadan olmur,
Atanın gözündən doğulur uşaq...
...təlaşlar həyəcan, başa vuran qan...
Dəhliz sirrin ayrı tayında olur!
desəm – ata doğur uşağı, inan!
Çünki doğuş vaxtı zar-zarıyan
analar canının hayında olur!
Balaya əyilir ananın qəddi,
balada dirilir atanın cəddi –
nə namaz, nə Quran...
cümlə hədərdi;
ən möhkəm atanın səbrinin həddi
bala çöldən evə dönən qədərdi.
Sökülür divarı, çürüyür vaxtı
Kimlər ki, güvənir qalaya görə.
Padişah balaya tapşırır taxtı,
Rəiyyət dilənir balaya görə!
...Deyir, özü bilər nəyi kim deyir,
hər fikir tam deyil,
bir az yarımdı.
Bir çoxu həyata müəllim deyir,
mənim müəllimim balalarımdı!
03.11.12
Allaha qurban olum
Bəxt güldü; zər yetirdi –
qoydu paşa, xan olum.
Mənə nəzər yetirdi,
Allaha qurban olum.
Suladı eşqi məni,
qıymadı ki, qan olum.
Sürüdən seçdi məni –
Allaha qurban olum.
Iş Allahın işidi,
O gətirdi meydana.
Oğlum yekə kişidi,
Qızım ağbirçək ana...
Allaha qurban olum.
Dənimin cəmi qəşəng,
gözümdə darı gülür.
Altımda güllü döşək,
böyrümdə qarı gülür –
Allaha qurban olum.
Yanıma düzdü nəvə –
dedi, yanbayan olum.
Çöldən qaytardı evə–
Allaha qurban olum.
Qaçar ömrüm at oldu –
Çapdım ki, hər yan olum.
Düşmən çatbaçat oldu–
Allaha qurban olum!
23.06.12
Kişi
Dərdimiz nə idi olsaydı, qardaş,
aşağı, yuxarı və hər yan kişi.
Lənkəran, Balakən, Kürdəmir, Ağdaş,
Füzuli, Gədəbəy, Naftalan... kişi
Ağzının dovşanı çullu sayılır
ceyranı gözündən oxlayan kişi.
Dövlətli, sərvətli, pullu sayılır –
yaxşı ki, sayılmır hər kalan–kişi!
Hiyləsi başında, çirki döşündə
Gədə tanıyıram; adı Xankişi.
Mənə göstər görüm, bərkə düşəndə
Haqqın küməsini yıxmayan kişi.
Yalandı cin kişi, xoxan kişi var –
Allaha baxginən, qorx, dayan, kişi!
Dünyada arvaddan qorxan kişi var,
bir də var arvaddan qorxmayan kişi!
17.06.12
Daxili mübarizə
...doğuluş
Əzbərlədim quş kimi
ərzin əzəl mətnini;
Atamın gen eşqini,
Anamın dar bətnini
tulladım bir kənara.
...bələk
Yarıdım döşəyimdən,
taxdım qızıl lələyi.
Sıçradım beşiyimdən
çıxardıb nəm bələyi
tulladım bir kənara.
...bəbək
Hərfləri artlayıb
sözü sıxdım lumu tək
uşaqlığı çırtlayıb
günəbaxan tumu tək
tulladım bir kənara.
...gənc
Gəncliyi çiçək bildim,
nəfəs çəkdim, meh gəldi
ilk eşqi köynək bildim –
geyən kimi köhnəldi...
tulladım bir kənara.
...ailə
Uçub gəldi xanımım...
zəbt elədi yarımı...
gördüm yeyir canımı
zalım balalarımı
tulladım bir kənara!
...iş
Üzüm güldü söz gülsə
Lənət dedim pis sözə –
bir kəlmə saxta gəlsə
büküb min xalis sözə
tulladım bir kənara.
...nəticə
Kamına yetdi hərə,
buldular dincliyini...
Endim dərinliklərə,
göyün genişliyini
tulladım bir kənara.
...axirət
Dedim, bu ney, bu surdu! –
can enmədi dağından;
namərd üzümə durdu...
yapışıb boğazından
tulladım bir kənara.
11.11.12
Qocalırsan
Doğulmuşdun bələyə ümidi tək ellərin,
İndiki bu halına ellər məəttəl olmuş –
Koppuş əllərin vardı, vardı qara tellərin,
Əllərin quru budaq, tellərin xəzəl olmuş –
Qocalırsan deyəsən,
Vaqif Bəhmənli? –
Qocal!
Nə var ki, sənə qalan? –
yel örtən pozuq ləpir!
Nə durmaqdan usanıb,
nə getməkdən bezirsən.
Ömrün qızıl dənini nə təhər gəldi səpib
Eşələnib sərçə tək, indi də dən gəzirsən –
Qocalırsan deyəsən,
Vaqif Bəhmənli?
Qocal!
Bıçaq altda dana tək bərəldərək gözünü
Can hayında da gördün zilqaranı, ağı da.
O üzünə vurdular, çevirdin bu üzünü –
Min sifətli dünyanın sənsən bir yanağı da,
Qocal, Vaqif Bəhmənli,
Vaqif Bəhmənli, qocal!
Min yerdə məhlə tutub, yüz yerdə ev tikdirən
bilmir sonu çaladı, hamar düzənlik deyil.
Dərisini dəyişib sifətini çəkdirən,
başına tük əkdirən bu dünya sənlik deyil –
Qocal Vaqif Bəhmənli,
Vaqif Bəhmənli, qocal!
Xəbərin olurmu heç neçə ilik, qan ölür? –
birini zindan yeyir, birini sürgün ya da.
Biri ana bətnində, biri lap cavan ölür;
Qocalıq hər bəndəyə qismət olmur dünyada,
Qocal, Vaqif Bəhmənli,
Vaqif Bəhmənli, qocal!
Allahın yaratdığı, Allahdan da bahalı,
Faciə yox olmaqdı, qocalıq xırda bir qəm.
Hələ bax, məbəd içrə canın didilmiş xalı–
Şükr et, ayaqlar altda şərəfsiz öl, demirəm
Sənə qocal deyirəm... Vaqif Bəhmənli, qocal!
10.11.12