|
|
|
|
Azərbaycanın İsveçrədəki səfirliyinin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə əməkdaşlığı nəticəsində Bern şəhərində yerləşən "İnnere Enge" adlı, dünyanın yeganə caz mehmanxanasının "Marians Jazzroom" caz klubunda oktyabrın 4-dən 8-dək tanınmış caz pianoçumuz Şahin Növrəslinin ifasında Azərbaycan caz konsertləri təşkil ediləcək.
Səfirlikdən bildiriblər ki, tədbir zamanı caz ifaçısı Şahin Növrəsli hər gecə iki müxtəlif konsert proqramı olmaqla beş gün müddətində İsveçrə cazsevənlərini Azərbaycan cazının incəlikləri ilə əyani tanış edəcəkdir. Həmin, konsertlər zamanı tamaşaçılara milli mətbəximizin təamları və Azərbaycan şərabları təqdim ediləcək.
Bununla yanaşı, konsertlər zamanı tamaşaçılara Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, o cümlədən, musiqi diskləri təqdim olunacaq.
İctimaiyyətə geniş məlumat verilməsi üçün "İnnere Enge" mehmanxanasının xüsusi caz proqramının broşürlərində (Azərbaycan barədə xüsusi reklam məlumatları da nəşr edilib, həmçinin İsveçrə caz radiosunun təqvimlərində "Marians Jazzroom" caz klubundakı konsertlər barədə məlumat da öz əksini tapıb.