|
|
|
|
Azərbaycanda keçiriləcək referendum ərəfəsində radikal müxalifət bəzi xarici dairələrin təlimatı əsasında ölkəmizdə vəziyyəti gərginləşdirməyə cəhd göstərdi.
Belə ki, Qərb ölkələrinin Bakıdakı səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra Milli Şura və Müsavat mitinq keçirmək haqda qərar verdilər. Azərbaycan hüquqi, demokratik dövlətdir və ölkəmizdə digər hüquqlarla yanaşı sərbəst toplaşmaq hüququ da təmin edilib. Ona görə də onların mitinq müraciətləri müsbət cavablandırıldı. Lakin radikal müxalifət bu imkandan istifadə edərək dövlətçiliyimiz, ölkəmizin milli maraqları əleyhinə şüarlar səsləndirməyə başladı.
Əslində radikal müxalifətin keçirdiyi mitinqlərə 3 milyon əhalisi olan paytaxtdan 500-800 iştirakçının qatılması xalqın bir daha onları boykot etdiyini, bu qüvvələrə heç bir inam və etibar bəsləmədiyini bir daha sübut etdi.
Başqa sözlə, həm radikal antimilli qrupların, həm də onların xaricdəki havadarlarının planları alt-üst oldu.
Əmin oldular ki, ölkədə sabitliyi pozmağa, gərginlik yönəltməyə istiqamətlənmiş planlarının həyata keçirilməsində xalqdan dəstək ala bilməyəcəklər. Radikalların din amilindən, dindarlardan istifadə etmək niyyəti də puç oldu. Düzdür, onların təşkil etdiyi mitinqdə radikal dindarların müəyyən siyasi şüarlar səsləndirməsi və dövlətçilik əleyhinə fikirlər bildirməsi müşahidə olundu. Amma bu, ümumilikdə dindarların mövqeyini əks etdirmir. Dindarlar radikal müxalifətin dindən istifadə etmək cəhdlərini kəskin tənqid etdilər.
Paralel olaraq qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal "Müsəlman Birliyi"nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə aktiv qoşulması, Müsavatın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. ABŞ-Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə süni gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər. Ancaq antimilli planlarının iflasa uğradığının fərqindədirlər.
Məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Milli Şura adı ilə meydana çıxan bu qeyri-milli toplum özünün bütün fəaliyyəti ilə sübut edir ki, bunlar nəyəsə nail olmaq üçün təkcə hakimiyyətə qarşı müxalif deyil, dövlətçiliyimizə, millətimizə, müstəqilliyimizə qarşı da müxalifdirlər, düşmən mövqedə dururlar. E.Məmmədov bildirib ki, bu qurumda təmsil olunanlar Azərbaycan qanunlarının əleyhinə gedərək, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini sarsıtmaq üçün, ölkəmizdə mövcud olan sabitliyi, əmin-amanlığı pozmaq üçün xarici dairələrdən göstəriş alırlar: "Bunlar xarici səfirliklərdən, bir sıra beynəlxalq qurumlardan və başqalarından təlimat alırlar. Buna nə ad vermək olar?! Bu, Azərbaycan dövlətçiliyinə qarşı düşmənçilikdən başqa bir şey deyil. Xarici dairələr onlara maliyyə verir və bunun müqabilində qarşılarında tapşırıq qoyur ki, siz Azərbaycan dövlətçiliyini zəiflətmək üçün, Azərbaycan əleyhinə hədyan çıxışlar edilməsi üçün bu şərtləri yerinə yetirməlisiniz. Onlar da bunlara verilən proqram üzrə hərəkət edirlər".
Millət vəkili qeyd edib ki, Milli Şura kimi qurumlar ötən illər ərzində heç nəyə nail olmadıqları kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər: "Onlar artıq etimadı itirmiş insanlardır. Əgər sən xarici dairələrə xidmət edirsənsə, hansı millilikdən danışırsan?! Bunların keçirdiyi mitinqlər də, orada səsləndirilən fikirlər də çoxdan oxunmuş bayatılardır".
Millət vəkili Fərəc Quliyev isə bildirib ki, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir. Bunu Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə Əli Kərimlinin radikal islamçıları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib. F.Quliyev bildirib ki, hər bir təşkilat qanunlar çərçivəsində mitinq keçirə, hansısa məsələ ilə bağlı fikirlər səsləndirə bilər: "Amma orada səsləndirilən fikirlər və hədəflər müəyyən olunmalıdır. Mitinqdə məsələlərə şəxsi, müəyyən dairələrin mövqeyindən yanaşmaq fürsətdən istifadə etməkdir. Üstəlik din amilindən, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycanda din siyasətə qarışmır, ikinci bir tərəfdən də bəzi ölkələr Azərbaycanda din amilindən istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Qanunlar çərçivəsində mitinqlərin keçirilməsinin əleyhinə deyiləm, amma məsələlərə mahiyyəti üzrə fikir bildirmək lazımdır, fürsətdən istifadə etmək doğru deyil. Çünki ölkənin mənafeləri hər şeydən üstündür və təbii ki, bu məsələlərdə heç nədən, xüsusən də dindən istifadə etmək yolverilməzdir. F.Quliyev əlavə edib ki, hakimiyyət tolerant davranış nümayiş etdirdi, Milli Şuraya mitinq keçirmək üçün meydan verdi: "Amma mitinqdə dövlətçilik əleyhinə şüarlar səsləndirmək o deməkdir ki, onlar fürsətdən istifadə edərək başqa məsələləri, istəkləri ortaya qoymaq, həm də təkcə öz istəklərini yox, başqalarının da istəklərini ortaya qoymaq istəyirlər. Ölkə rəhbərliyi istəsəydi, bu mitinqə icazə verməzdi, ancaq verdi. Yəni hər kəs deyir ki, buyurun, sivil qaydada mübarizə aparın, fikirlərinizi paylaşın. Amma çox təəssüflər olsun ki, guya siyasət ilə məşğul olan bu adamlar hər addımda ölkə əleyhinə kəmfürsətlik edirlər və bu da təbii ki, heç zaman cəmiyyət tərəfindən qəbul edilmir".
Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə gəlincə, F.Quliyev bildirib ki, baş verənlər heç də təəccüblü deyil: "Başqa dövlət tərəfindən formalaşdırılmış bəzi qurumlar öz aralarında məsələləri bu cür araşdırırsa, bunun heç Azərbaycan cəmiyyətinə aidiyyatı yoxdur. Hər halda bu "mehriban dostlar"ın münasibətləri həmişə ortada olub, bir ara birləşiblər, sonra bir-birilərini ən ağır formada ittiham ediblər. Ona görə də, baş verənlər təəccüblü deyil. Ölkənin taleyi, xalqın mənafeyi bunlar üçün ikinci dərəcəli məsələlərdir, sadəcə gündəmdə qalmaq, ayaq üstə qalmaq üçün bu məsələlərdən istifadə etmək, ən yaxın "dostlar"ını rəqib sifətində əzmək belə bunlar üçün adi bir qaydadır. Mən bütün baş verənlərdən təəccüblənmədim".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə müxalifətin mitinqində Qarabağa dair çağırışın olmamasını qınayıb: "İstənilən siyasi partiya və ya siyasi qurumlar hər hansı bir mitinq təşkil edirsə, orada Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər önə çəkilməlidir. Siyasi aksiyaların hansı səbəbdən təşkil olunmasının fərqi yoxdur. Bu aksiyalarda hökmən Qarabağ məsələsinə toxunulmalıdır. Hətta mitinqin mövzusu sosial problemlərlə bağlı olsa belə, ondan da önə Qarabağ problemi keçməlidir. Çünki Azərbaycanın hazırda bir nömrəli problemi Qarabağ məsələsidir. Ona görə də, hər dəfə aksiyalar olanda biz də diqqətlə bu prosesləri izləyirik. Milli Şuranın mitinqləri ilə bağlı da təşkilatımız prosesləri diqqətlə izlədi. Düzü, o aksiyada olmamışam, amma bu mitinqdə iştirak edənlərdən soruşmuşdum ki, aksiyada Qarabağ məsələsi qoyuldumu? Az da olsa danışıblar. Qətnamə qəbul ediblər. Qətnamədə Qarabağla bağlı nə isə qeydləri olub-olmaması barədə də dəqiq bilmirəm. Amma bu cür aksiyalarda əsas mövzu Qarabağ olmalı idi, hansısa dini çağırışlar yox. Mitinqlərdə üstüörtülü şəkildə bu problemin üstündən keçmək olmaz. Əgər onlar aksiyada Qarabağ məsələsini əsas məsələ kimi ortaya qoymayıblarsa, hesab edirəm ki, bu çox ciddi nöqsan olub".
QAT sədri ABŞ Konqresindəki dinləmələr zamanı Azərbaycan adından çıxış edən kimlərinsə qondarma rejimin rəhbərinin oğlu ilə eyni tədbirdə iştirak etməsini də mənfi hal kimi dəyərləndirdi: "Heç yerdə tanınmayan qondarma rejimin rəhbərinin oğlu aktiv şəkildə bizim əleyhimizə təbliğat aparır. Belə birinin Azərbaycandan olan nümayəndələrlə eyni tədbirdə olması çox arzuolunmayan bir məsələdir. Bunu qəbul etmək olmaz. Orada olan azərbaycanlıların qondarma rejimdən olan birinin də bu tədbirdə iştirak etməsindən xəbəri olubsa, buna kəskin reaksiya verməyiblərsə, bu, çox pis haldır. Düşməni təmsil edən biri ilə eyni masada oturmaq siyasi səhvdir. Bu hal bizə də müsbət heç nə vəd etmir. QAT adından da tələb edirəm ki, bu cür tədbirlərdə qondarma rejimin nümayəndəsi ilə eyni masada oturmaq kimi halların qarşısı alınsın".
PƏRVANƏ