Xəbər verdiyimiz kimi, erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində növbəti dəfə hərbi təlimlər keçirir.
Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir. Atılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.
Ermənistan rəhbərliyinin işğal altında olan ərazilərdə hərbi təlimlər keçirməsi Dağlıq Qarabağ danışıqlarının ruhuna xələl gətirmək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycanı hərbi toqquşmalara təhrik etmək məqsədi daşıyır.
Məsələ ilə bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan heç vaxt beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir: “İşğalçı ölkənin arxasında dayanan güc mərkəzləri də Serj Sarkisyan hakimiyyətinin ağıllanması istiqamətində heç bir addım atmır. Nə Rusiya, nə Fransa, nə də ABŞ işğalçını dayandırmaq üçün təzyiq alətlərini işə salmır. Ortada Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Rəsmi İrəvan isə bütün bunlara məhəl qoymur”.
Cari ilin aprel ayının əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən döyüşlərə toxunan ekspert qeyd edib ki, dördgünlük döyüşlərdə bütün dünya Azərbaycanın Ermənistandan dəfələrlə güclü olduğunu görüb: “Beynəlxalq ictimaiyyət şahidi olub ki, Ermənistandan fərqli olaraq Azərbaycanda döyüş hazırlığı yüksək səviyyədədir, ordu-xalq-dövlət birliyi var”.
Azərbaycan Ordusunun Ermənistanla müqayisəgəlməz gücünə aprel döyüşləri zamanı bütün dünyanın şahid olduğunu deyən hərbi ekspert bildirib ki, həmin döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi böyük şücaət, qısa zaman ərzində iki min hektar ərazinin işğaldan azad edilməsi işğalçı rejimin uydurduğu mifləri tamamilə alt-üst edib: “20 ildir ki, Ermənistan hakimiyyəti xalqı inandırmağa çalışırdı ki, guya onların güclü ordusu, keçilməz müdafiə xətləri var. Bütün bunların yalnız mifdən ibarət olduğunu aprel ayında baş verən dördgünlük müharibə zamanı Azərbaycan əsgəri ortalığa qoyub. İki saat ərzində ermənilərin keçilməz Ohanyan xətti ordumuz tərəfindən darmadağın edilib, düşmən böyük itki verərək geri çəkilməyə məcbur olub. Bu məğlubiyyət ermənilərə həm də psixoloji zərbə vurub. Bu hadisələr Ermənistan əsgərinin döyüş ruhunun olmamasını, dövlət səviyyəsində hərbi hazırlığın qeyri-mövcudluğunu ortaya qoyub. Əksinə dördgünlük müharibə ilə Azərbaycanda vətəndaş həmrəyliyinin, güclü dövlətin, vahid komandanlığa əsaslanan ordunun olması bir daha öz təsdiqini tapıb”.
E.Həsənli qeyd edib ki, bu gün Azərbaycan dövləti ordunun silahlanması məsələsinə xüsusi diqqət yetirir: “Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərini təmin etmək imkanındadır”.
Hərbi ekspert bildirib ki, Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığı var: “Bu dövlətin hərbi sahəyə ayırdığı diqqət və qayğının nəticəsidir. Keçirilən zəruri təlimlər hərbçilərimizin döyüş əhval-ruhiyyəsini daha da artırır, yüksək hazırlıqlı peşəkar hərbi kadr kimi yetişməsinə imkan verir”.
Ermənistanın aprel itkilərini bərpa etməyə çalışdığını deyən E.Həsənli qeyd edib ki, Sarkisyan hökuməti istefaya göndərməklə vəziyyəti nəzarət altında saxlamağa çalışsa da, geniş xalq kütləsinin etirazları səngimək bilmir, əhali onları acınacaqlı vəziyyətə salan prezidentin istefasını tələb edir: “Ona görə də, Sarkisyanın vəziyyəti düzəltməsi, müsbət dəyişiklik etməsi mümkün deyil”.
Ekspert bildirib ki, MDB dövlətlərinin rəhbərlərinin Bişkek Samitindən də göründüyü kimi Sarkisyan maksimum səylə çalışır ki, Dağlıq Qarabağ danışıqlarını uzatsın, prosesin müsbət həllini gecikdirsin: “Ona görə də Azərbaycan prezidenti İlham Əliyev Sarkisyana sərt şəkildə öz iradlarını bildirib. Ölkə başçısının dediyi kimi, məsələnin konkret həll yolu var: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmalı, qaçqınlar öz yurdlarına qayıtmalıdır. Əks halda bölgədə münaqişənin daha da alovlanması qaçılmazdır. Bu zaman aprel döyüşlərindən fərqli olaraq nə Rusiya, nə ABŞ, nə də digər dünya gücləri atəşkəsi bərpa edə bilməyəcəklər”.
Ceyhun ABASOV