|
|
|
|
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir.
Ölkəmiz öz təbii gözəllikləri ilə yanaşı, qədim tarixi abidələrimizin qorunması, onların təkcə xalqımıza deyil, vətənimizə gələn xarici turistlərə də nümayiş olunması üçün mədəniyyət və turizm sahəsində daim böyük işlər görür.
Son illər Azərbaycanda turizm çox sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən respublikamızda "Turizm işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixində Sərəncam imzalanıb.
Sərəncama əsasən, hər il sentyabr ayının 27-si ölkədə "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd ediləcək.
Bu məqsədlə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 sentyabr 2016-cı il tarixində bu günə qədər sərgilənməyən fond materiallarından ibarət "Eskizdən səhnəyə" adlı sərgi təşkil olunacaq. Burada müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək.
Həmin gün muzeydə "Açıq qapı" günü elan ediləcək.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi" elan edib. "Turizm həftəsi" çərçivəsində Azərbaycanın xalçaçılıq incilərinin, milli sərvətlərin, tarixi abidələrin, gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.
Ekskursiyalar 27 sentyabr saat 11:00-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna, 28 sentyabr saat 15:00 -da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 29 sentyabr saat 15:00 -da Milli Azərbaycan Tarixi Muzeyinə, 30 sentyabr saat 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təşkil ediləcək.
Həmçinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. İdarənin şəbəkəsinə daxil olan müəssisələr (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) tərəfindən müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar təşkil olunacaq.