|
|
|
|
Xəbər verildiyi kimi, sentyabrın 19-30-u arası Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun illik toplantısı keçirilib.
Toplantıda Azərbaycandan da dövlət və qeyri-dövlət təmsilçiləri iştirak edib. Bəndəniz də bir QHT rəhbəri olaraq növbəti dəfə bu toplantıya qatılıb. Yəni orada olanları gözüylə görüb, danışılanları qulağıyla eşidib.
Eyni zamanda müxtəlif mövzularda çıxış etmək imkanı olub.
Bugünlərdə bəzi mətbu vasitələrdə həmin toplantıda ABŞ təmsilçisi Maykl Kozakın etdiyi çıxışlarla bağlı bir xülasə yayımlanıb. Həmin tədbirdən xəbəri olmayanlar o xülasəni oxuyub düşünə bilər ki, tədbir başdan ayağa Azərbaycana qarşı köklənib. Yaxud da ABŞ təmsilçisi yalnız Azərbaycan haqqında tənqidlər səsləndirib. Elədirmi? Təbii ki, deyil.
Qeyd etdiyim kimi, biz də QHT təmsilçisi olaraq həmin tədbirlərin bizə aid hissəsində - ilk həftəsində iştirak etmişik.
Doğrudan da ABŞ təmsilçisi Azərbaycanda insan haqlarıyla bağlı bəzi narahatlıqlarını dilə gətirirdi. Amma və lakin bu narahatlıqlar əvvəlki illərdə olduğu kimi kəskin və geniş deyildi. Sadəcə olaraq M.Kozak ölkəsinin ATƏT bölgəsində insan haqları məsələlərinə münasibətini açıqlayırdı. Təbii ki, bəzən Azərbaycan haqqında da danışırdı. Müəyyən fikirləri bizdə ciddi narazılıq doğurmasa da bəzən məlumatsızlıqdan qaynaqlanan yanlış açıqlamalarının olduğu nəzərimizdən qaçmırdı. Ona görə də çıxışlarımızda birbaşa və ya dolayısıyla ona, onun kimi danışanlara cavab verirdik. Yəni həmin toplantıda M.Kozak da daxil olmaqla bəzi çıxışçıların Azərbaycanla bağlı səsləndirdiyi elə bir söz qalmadı ki, ona cavab verilməsin.
Məsələn, iddia edilirdi ki, Azərbaycanda referendum öncəsi jurnalistlər həbs edilir. Lakin heç bir fakt göstərilmirdi. Belə olan halda çıxış edərək son 3 ay ərzində - yəni referendumla bağlı müddətdə hansısa jurnalistin həbs edilmədiyini, əgər belə bir fakt varsa, təqdim olunmasını istədim. Yalnız qısa müddətə bir neçə jurnalistin saxlanılması, media təmsilçisi olduğu aşkarlanan kimi buraxılması faktının olduğunu dedim.
Başqa bir iddia isə jurnalist Rasim Əliyevin öldürülməsilə bağlı idi. Düzdür, M.Kozak belə bir iddia irəli sürmədi. Amma bəzi çıxışçılar belə bir iddia irəli sürdülər. Təbii ki, məsələyə aydınlıq gətirildi, izah edildi ki, Azərbaycan dövləti də, cəmiyyəti də bu halı sırf cinayət əməli kimi - yəni heç bir siyasi çaları olmayan əməl kimi dəyərləndirir və canilər öz cəzalarını alıblar.
M.Kozakın GONGO - guya hökumətə işləyən QHT-lərlə bağlı yanaşması maraqlı oldu. Şəxsən mən çıxışımda sual etdim ki, necə olur, ABŞ başda olmaqla bir sıra dövlətlərin hökumətlərindən pul alan QHT-lərə GONGO deyilmir, amma Azərbaycan kimi yeni demokratiyalardan pul alanlara bu damğa vurulur? Əgər konkret fəaliyyət üçün hökumətdən pul almaq yanlışdırsa, onda ABŞ-dan da pul alınmamalıdır.
Bu məsələyə münasibət bildirən M.Kozak qeyd etdi ki, hamı haqqında belə düşünmürlər. Hətta dedi ki, mənimlə yanaşı oturmuş, fəallığı və əsaslı çıxışlarıyla diqqət çəkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun təşkilatı da ABŞ-dan pul alıb. Bu heç də o demək deyil ki, o bir ABŞ GONGO-sudur...
Xədicə İsmayılın tədbirə qatılmaq üçün ölkədən çıxa bilməməsinə təəssüf etməsinə gəlincə, şəxsən mən də onunla həmfikir olduğumu dedim. Lakin həm də qeyd etdik ki, qanunlar var, onları gözardı edərək kiməsə əlahiddə imkan yaratmaq mümkün deyil. Ümid etdiyimi bildirdim ki, Xədicə İsmayıl yaxın vaxtlarda o problemini həll edə biləcək.
Toplaşmaq azadlığı, QHT-lərin fəaliyyəti, dindar kəsimlə bağlı məsələlərdə də M.Kozak bir sıra ölkələr, o cümlədən, Azərbaycan haqqında yumşaq tənqidlərini, yaxud da təkliflərini dilə gətirdi. Yəni o toplantıda ABŞ təmsilçisi tərəfindən Azərbaycanın kəskin şəkildə hədəfə alındığını heç kim iddia edə bilməz. Hətta bəzən ifadələrini çox diqqətlə seçdiyini, Azərbaycanla bağlı fikirlərini səthi şəkildə dilə gətirdiyini də sezmək olurdu. Bu isə o deməkdir ki, ABŞ rəsmisi bu dəfə Azərbaycanda hər şeyi qara rəngdə görmək istəyənlərə o qədər də çox qida vermədi və ya vermək istəmədi.
Bizim üçün əsas problem ermənilər oldu desək, yanılmarıq. Özü də tək başına deyil. Onlarla birlikdə Azərbaycan vətəndaşlığından könüllü şəkildə imtina etmiş Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov ikidə bir olmayan yerdən "faktlar" uydurub çox qorxunc bir Azərbaycan tablosu cızmağa çalışırdı. Ermənistan nümayəndələri iddia edirdi ki, onların ölkəsində bütün hüquqlar qorunur. Hətta işğal altında tutduqları Dağlıq Qarabağda belə insan hüquqları yüksək səviyyədə təmin edilir. Təbii ki, absurd idi. Onlarla səs-səsə verib absurd fikirlər səsləndirən həm də Emin Hüseynov idi. Məsələn, iddia edirdi ki, Rasim Əliyevi Azərbaycan hakimiyyəti öldürüb. Görəndə ki, buna artıq insanları inandırmaq mümkün deyil, bu dəfə iddia etdi ki, bəs, sən demə sentyabrın 17-də saxlanılan hansısa gənci Azərbaycan polisləri döyüb öldürüb. Başqa bir gənc isə ölüm ayağındadır. Nağıl idi bu təbii.
Eminin ermənilərlə eyni ağızdan danışması təbii ki, cavabsız qalmırdı. Ona əsas və tutarlı cavabı Azərbaycandan olan rəsmi təmsilçilər verirdi. Həm diplomatik nümayəndəliyimizdən olan təmsilçilər, həm də Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova ermənilərə də, Eminə də konkret faktlarla tutarlı cavab verirdi. Əlbəttə ki, bu cavablar iştirakçıların yanlış bilgilərin əsirinə çevrilməsinin qarşısını dərhal alırdı.
Ümumi olaraq belə deyə bilərik ki, ABŞ təmsilçisi başda olmaqla heç bir dövlətin rəsmisi Azərbaycana münasibətdə kəskin mövqedən çıxış etmədi. Əksinə, mümkün qədər nəzakətli bir dildə sadəcə bəzi problemlərin mövcudluğundan narahat olduqlarını ifadə etdilər. Bu da normaldır. Çünki o görüş məhz bu cür məsələlərin müzakirəsi üçün bir platformadır.
Ayrıca qeyd etdiyimiz kimi, Ermənistan nümayəndələri və onlarla eyni mövqedən çıxış edən Emin Hüseynov sadəcə fakt qıtlığı üzündən çıxışlarında ya köhnə faktlara istinad edir, ya da özlərindən əsassız "faktlar" uydurmalı olurdular. Bu isə bizdə gülüş doğururdu. Əslində, onların belə çıxışlarına reaksiya verməmək də olardı. Lakin iştirakçılar susqunluğu razılıq əlaməti kimi qəbul etməsin deyə, Gülsel Səfərova, Sahib Məmmədov, digər nümayəndələrimiz və mən çıxışlarımızda onların əsassız iddialarını faktlarla darmadağın edirdik. Ona görə də Azərbaycan nümayəndələrinin hər çıxışından sonra bizə qarşı olanlar daha mülayim olmağa çalışırdılar. Yalnız Emin Hüseynov və ermənilərdən başqa. Onlar isə növbəti dəfə uduzduqlarını görüncə, yeni hücum üçün yeni "faktlar" uydurmalı olurdular...
Sonda bir daha vurğulamaq istərdim ki, bəzi media qurumlarının M.Kozakın tədbirdəki çıxışlarından hazırladığı xülasə sadəcə olaraq suyu bulandırmaq cəhdindən başqa bir şey deyil. "Orda alınmadı, bəlkə burda alınar" düşüncəsinin məhsuludur bu. M.Kozakdan son ümid yeri kimi istifadə etmək istəyənlər növbəti dəfə ictimai rəyi ABŞ-ın guya Azərbaycan hakimiyyətinə qarşı kəskin mövqe sərgilədiyini sübut etmək üçün saman çöpündən yapışırlar. Amma bir şeyi unudurlar ki, ABŞ 26 sentyabrda keçirilmiş referendumdan düz bir gün sonra öz müsbət rəyini açıqlamaqla Azərbaycan dövlətinə də, hakimiyyətinə də, xalqın iradəsinə də rəsmi münasibətini konkret ifadə etdi. Bu yetərli deyilmi suyu bulandırıb balıq tutmaq istəyənlərə? Umutmayaq, ABŞ ABŞ-dır, amma əvvəlki kimi "saman çöpü" rolunda deyil...
Qafqazinfo.az