“Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında bütün istiqamətlərə ümumilikdə 200-dən artıq əlavə avtobus buraxılacaq. Bayramda sərnişin sıxlığının yaranacağı gözlənilsə də, heç bir problem yaranmayacaq”.
Bu barədə Bakı beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev anspress-ə açıqlamasında bildirib. Avtovağzalda gücləndirilmiş iş rejimi mart ayının 16-da başlayaraq, martın 26-da yekunlaşacaq.
“Adi günlərdə əgər 300 avtobus 7 min sərnişinə xidmət göstərirsə, bayram günlərində 600-dən çox avtobus sərnişinlərə xidmət göstərə biləcək. Bayram günlərində avobuslardan 15 minə yaxın sərnişinin istifadə edəcəyi gözlənilir”, - deyə M.Abdullayev bildirib.
Bundan əlavə, avtovağzalda 8 nəfərdən ibarət nəzarət komissiyası yaradılıb. Həmin komissiya Bakı Beynəlxalq Avtovağzal ərazisində baş verə biləcək neqativ halların qarşısını almağa nəzarət edəcək. Məhəmməd Abdullayevin sözlərinə görə, özbaşına bilet qiymətlərinin artırılması, sərnişinlərin biletsiz avtobuslara mindirilməsi, bilet alan sərnişinlərin avtobuslarda yer tapa bilməməsi kimi halların qarşısı alınacaq.
Novruz bayramı ilə əlaqədar yaranan sərnişin sıxlığını aradan qaldırmaq üçün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində də müəyyən işlər görülüb. AZAL-dan verilən məlumata görə, Bakı-Naxçıvan-Bakı istimaqətində reysləri artırıb.
Sərnişin sıxlığı ilə əlaqədar bu gün Bakı-Naxçıvan-Bakı istiqamətində əlavə iki reys artırılacaq. Martın 14-də isə bu istiqamətdə bir reys artırılıb. Əgər AZAL-ın təyyarələrilə Bakıdan gündəlik bütün istiqamətlərə üç min sərnişin uçursa, bunların mini Bakı-Naxçıvan-Bakı reysinin payına düşür.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi də Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına 30-a yaxın əlavə vaqon qoşulacaq.
“Əsasən Novruz bayramından 1 gün əvvəl və 1 gün sonra qatarlar da sərnişin sıxlığının daha çox müşahidə olunacağı gözlənilir. Əlavə vaqonlar bütün istiqamətlərə qoşulacaq. Əsasən qərb, Bakı-Böyük Kəsik, Qazax, Gəncə, Gürcüstan istiqamətinə daha çox sərnişin sıxlığının olacağı gözlənilir”, - deyə N.Əzməmmədov bildirib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Biletlərin qiymətində isə heç bir artım olmayacaq. Bayram günlərində biletlərin satışında hansısa qanun pozuntusu olmasın deyə, xüsusi nəzarət komissiyası yaradılıb. Komissiya üzvləri biletlərin baha satılmaması üçün kassaların qarşısında, stansiyalardə nəzarət edəcəklər.
Bundan başqa, təhlükəsizliyin qorunması üçün də nəzarət gücləndiriləcək. Sərnişinlərin çoxluğunu nəzərə alaraq, vaqonlara minib-düşmək, sərnişinlərin səxsiyyət vəsiqələrinin diqqətlə yoxlanılması və digər məsələlər diqqətdə saxlanılacaq.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər. Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS-ə bildirib ki, bayram günlərində 140 həkim birqadası gecə-gündüz xidmətdə olacaq. “Bayram günlərində xəstəxanalar, poliklinikalar işləmədiyi üçün təcili yardım həkimləri daha çox yüklənəcək. Bu səbəbdən təcili yardım stansiyası tam heyətilə gücləndirilmiş iş şəriatində işləyəcək. Bayram şənlikləri keçirilən ərazilərdə həkimlərimiz növbə çəkəcək”, - deyə Oqtay Şahmalıyev bildirib.
Bayram günlərində avtobusların işləməsində isə heç bir dəyişiklik olmayacaq. Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, avtobuslar adi günlər olduğu kimi normal qrafiklə işləyəcək.