|
|
|
|
Böyüdüb köçürtdük
gəlincikləri...
“Əlvida” deyərək bu gözəlliyə
Bir gün duyarıq ki, torpağıq-daşıq,
Havalı bir eşqlə sevirdik deyə –
Bəxtəvər olsaq da, nakam qalmışıq.
Böyüdüb köçürtdük gəlincikləri,
Qoynumuz evləri-eşikləriydi,
Gənclik çağımızın yelləncəkləri
Məsum xəyalların beşikləriydi.
Səsini duyuram xatirələrin,
Əhlikef olanlar baxıb-uğunub,
Ağarıb çiynimdə ölən tellərin
Hər biri bir soyuq baxışdan donub.
Bir leysan tutmuşdu; hələ də yağar,
Nə sevinc ovudur, nə qəm kiridir.
Ürəkdə iz salıb qalan damarlar
Sevgi yağmurunun şimşəkləridir.
Zamanım olmadı güləm doyunca –
Darısqal günləri, ayları saydım.
Hərdən düşünürəm: “Şair olunca
Kaş, ruhu olmayan daş yaranaydım”.
Hər şeirim insana məhəbbət himni,
Zamanın xıltıyla qanım axacaq,
Doğuşda keçinən bir ana kimi
Misralar üstünda canım çıxacaq...
05.01–15.02.2013
Dəniz...
Dindirilmir, yenə salıb sular karlığa,
Coşub, sonra kor-peşiman olardı dəniz,
Aradabir baş vuraraq bəstəkarlığa.
Mənnən şeir sorağını alardı dəniz.
Yerlər-göylər quruyanda batıb, azalıb,
Zirvələrdən nəfəs çəkib salamat qalıb,
Qış fəslində tənhalıqdan pərişan olub,
Yaza qədər gözü yolda qalardı dəniz.
Dalğaları qarlar tutmuş yoxuşlar kimi,
Qayaları unudulmuş naxoşlar kimi,
Sahillərin qucağında canlı tar kimi,
Dərdlərini sarı simdə çalardı dəniz.
Tanrıdanmı, şeytannanmı gəldi bəxtimiz?
Sən o cürə, mən bu cürə yerbəyerik biz,
Hərə bir cür qərq olundu, ay Vahid Əziz,
Hərəmizi bir tərəfə apardı dəniz.
Xəzər, olub-keçənlərdən yazdığım bu gün,
Xatırlanmır ümmanları qınamaq üçün;
Hərdən kimin-kimliyini sınamaq üçün,
Gəmiləri burulğana salardı dəniz...
18.02.2013
22.30
İnanma...
Bir zamanlar ləngiyəndə bircə an
Dönə-dönə səslənərdi: “Yubanma!”,
Söylənərdi: “Nə intizar, nə hicran?”
Mənə inan, ayrılığa inanma!”.
Oxuyardı: “Sənə ümid bağlaram,
Təkcə səni ürəyimdə saxlaram,
Unudulsam, elə sellər ağlaram –
Bu cür dəli leysan yağa, inanma!”.
Ovsunladı bir sehirli gülüşnən,
Atıb getdi saçımdakı gümüşnən,
Tox oldusa bir ötəri görüşnən –
Yalvarsan da, qayıtmağa inanma.
Xatırlayıb yalan andlar içəni,
Varaqladım o yağmurlu gecəni;
Görməyincə yar könlünnən keçəni –
Ürəyində saxlamağa inanma...
Kimə çatdı bəslədiyin güllərin
Nə bilərsən həsrətisən kimlərin?
Qəfil gəlib, oxşadığın əllərin
Gözlərini bağlamağa inanma...
16.02.2013
00.55
Axı, kiprikləri süngülər yonur...
Çiçəyim budaqdan-budağa qonur,
Görünür, yanına istəmir gələm,
Qaşları çatmalı, gözləri qonur –
Gizlədər, sirrini istəmir biləm.
Canımın bitməyən ağrısı onun,
Divanə könlümün yanğısı onun,
Deyəndə: “Ömrümün yarısı onun” –
Alır hamısını istəmir böləm.
Könlümü göynədir hər gələn bahar,
Ruhumu titrədir dəli suallar,
Balçəkən arıyla nə söhbətin var?
İstəmir eşidib yanıb-töküləm?
Hərdən qəribliyə salır sözümü,
Xəlvətcə içimnən alır özümü,
Saçının zülməti çalır üzümü –
Özgənin üzünə istəmir güləm.
Çiçəyim budaqdan-budağa qonur,
Görünür yanına istəmir gələm,
Axı, kiprikləri süngülər yonur –
Bəs niyə deyir ki: “İstəmir öləm,,,”.
15.02.2013
05.30
Bu cür oyuncaqlar
olsaydı məndə...
Dağıdıb-sındırır, kəsilir qənim,
gör, dəcəl nəvəmə nələri aldım!
Bu cür oyuncaqlar olsaydı mənim,
Vallah, körpəlikdə dahi olardım.
Raket, bilgisayar, peyklər, qatarlar...
Yabançı dillərdə çoxunun ismi,
Qutular üstündə ilan-çayanlar,
Nə Vətən şəkli var, nə sevgi rəsmi.
Dükanlar gətirən bu evciklərin
içində hələ bax, nələri vardı?!
Amma o zamankı gəlinciklərin
“cehizi” bunlardan gözəl olardı.
Vallah, cavanlığın ağlı azalıb –
Mirzəmiz hər şeyin haqqına yazdı,
Nəvəm “Aynalını” divardan salıb,
Mıxçadan oxuyan şəklini asdı.
Çoxunun diliylə – zövqündə böhran –
ekrana baxmaqdan gözü qaşınır,
“təmizlik” adıynan daş binalardan
ulu tarixlərin izi qaşınır.
Bir cür bəlası var hər yeni nəslin –
o qədər zadəgan kişilər qaçıb!
“Bisavad” babalar yaradan dilin
başına “alimlər” oyunlar açıb.
Qəribə məxluğuq, ay dədə-nənə!
Hara daşınırıq, hara axırıq?
Düşmənin şəninə sağlıq deyənə
İrişə-irişə qəhmər çıxırıq.
İblislər bəslənib evlərimizdə,
Ordular məhv olub, yurdlar batıbdı,
Kişilər, bəlkə də millətimizdə
Təftiş aparmağın vaxtı çatıbdı...
16.02.2013
23.15
Çərşənbə tonqalı
həvəslə yanar...
Çərşənbə tonqalı həvəslə yanar,
Toran çınqıllardan qırpar gözünü,
Havalar isinər, günlər uzanar,
Dünya bizə tərəf əyər özünü.
Nəvəm də tonqalla sınayar gücün
Ömrünün ikinci ilk baharıyla,
Elə bil torpağı ayıltmaq üçün
Döyər “şəkərbura” ayaqlarıyla.
Qulaqlar söhbətdə, gözlər xəbərdə;
Novruzda hərcayı sözlər anılmaz,
Bahara açılan çərşənbələrdə
Yanlışlar, yamanlar yada salınmaz.
Adətlər qıtlaşar daha şəhərdə –
Qoy, “market” milləti başına yığsın;
Amma ki, evlərdən çərşənbələrdə
Azı bir sovqatın ətiri çıxsın.
Gözəl Novruzumun çox sehri vardı –
İşlər nizamlayar od ilə suynan,
İlləri dəyişən bizim bahardı –
Dünya vidalaşar qış yuxusuynan.
Dağ-dərə tərpəşib sular çağladır,
Günəş həniri var külək səsində,
Adamda nəyəsə ümid bağladır
Novruzun “yalançı çərşəmbəsi” də.
Çərşəmbə tonqalı həvəslə yanar,
Düşən qaranlıqlar qırpar gözünü,
Novruzda ürəklər yumuşaq olar –
Qəlbin tutan evə yetir özünü...
17.02.2013
22.30
Keçdi...
Çat verdi bir ülvi eşqin aynası,
Günahkar olsaq da, oldu da, keçdi!
Bizim sevgimizin toyuyla-yası
Bir vaxtın içində oldu da, keçdi.
Ömrüm qismət imiş zalıma mənim,
Nədən nankor çıxdı yoluma mənim?
Girməyin nəyidi qoluma mənim? –
Cavabı: “Bilmədim, qoldu da, keçdi”.
Get-gedə göynədər sevdalı çağlar,
İtər uzaqlarda çənli cığırlar,
Daha fərq eləməz hara aparar,
Ömrümnən-günümnən yoldu da, keçdi.
İndi dərdlə savaş, canınla əlləş;
şəkər, qan təzyiqi, üşütmə, atəş...
danış öz-özünə, özünlə dərdləş,
təskinlik elə ki: “Haldı da, keçdi”.
A zalım, hikkənə pismi dözürdüm,
Özümü yolunda azmı üzürdüm?
Sevgi çəmənində çiçək gəzirdim,
Əynimdə tikanlı koldu da, keçdi...
30.04.09
22.25 – 22.50
Oxşamır...
Səsi elə həzin gəlir;
Amma, kamana oxşamır,
Nədən deyib, nədən dinir? –
Kömək umana oxşamır.
Şumda oldum öküz tayı,
Bu üz bizim, o üz – tayı,
Yaxşılığın ekiz tayı,
Yaman-yamana oxşamır.
Odlananın canı yanar,
Külə dönər damar-damar,
Dövran – kimə desən yanar,
Mənə yanana oxşamır.
Günəş gətirər sabahı,
Doğmuş üfüq hələ zahı!
Qalma burda, söz sərrafı –
sənin yuvana oxşamır.
Qırmaz onu qorxu-hədə
Aşiq qəfəsə düşsə də,
Ürək həvəsə düşsə də,
Könül cavana oxşamır.
Qeydimə qaldığın nədi?
Nə verdin, aldığın nədi?
A dünya, çaldığın nədi –
Köhnə havana oxşamır...
27.04.09
16.30 – 16.45
Ürək saz kimidir köynək içində...
Hamı sızıldatdı, incitmə sən də –
Bir azca könlünü alsan, oxuyar,
Ürək saz kimidir köynək içində –
Sinənin üstündə çalsan, oxuyar.
Gözlərim köynəyin ipək üzüdür,
Dilimdə dolaşan sazın sözüdür,
Ən yaxşı təlimçi həyat özüdür –
İlləri yadına salsan, oxuyar.
Qundağın öyrətdin dodaqlarına,
Qolu alışırdı barmaqlarına,
Baxma, darıxarıq daralmağına,
Yenə də yanında qalsan, oxuyar.
Ürək mənimdisə – bələdəm ona,
Nə var bilmədiyi öyrədəm ona?
Olsun, bu möcüzə səndə alına –
Qeydinə qalanı olsan, oxuyar.
Guya bilmirsən ki, dərdi nədəndi,
O vaxtdan qoşulub sənnən gedəndi?
Qəlbim körpəlikdən şirni sevəndi,
Bilsə ki, dodağı balsan, oxuyar.
Sənsiz hər dönəmi keçər il kimi,
Sənsiz hər pərdəsi batmış dil kimi,
Üstündə havalı bir bülbül kimi,
Onun həsrətinnən solsan, oxuyar...
21.03.2012
23.00
Xoş gəlir Xəzərin şirin avazı...
Xoş gəlir Xəzərin şirin avazı,
Səmalar tər-təmiz, zərli aynadır,
Elə bil yuxulu qaraçı qızı
Qıvrım saçlarında daraq oynadır.
Günəşlə güllərin bitər hicranı,
Mehlər ləçəklərdən şəbnəm qoparar,
Üfüqlə yeriyər bulud karvanı,
Çəkib, külək adlı sarvan aparar.
Hələ ki, qaranlıq səssiz-səmirsiz
Yığıb ulduzları gümüş əridir,
Qəmli söyüdlərlə-qayğılı dəniz
Sarı saç, göy gözlü rəsm əsəridir.
Ləpələr yenə də təpərli, qıvraq –
Xəzəl olanlara üzmək öyrədər,
Sularla havanı qarışdıraraq
Dəniz torlar üçün balıq böyüdər.
Gəmilər fit verib səfərə gedir,
Balıqçı qayığı güzərdən dönür.
Enişə gedənin tüstüsü itir,
Yoxuşa qalxanın burnu görünür.
Dənizin soyuqdan halı qarışıb –
İsidər üfüqdə alışan ocaq,
Gecələr o üzə bu üzə aşıb,
Səhərlər saçına daraq salacaq...
08.09.2012
04.40