Müsahibimiz “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəl- xalq Forumu”nun (“ASAİF”) sədri və London Kollec Universitetinin ictimai siyasət ixtisası üzrə magistratura proqramının tələbəsi Ramin Həkimovdur. Mövzumuz onun təmsil etdiyi təşkilat və təşkilatın Böyük Britaniyadakı fəaliyyəti haqqındadır.
- Ramin, ASAİF-in yaranma məqsədi nədir və bu məqsəd uğrunda Böyük Britaniyada hansı işlər görülüb?
- Böyük türk şairi Nazim Hikmət həyatı belə təsvir edir: “Həyat, bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına yaşamaq deməkdir”. Təşkilatın yaranış ideyasını və mexanizmini bu sitatla təsvir etmək olar. ASAİF xaricdə təhsil alan gəncliyin maraqları qorunsun, gənclər özlərində və işlərində dövlət dəstəyini hiss etsinlər və təhsillərini bitirdikdən sonra vətənə, millətə və dövlətçiliyə xidmət üçün geri qayıdarkən onlara dəstək olsun deyə yarandı. ASAİF-in yaranma məqsədi budur, bunu da uğurla həyata keçiririk, lakin bununla kifayətlənmirik. Vəzifəmiz bu gəncliyi bir şəbəkəyə toplamaq, gənclərin fərdi təşəbbüslərini dəyərləndirmək, bu fərdi təşəbbüsləri ümumi məqsədə - azərbaycançılıq məfkurəsinin geniş miqyasda gerçəkləşməsinə yönləndirmək və bu məfkurənin xaricdə layiqincə icrasını təmin etmək istiqamətindədir.
- ASAİF xaricdə təhsil almış gənclərin Azərbaycanda işlə təmin olunmasında nə cür köməklik göstərir?
- ASAİF–in əsas vəzifələrindən biri xaricdə təhsilini başa vurub, Vətənə qayıtmış məzunların işlə təmin olunmasına kömək olmaqdır. Bu, sadəcə, məzunların işlə təminatı deyil, həm də hal-hazırda təhsil alan gənclərin iş təcrübəsi məsələlərinin həlli yönündədir. Sentyabrdan başlayan fəaliyyət ilində artıq 40-dan artıq ASAİF üzvü olan məzun işlə təmin olunub. ASAİF bu zaman ərzində bir neçə əmək yarmarkası təşkil edib, dövlət qurumları və özəl şirkətlərlə qarşılıqlı əməkdaşlıq quraraq boş yerlərə qəbul elan etmişdir. Bir ay öncəyə qədər iş elanı üçün 1000- dən artıq tərcümeyi-hal qəbulu olunub. Bu sahədə işlərimizə davam edirik, çünki gənclərimizin iş təcrübəsi məsələləri və işlə təminatı təşkilatın ən əsas fəaliyyət istiqamətlərindəndir. Əlavə məlumat üçün oxucularınız təşkilatın internet səhifəsini ziyarət edə bilərlər: www.asaif.org.
- Böyük Britaniyada təhsil alan gənclərimizin Azərbaycanın tarixinin, incəsənətinin, mədəniyyətinin və s. təbliğatı naminə gerçəkləşdirmək istədikləri tədbirlərə ASAİF nə cür yardımcı ola bilər? Bunun üçün tələbləriniz nədir və dəstək təminatı necə baş verir?
- ASAİF ilk öncə Böyük Britaniyada təhsil alan gənclərə mənəvi olaraq dəstəkdir, çünki təşkilat böyük bir şəbəkədir və bura qoşulan gənclər özlərini böyük bir ailənin üzvü kimi hiss edirlər. Təşkil olunan tədbirlərə dəstək əsasən təbliğat və qeyri vasitələrin təmin olunması yönündədir. Bizdən dəstək almaq istəyən gənclər saytımız, feysbuk və tvitter səhifələrimiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər. Onlar bizə tədbirləri haqqında məlumat verdikdən sonra biz lazımi vasitələrin təminatı üzrə çalışmalara başlayacıq.
- 2013-cü ildə Böyük Britaniyada xüsusilə tələbələr üçün nəzərdə tutulmuş hansı tədbirlər olacaq?
- 2013-cü ilin 13 fevral tarixində ASAİF və türk tələbələr təşkilatı olan “Tələbələr şəbəkəsi”nin (ing. “Network of Students”) birgə təşkilatçılığı ilə Böyük Britaniya Parlamentində “Avropanın Enerji Təhlükəsizliyinin Təminatı: Azərbaycan və Türkiyənin Rolu” mövzusunu əhatə edən ASAİF London Enerji Forumu keçiriləcəkdir. Tədbirdə həm yerli, həm Azərbaycan, həm də Türkiyəni təmsil edəcək rəsmilər və mütəxəssislər olacaq. Burada 200-dən artıq yerli və xarici tələbə və məzunların iştirakı nəzərdə tutulur. Bundan əlavə, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bir çox universitetdə müxtəlif növ tədbirlərin keçirilməsində ASAİF təşkilatçı və dəstəkçi qismində iştirak edəcək: bura Eksiter, Esseks, Mançester, Şeffild və xüsusilə, Londonda keçiriləcək olan tədbirlər aiddir. Bundan başqa, bu il eyni qaydada bir çox ali təhsil ocaqlarında “Azərbaycan Mədəniyyət Günləri” keçiriləcək.
- Böyük Britaniyadakı tələbələrin iştirak edə biləcəyi başqa hansı beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur?
- Qarşıda ASAİF-in İtaliya Parlamentində baş tutacaq Roma forumu var ki, Böyük Britaniyada təhsil alan gənclər bu forumda iştirak edə bilərlər. Yay fəslində isə yay məktəbləri və ASAİF-in yay forumu keçiriləcək. Bu tədbirlərdə də Britaniyada təhsil alan və məzun olmuş gənclər rahatlıqla iştirak edə biləcəklər.
- ASAİF-in beynəlxalq forumlarındakı iştirakın tələbələr üçün faydası nədən ibarətdir?
- Faydalar, sözün əsl mənasında, çoxdur. Müxtləlif ölkələrdə təhsil alan və məzun olmuş gənclər bir-birləri ilə tanış olma və böyük bir şəbəkəyə daxil olma imkanı əldə edirlər. Dostluqlar qurulur, yeni tanışlıqlar yaranır, bir çox mövzuda, xüsusilə Azərbaycanı xaricdə təmsil etmənin yeni yolları və diaspora məsələləri üzrə xüsusi seminarlar, müzakirələr təşkil edilir. Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid olan həqiqətlərin gənclərimizə çatdırılması və onlarla ictimai fəaliyyət sahəsində təcrübələrin bölüşülməsi təmin olunur. Bundan əlavə, gənclər təhsil aldıqları ölkələrdəki səfirlər ilə üzbəüz görüşmə imkanı əldə edir, Bakıdan gələn bir çox rəsmilərlə tam səmimi şəraitdə həmsöhbət ola bilir və müxtəlif mövzular barədə mütəxəssislərlə müzakirə edirlər. Üstəlik, ASAİF forumlarında tanış olan və bugün ailə həyatı quran və ya bu mərhələdə olan altı cütlüyümüz var. Qısası, ASAİF gənclərimizin həyatına hər mənada müsbət təsir göstərir.
- Böyük Britaniyadakı Azərbaycan gənclərinin ictimai fəallığı digər ölkələrdəki fəaliyyətlərlə müqayisədə necə təsir bağışlayır?
- Başqa ölkələrlə müqayisədə Böyük Britaniyadakı gənclərimizin fəaliyyəti daha yaxşıdır, onlar bir çox Avropa və Asiya ölkələrindəki gənclərdən daha fəaldırlar. Bununla bərabər, Türkiyə, Ukrayna, Belçika, Hollandiya, Belarusiya, Fransa, Çin və Kanadada da gənclərimiz çox fəaldırlar. Fürsətdən istifadə edib, Böyük Britaniyada olan gənclərə üzümü tutaraq onlara indiyədək göstərdikləri fəaliyyətlərinə görə təşəkkür edirəm və bundan da daha fəal olmağa və ASAİF-lə birgə əməkdaşlığa dəvət edirəm.
Söhbətləşdi: Səməd Səfərov
10 Fevral 2013
Birlik – Böyük Britaniyada azərbaycanca nəşr olunan ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk