Oktyabrın 18-də Bakıda VII beynəlxalq "The First 2016" mükafatlandırma mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirin təşkilatçısı Xəyal Rza bildirib ki, gecədə Əməkdar artist Elza Seyidcahan "İlin müğənnisi" , müğənni Tacir Şahmalıoğlu isə "İllərin sənətkarı" mükafatı ilə təltif olunub:
"Bu mükafat yalnız mədəniyyət sahəsində olan insanlara yox, elm, idman və müxtəlif sahədə uğur qazanan şəxslərə də verilir. Hər il bir müğənni "İlin müğənnisi" nominasiyasında mükafat qazanır.
Ötən il bu nominasiyada Xalq artisti Faiq Ağayev mükafata layiq görülmüşdü. Bu il isə Əməkdar artist Elza Seyidcahan mükafat qazandı. Ötən il Xalq artisti Ağadadaş Ağayev "İllərin sənətkarı" mükafatına layiq görülmüşdüsə, bu il həmin mükafat Tacir Şahmalıoğluya nəsib oldu".
Gecədə türkiyəli müğənnilər Hande Ünsal "Ən yaxşı çıxışa görə", Mehmet Özkaya "Türk sənət musiqisindəki xidmətlərinə görə" mükafatla təltif olunublar.
Tədbirdə millət vəkili Qənirə Paşayeva, müğənnilər Manaf Ağayev, Sevil İsgəndərli, Orxan Babazadə, Şəbnəm Tovuzlu, Emil Bədəlov, Hacı Nazim, modelyer Gülnarə Xəlilova və aktyor Cövdət Şükürov da iştirak ediblər.