Rusiyali iş adamı Boris Berezovskinin ölümünün səbəblərini araşdıran Britaniya polisi bildirib ki, ekspertlər onun evində kimyəvi, bioloji və nüvə mənşəli zəhərləyici maddələrin izini axtarıblar, lakin həmin zəhərləyici maddələrin izi aşkar olunmayıb. 67-yaşlı oliqarxın meyidi ötən şənbə Londonun kənarında yerləşən Askot rayonunda yaşadığı evin vanna otağında aşkar olunub. Britaniya polisi Berezovskinin ölümünə nəyin səbəb olması sualına cavabın hələ tapılmadığını bildirib. Bəzi mənbələrə görə, Boris Berezovski son dövrlərdə maliyyə çətinliklərilə üzləşdikdən depressiya vəziyyətində olub.
Berezovski 2000-ci ildən Britaniyada yaşayıb, 2003 ildə ona siyasi sığınacaq verilib. Platon Yelenin adı ilə Britaniya vətəndaşlığını qəbul edib. Rusiyada Berezovski cinayət yolu ilə iri məbləğdə maliyyə vəsaitinin əldə edilməsində və firildaqçılıqda ittiham edilərək 13 illik həbs cəzasına məhkum olunmuşdu. Rusiya dəfələrlə Britaniyadan onun ekstradisiya olunmasını tələb edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölümündən qabaq Boris Berezovski prezident Putinə məktub yazaraq bağışlanmasını və rusiyaya dönmək üçün icazə istəyib.
Ölümündən bir neçə gün əvvəl isə “Forbes” nəşrinə son müsahibəsində Boris Besrezovski həyatın onun üçün mənasını itirdiyini etiraf edib. O, eləcə də bəzi məsələlərə görə peşmançılıq hissi yaşadığına da bildirib.
Qeyd edək ki, ötən il Londonda Boris Berezovski Londonda yaşayan digər bir Rusiyalı oliqarx Roman Abramoviçə məhkəmə çəkişməsini uduzub.
Berezovski Abramoviçi 2000 ildə “Sibneft” şirkətindəki payını gerçək dəyərindən xeyli ucuz satmağa məcbur etməsində ittiham etmişdi və iddiasi təmin edilməmişdi.