Payızda - yağmurlu, çiskinli gündə
Doğuldum. Adımı Oqtay qoydular.
Səsimi eşidib fərəh duydular,
Atamın murazı güldü üzündə.
Adımı pay verdi valideynlər...
Yüz dəftər-kitaba yazıldı adım.
Gördüm xeyirxahlar, qəlbə dəyənlər,
Bəzən tərsinə də yozuldu adım.
Düz seçə bilməkçün şeir kürsümü -
Oxuyub öyrəndim neçə ustadı;
"Rza" götürmüşəm təxəllüsümü,
Rza - razı demək, babamın adı.
Ömrümün əksidir o sökülən dan,
Günəş gülşənimə baxır yaxından.
Ötən yüzillikdə yaranmağımdan,
Ərzə göz açdığım ildən razıyam.
Zirvə qarındakı ağlıq - taleyim,
Toylarda səslənən sağlıq - diləyim.
Gərək yaz gülütək saflıq ələyim.
Xoş söz bağışlayan dildən razıyam.
Bülbül təranəli, çiçəklər rəng-rəng,
Durna qaqqıltısı göyümə gərək.
Qürbətin mərməri nəyimə gərək?
Güyüm düzəltdiyim gildən razıyam.
Nə vaxt yad havalar qopsa neyimdən ,
Üstümə daş-kəsək yağdırın, dostlar!
Nə vaxt razı qalsam şairliyimdən,
Məni təxəllüssüz çağırın, dostlar!