|
|
|
|
Bakı Xoreoqrafiya Akademiyası Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə Akademiyanın Elmi Şura zalında "Maarifçilik dövrünün pedaqoji prinsipləri: bədii təhsil və tərbiyə" mövzusunda elmi seminar keçirilib.
Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli seminarın məqsəd və vəzifələrindən danışıb. Professor qeyd edib ki, müasir pedaqogikada estetik təhsil və tərbiyənin vəhdətdə təşkili və təlimi, ümumi pedaqoji prinsiplərin düzgün forma və metodlarından istifadəsi hər zaman olduğu kimi bu gün də aktualdır və zamanın diktə etdiyi tələblərdən biridir.
Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müəllimi, pedaqogika üzrə elmlər doktoru, professor Tamilla Kəngərli mövzu ilə bağlı geniş məruzə edib. Pedaqoji prinsiplərin, bədii təhsil və tərbiyənin formalaşdığı dövrlərə tarixi ekskurs edən məruzəçi bu sahədə maarifçilik və onun istinad etdiyi İntibah və antik dövr nailiyyətləri barədə məlumat verib. Məruzədə Çex pedaqoqu, yazıçısı və ictimai xadimi, elmi pedaqogikanın banisi Yan Komenskinin elmi yaradıcılığına nəzər salındı, onun pedaqogikanın elm kimi formalaşmasındakı rolu qeyd olunub, bədii estetik tərbiyə, onun sistemli və ardıcıl təhsil səviyyəsinə həsr edilmiş müxtəlif elmi tədqiqatlar dinləyicilərin nəzərinə çatdırılıb.
Məruzə ətrafında Akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə və digərləri çıxış ediblər.
Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və magistr-tələbə heyətinin iştirakı ilə keçən seminar dinləyici suallarının cavablandırılması ilə sona çatıb.