Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub.
Bu barədə APA-ya FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər.
Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.
Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür.