Bir neçə gün əvvəl ilk dərsimiz "Jurnalistikaya giriş" idi.
Hamımız səbirsizliklə zəngin vurulmasını, dərsin başlanmasını gözləyirdik. Çünki ötən dərs müəllimimiz, dosent Akif Rüstəmov bizə demişdi ki, bu gün "Şərq" qəzetinin baş redaktoru, tanınmış qələm sahibi Akif Aşırlını bizə dərs keçməyə dəvət edəcək. Sağ olsun, Akif müəllim də müəllimimizin xahişini yerə salmadı, bizimlə görüşə gəldi. Elə ilk dəqiqələrdən tanınmış jurnalistin bizimlə səmimi söhbəti, mehriban davranışı görüşümüzün səmərəli keçməsinə şərait yaratdı.
60 nəfər Jurnalistika fakültəsinin birinci kurs tələbəsinin Azərbaycan mətbuatının kapitanlarından biri ilə görüşməyinin nə demək olduğunu təsəvvür etmək yəqin ki, elə də çətin deyil. Hamımız yaxşı başa düşürdük ki, belə bir fürsət bir daha əlimizə düşməyə bilər, ən azından yaxın gələcəkdə. Odur ki, sanki hər saniyəmizə qənaət edərək Akif müəllimə onun qələm təcrübəsi, mətbuatımızın tarixi, hazırkı jurnalistika və digər istiqamətlərdə suallar verir, müzakirələr edirdik. O da bizim jurnalistikaya olan marağımızdan, həvəsimizdən daha böyük stimul alaraq sullarımızı usanmadan ətraflı şəkildə cavablandırdı. Əlbəttə, Akif müəllim bizə maraqlı olduğu kimi, biz də gələcəyin media nümayəndələri kimi onun diqqətində idik. Çünki qonağımız da öz növbəsində tələbələrə jurnalistikaya olan maraqlarının haradan qaynaqlandığı, indiyə kimi hansısa mətbu orqanlarda çıxış edib-etməməyimiz barədə suallar verirdi. Şübhəsiz, təcrübəli bir qələm sahibi kimi Akif Aşırlı yaxşı jurnalist olmağın sirlərini də bizimlə bölüşdü. O bildirdi ki, "dördüncü hakimiyyət"in layiqli bir nümayəndəsi olmaq heç də asan deyil. Bunun üçün çox çalışmaq lazımdır: "Jurnalistika elə bir sahədir ki, onun sərhədi yoxdur. Sonsuza qədər irəliləyə bilərsən. Amma bunun üçün gərək iti, qüvvətli qələmin, çoxlu söz ehtiyatın olsun. Buna görə də müntəzəm mütaliə ilə məşğul olmaq vacibdir. O cümlədən, bir neçə xarici dildə, o cümlədən, sərbəst danışıb-yazmaq lazımdır. Unutmayın ki, müasir dövrdə ingilis dili beynəlxalq jurnalistikaya gedən yolda bir növ pasport rolunu oynayır. Bir də, jurnalistin müşahidə qabiliyyəti çox güclü olmalıdır. Çalışın, bunları özünüzdə aşılayın".
Eyni zamanda qonağımız bizə baş redaktoru olduğu "Şərq" qəzeti haqda da məlumat verdi. Məlum oldu ki, adıçəkilən ictimai-siyasi qəzet öz orijinal profili və daha çox xəbər tipli yazılara üstünlük verməsi ilə 20 ildən çoxdur ki, oxucularla görüşə gəlir. Yəni hələ azad sözün, mətbuatın qarşısında qırmızı işıq kimi dayanan senzuranın 1998-ci ilə qədərki dövrünə qədər qəzet nəşr olunub və o vaxtdan bu vaxta kimi müstəqil fəaliyyət göstərir.
Yazımın əvvəlində təsadüfi olaraq demədim ki, Akif Aşırlı bizə dərs keçməyə gəlmişdi. Düzdür, o, bizə konkret bir mövzu ətrafında mühazirə oxumadı. Amma daha vacib olanını etdi: biz-jurnalistika sahəsində hələ ilk addımlarımızı atan gənclərin yoluna bacardığı qədər işıq saçdı, dedi ki, sağa-sola dönmək yox, necə başlamışıqsa, elə də düz istiqamətdə irəliləmək lazımdır.
İnanmıram ki, o gün hansısa tələbə zamanın ləng keçməsini arzulamırdı. Amma vaxt arzu-istəyi nəzərə almır ki... 90 dəqiqənin sonunda hamımız Akif müəllimə yaxınlaşıb, onunla xatirə şəkilləri çəkdirdik. Amma ən böyük xatirəmiz isə ondan aldığımız dəyərli məsləhətlər, maraqlı fikirlər oldu.
Kənan NOVRUZ
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi